Qonşularda “donuz qripi” var

Bu ölkələrə gedən vətəndaşlarımız tibbi maskalardan istifadə etməlidirlər
Dünyanı qorxuya salan, minlərlə insanın ölümünə səbəb olan "donuz qripi” virusu yenidən yayılıb. 2009-cu ildə böyük pandemiyaya çevrilən və uzun fasilədən sonra yenidən əhatə dairəsini genişləndirən öldürücü virus artıq qardaş ölkədə də onlarla can alıb. Əvvəllər daha çox Afrika ölkələrində, Uzaq Şərqdə yayılan bu virus artıq okeanın bu tayına da keçib. Hazırda bütün dünya bu pandemiyaya qarşı mübarizəyə başlayıb. "Donuz qripi”nin arealı genişləndikcə, virusa yoluxmaq qorxusu artır. Bir addımlığımızda olan virus sərhədlərimiz boyunca ölkəmizi mühasirəyə alıb. Sözsüz ki, virusun qonşu Türkiyə və İranda, Gürcüstanda aşkar edilməsi Azərbaycanı təhlükə ilə üz-üzə qoyub. Ölkəmizin bir addımlığında "donuz qripi”nin sürətlə yayılması virusun Azərbaycana keçəcəyi ehtimalını artırır.
Qeyd edək kii, Türkiyədə bir gündə 8 nəfər AH1N1 (donuz qripi) virusundan ölüb. Türkiyənin Səhiyyə naziri Mehmet Müəzzinoğlunun sözlərinə görə, ölənlərin 6 nəfəri xroniki xəstəliyi olan və 65 yaşdan yuxarı olan vətəndaşlardır. Onların immunitet sistemi zəif olub”.
Nazir açıqlamasında "donuz qripi”ndən 1 hamilə qadının da dünyasını dəyişdiyini bildirib: "Ölənlərdən biri hamilə xanımdır. Digəri isə hər hansı bir sağlamlıq problemi olmayan bir gənc vətəndaşımızdır”.
Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Şərq”ə verilən məlumata görə isə hazırda ölkəmizdə vəziyyət stabildir, virusa qarşı profilaktik tədbirlər görülüb: "Qripə tutulması şübhə doğuran xəstələrin, xüsusən uşaqların və yaşlı insanların hospitalizasiyası üçün xüsusi palataların ayrılması, lazım gəldikdə tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi qoruyucu vasitələrlə təmin edilməsi, dezinfeksiya işlərinin aparılmasına xüsusi diqqət yetirilməsi nəzərdə tutulub”.
Nazirlikdən o da bildirilib ki, hazırda ölkədə epidemioloji durum tam stabildir və vəziyyət ciddi nəzarət altındadır.
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi də öz növbəsində qonşu ölkələrdə yayılan "donuz qripi” ilə bağlı Azərbaycanda respirator (nəfəs yolu) infeksiyalara yoluxan bütün xəstələrə müraciət edib.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyevanın sözlərinə görə, kəskin respirator xəstəliklərini ağır keçirənlərlə yanaşı, adi respirator infeksiyalara yoluxan bütün xəstələr də ərazi üzrə poliklinikaların həkimlərinə müraciət etməli və onlar da həkim təyinatı ilə müalicə edilməlidirlər.
Azərbaycanla qonşu ölkələrdə "donuz qripi”nin olduğunu deyən direktor müavini bildirib ki, indiyədək başqa ölkələrə gedib-gələn insanlardan "donuz qripi” ilə əlaqədar müayinə olunması üçün müraciət edən olmayıb: "Bugünədək də Azərbaycanda bu xəstəlik qeydə alınmayıb. Çünki Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasında kəskin respirator virus xəstəliklərini ağır keçirən bütün xəstələrin virusoloji laborator müayinələri aparılır. İndiyədək aparılan müayinələrin nəticəsində heç bir xəstədə qrip virusları aşkar edilməyib. Xəstələrdə nə A, nə də B virusları aşkarlanmayıb. Əgər laborator təsdiq yoxdursa, onda qripin də Azərbaycanda olması təsdiq edilmir. Hazırda insanlarda kəskin respirator virus infeksiyaları müşahidə edilir. Bu da mövsümi səviyyədə olan xəstəlikdir”.
Tibb elmləri doktoru Adil Qeybulla isə deyib ki, qonşu ölkədə hər hansı virusun yayılması faktı mövcuddursa, vətəndaşlarımız ehtiyatlı olmalıdır: "İlk növbədə sərhəd-keçid məntəqələrində güclü nəzarət, həkim-ekspert qrupları işləməlidir. Azərbaycana gələnlər ciddi şəkildə yoxlanmalıdır, yoluxma şübhəsi olanlardan poliklinikalara müraciət edib, lazımi analizləri vermələri tövsiyə edilməli və belə vətəndaşlar həkim nəzarətindən kənar qalmamalıdır. Virusun əlamətləri yuxarı-tənəffüs yollarının xəstəliklərinə oxşar olduğundan vətəndaşlar çox zaman ciddi əhəmiyyət vermir, adi soyuqdəymə sanıb müalicə olunmağı lazım bilmirlər. Amma adi soyuqdəymə sandığımız xəstəlik ağır fəsadlar verə bilir. Məsləhətdir ki, vətəndaşlarımız qonşu ölkələrə səfər edərkən tibbi maskalardan istifadə etsinlər. Çünki bu virus hava-damcı yolu ilə yayılır. "Donuz qripi” tənəffüs yollarının xəstəliyidir və H1N1 virusu ilə yoluxma səbəbindən inkişaf edir. Bu virus tipik "donuz qripi” virusundan fərqlənir. Virusun bəzən donuz fermalarında işləyən insanlara yoluxmasına rast gəlinir, amma bu, onların həyatı üçün ciddi təhlükə yaratmır. Hətta xəstə insanlardan digərlərinə yoluxma hallarına da az-az rast gəlinir. Amma H1N1 tipik "donuz qripi” viruslarından fərqli olaraq asan və sürətlə yayılır. 2009-cu ilin iyun ayında Ümumdünya Səhiyyə Təşkilatı N1N1 virusunun pandemiyasını rəsmən elan edib. H1N1 virusuna qarşı vaksin işlənilib və hazırda bir çox ölkələrdə tətbiq edilir.
"Donuz qripi”nə yoluxmuş insanın nəfəs alması, asqırması zamanı virus hava ilə sağlam insanın burun boşluğuna və ya gözlərinə düşə bilər ki, bu da yoluxmanı təmin edir. Viruslar bərk səthlərdə də qala bilir və belə səthlərə toxunan əllər yuyulmasa, yemək zamanı yoluxma vasitəsi ola bilər. Ona görə də vətəndaşlar hər zaman şəxsi gigiyena qaydalarına riayət etməlidirlər. Hətta adi vaxtlarda da, heç bir xəstəlik əlaməti yoxdursa belə, evə gələrkən əllərini sabunla yaxşı-yaxşı yumalı, yuyulmamış əllə qida qəbul etməməli, asqırarkən ağzını dəsmalla tutmalı, mümkün qədər ictimai yerlərdə tibbi maskalardan istifadə etməlidirlər. Bununla həm öz sağlamlıqlarını təminat altına alar, həm də ətrafdakıları yoluxma riskindən azad edərlər”.
Şəymən