QIZIL TAXDI: İlham Zəkiyev prezidentə verdiyi sözə əməl etdi

Paracüdoçumuz İlham Zəkiyev Avropa Oyunlarında ölkəmizin aktivinə 18-ci qızılı yazdırıb. +90 kq-da gözdən əlillərin yarışında idmançımız finalda ukraynalı Aleksandr Ponimovu 2 dəqiqə 4 saniyə ərzində ipponla (təmiz qələbə) qalib gələrək yarışların qızıl medalına sahib olub.
Zəkiyevin final görüşünü Azərbaycan prezidenti İlham Əliyev də tribunadan canlı izləyib. Mükafatlandırma mərasimində iştirak edən ölkə başçısı həm ona, həm də bu çəkidə bürünc mükafata sahib çıxan digər idmançımız Zakir Mislimova medalı təqdim edib.
Mükafatlandırma mərasimi zamanı Azərbaycan prezidenti İlham Zəkiyevlə birlikdə ən yüksək pillə olan fəxri kürsüyə qalxıb.
Daha sonra himnimizin sədaları altında dövlət bayrağımız dalğalanıb.
İdmançımız keçirdiyi döyüşlərlə bağlı təəssüratlarını jurnalistlərlə bölüşüb: "Yarışa yaxşı hazırlaşırdıq. Mənə xəbər verəndə ki, Avropa Oyunlarında güləşəcəm, çox sevindim. Mən bu məsuliyyəti dərk edirdim. Yumşaq zədələr olsa da, Allaha şükürlər olsun ki, həmin zədələr ölkəmizi burada layiqincə təmsil etməyə mane olmadı. Bütün Azərbaycan məndən qızıl medal gözləyirdi”.
Avropa Oyunları tarixi bir hadisə kimi dəyərləndirən cüdoçumuz qələbəsini Azərbaycan xalqına və ölkə prezidentinə həsr etdiyini bildirib: "Bildiyiniz kimi, Avropa Oyunlarının açılışında məşəli alovlandırmaq mənə tapşırılmışdı. Atəşgahda məşəli yandıranda cənab prezidentə dedim ki, ayın 26-da – Silahlı Qüvvələr Günündə güləşəcəm və çalışacam ki, ona qızıl medal hədiyyə edim. Çox şükür ki, bunun öhdəsindən gəldim. Qızıl medalı cənab prezidentə və Azərbaycan xalqına hədiyyə edirəm. Bu gün Həmzə balamın 2 yaşı tamam oldu. Bu medal elə bilirəm ki, ona ən böyük hədiyyə olar”.
İ.Zəkiyev finaldakı döyüşünə də toxunub:” Finaldakı rəqibimlə iki il öncə Avropa çempionatında komanda yarışları zamanı qarşılaşmışdım. O zaman həlledici döyüşdə ona qalib gəlmişdim. Demişdi ki, məğlubiyyətin əvəzini çıxacaq. Gördüyünüz kimi ona yenə qalib gəldim”.
AO qalibi təltif etmə mərasimində prezidentlə arasında baş tutan dialoqa da aydınlıq gətirib: "Ona dedim ki, "Cənab prezident, əsgər Zəkiyev sizin verdiyiniz döyüş tapşırığını yerinə yetirdi. Mən sizə söz vermişdim və sözümə əməl edərək Silahlı Qüvvələr Günündə qazandığım bu medalı sizə hədiyyə edirəm”.
Vüqar Şahinoğlu