Adanada 11 yaşlı qızına təcavüz etdiyi üçün nikahsız yaşadığı 48 yaşlı Əmrullah Bayquşu tapança ilə başından vuraraq öldürmək cinayətindən ömürlük həbs cəzasına məhkum edilən 34 yaşlı Dərya İşıkın cəzasını Ali Məhkəmə ləğv edib. Məhkəmə heyəti yenidən mühakimə olunan Dərya İşıkın cəzasını yüngülləşdirərək 15 ilə qədər azaldıb.
Qeyd edək ki, hadisə mərkəz Yürəgir rayonu Yeşilbağlar məhəlləsində 8 mart 2013-cü il tarixində baş verib. Kənd təsərrüfatı işləri ilə məşğul olan Dərya İşık işsiz Əmrullah Bayquş ilə cinayətdən 12 il əvvəl dini nikahla həyatını birləşdirib. Bu yaşayışlarından 4 uşaq sahibi olan cütlüyün ən böyük qızları Ə. anasına, "Atam mənə təcavüz edir”, - deyə şikayət edib. Qızının iddiasına inanmaq istəməyən qadın, ərinə "Mən dükana çörək almağa gedirəm” - dedikdən sonra qızının otağında gizlənib. İddiaya görə, Dərya İşık bir müddət sonra həyat yoldaşı Əmrullah Bayquşun doğma qızı Ə.-yə cinsi təcavüz etdiyinin şahidi olub. Səhəri gün İşık Əmrullah Bayquşu yatarkən başından atəş açaraq öldürüb.
Polisə təslim olan İşık həbs olunarkən, istismara uğradığı iddia olunan Ə. ilə qardaşları qoruma altına alınıb. Dərya İşık isə ittiham olunduğu Adana 9-cu Ağır Cəza Məhkəməsində özünü bu cür müdafiə edib: "Bir xanım və ana kimi bu durumu qəbul edə bilmədim və onu öldürdüm. Sonra da könüllü olaraq polisə təslim oldum”. Məhkəmədə zərərçəkmiş qismində ifadəsi alınan Ə. də atasının onu zorladığını deyib. Məhkəmə heyəti isə Dərya İşıka güzəştsiz ömürlük həbs cəzası verib. Amma qaldırılan vəsatət fonunda Ali Məhkəmə 1-ci Cəza Dairəsi Dərya İşıkın Əmrullah Bayquşu yuxusunda öldürməsi səbəbilə bədən baxımından özünü müdafiə etməyəcək adamı öldürmə cinayətindən ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilməsini və qızının təcavüz edilməsi səbəbilə də haqsız təhrik müddəalarının həyata keçirilməsini istəyərək qərarı ləğv edib. Bu qərarın ardından 9-cu Ağır Cəza Məhkəməsində yenidən hakim qarşısına çıxan Dərya müdafiəsini təkrarlayaraq peşman olduğunu deyib. Məhkəmə heyəti öncə Dərya İşıkı ağırlaşdırılmış ömürlük həbsə məhkum edib. Sonradan hadisənin haqsız təhrik altında gerçəkləşdiyinə qərar verən məhkəmə, yaxşı hal endirimi ilə cəzanı 15 ilə qədər azaldıb. Eyni zamanda Dərya qanunsuz silah cinayətindən 1 il 8 ay həbs cəzasına məhkum edilib və həbs müddətinin davamına qərar verilib.