Qocalara əlvida!

Təhsil naziri müsabiqə yolu ilə məktəblərin idarəçiliyinə gənc kadrları çəkmək istəyir“Sovet dövründən qalma ənənələrlə məktəb idarə edənlər nisbətən azalacaq”
Təhsil naziri Mikayıl Cabbarov "Ümumi təhsil müəssisələri rəhbərlərinin hazırlanması və seçimi üzrə müsabiqənin keçirilməsi barədə” əmr imzalayıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yeni əmrə əsasən, Sumqayıt və Gəncə şəhərləri, Abşeron, Xızı, Göygöl, Samux, Goranboy və Daşkəsən rayonlarında ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinin tutulmasının müsabiqə yolu ilə həyata keçirilməsi qərara alınıb.
Yeni müsabiqə mexanizminin tətbiqi sayəsində direktorların öz işlərini daha səmərəli qurması və gələcəkdə yarana bilən vakansiyaları doldurmaq məqsədilə 2016-cı ilin yanvar ayından Sumqayıt və Gəncə şəhərlərində qeyd edilən şəhər və rayonlar üzrə məktəb rəhbərlərinin hazırlanması üzrə təlimlər təşkil olunacaq.
Verilən əmrlə bağlı "Şərq”ə danışan təhsil eksperti Nabatəli Qulamoğlu təhsil sahəsində bu kimi tədbirlərin həyata keçirilməsinə ehtiyac yaradan amillərdən biri kimi yol verilən qanunsuzluqları, korrupsiya hallarının təkrarlanmasını qeyd edib: "Əslində təhsil sahəsində ciddi islahatlara hər zaman ehtiyac vardır və hazırda atılan bu addım da yeni deyil. İndiyə qədər kütləvi şəkildə tətbiq olunması mümkünləşdirilə bilməsə də, bir neçə məktəb direktorunun müsabiqə yolu ilə həmin vəzifəni idarə etməsi reallaşdırılıb. Hesab edirəm ki, bu təqdirəlayiq təşəbbüsün həyata keçirilməsi sayəsində məktəb idarəsinə daha gənc kadrlar cəlb olunacaq və Sovet dövründən qalma ənənələrlə məktəb idarə edənlər nisbətən azalacaq. Bu proses uzunmüddətlidir və bir əmr fərmanı ilə bütün ölkə ərazisində fəaliyyət göstərən məktəbləri prosesə cəlb etmək asan deyil. Bu sahədə nailiyyətlərin əldə olunması üçün daha sürətli aparılması şərtilə davam etdirilməlidir”.
N.Qulamoğlu müəyyən zaman müddətində məktəb direktorları ilə yanaşı, artıq direktor müavinlərinin, təhsil sahəsində çalışan digər şəxslərin də müsabiqə və ya imtahan yolu ilə vəzifəyə seçilməsinin də reallaşdırılacağını deyib: "İstənilən halda əminliklə bildirmək lazımdır ki, müsabiqə yolu ilə seçilən gənc direktorlar yaşlılardan daha bacarıqlı, inkişaf etmiş, operativ düşüncəyə sahib, psixoloji və idarəetmə keyfiyyətləri yüksək olan kadrlardır. Bu artıq dünya təcrübəsində də mövcud olan bir haldır ki, bəzi ölkələrdə məktəb direktorları, onların müavinləri müsabiqə, imtahan metodları ilə yanaşı, valideynlərin, pedaqoji kollektivin, hətta bacarıqlı, aktiv şagirdlərin iştirakı ilə seçki vasitəsilə də seçilir. Bunun sayəsində insanların etibarını qazana bilən direktor artıq təhsildə daha səmərəli fəaliyyət göstərməyə çalışır. Nəticədə tədris prosesinin effektivliyinə zəmanət yaranmış olur”.
Aysel Aslan