Mayın 13-də keçirilən III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayan Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbin XI sinif şagirdi Elvin Kərimlinin "Sherg.az”a müsahibəsini təqdim edirik:
-Ali məktəbə qəbul imtahanına hazırlaşarkən repetitor xidmətindən yararlanmısan, yoxsa... ?
-Əslində birinci sinifdən orta məktəbi bitirənə qədər bütün fənləri sistemli oxumuşam. Artıq 9-cu sinfin bitməyinə az qalmış III ixtisas qrupunu seçməyi qərara aldım. Bu istiqamətdə hazırlaşdığım 10-11-ci siniflərdə həm sinif müəllimlərinin, həm də fərdi hazırlıq keçən müəllimlərin sayəsində ən yüksək göstəriciyə nail oldum.
-Yay imtahanlarına qatılmağı düşünürsənmi?
-Artıq maksimal balı toplamışam. Ona görə, yenidən imtahana girməyə ehtiyac görmürəm. Həm də yeni tədris ilinə qədər istirahət etmək fikrim var. Ali məktəbə qəbul imtahanlarına hazırlaşmaq çox yorucu prosesdir. Ona görə, özümə bir qədər vaxt ayıracam.
-Hansı ixtisası seçəcəksən?
-Hüquqşünaslıq üzrə ali təhsilimi davam etdirmək istəyirəm. Amma hələlik, seçəcəyim ali təhsil müəssisəsini müəyyənləşdirməmişəm.
-Əksəriyyət hüquqşünaslığı yüksək bal topladığına görə, yazır. Sənin də səbəbin maksimum nəticə göstərməyindir, yoxsa hüquqşünas olmaq arzundur ?
-Hüquqşünaslığa marağım Azərbaycan Respublikası Konstitusiyasını oxumağa başladıqdan sonra yarandı. Orta məktəbdə tədris edilən konstitusiya materiallarından əlavə müxtəlif maddələri oxumağa başladım və geniş məlumatlar əldə etməyə can atdım. Ona görə, hüquqşünaslığa sevgim yarandı.
Seçdiyim ixtisasın keçid balının yüksək olması bir qədər insanı qorxudur. Amma "qorxan gözə çöp düşər". Mən də qısa zaman sonra qorxumu yendim və ən yüksək nəticəyə çalışdım.
-Ali məktəb seçimində hansı meyarları nəzərə alacaqsan?
-Qəbul imtahanlarından sonra bəzi universitetlərə açıq qapı günü elan edilir. Həmin günlərdə iştirak edib, nəzərimdəki universitetlərin təhsil səviyyəsi, xarici ali təhsil müəssisələri ilə əlaqələri, onlarla bağladıqları müqavilələr, yaradılan şəraiti dəqiqləşdirəcəyəm. Artıq bütün suallarıma cavab tapdıqdan sonra seçimimi edərəm.
-Maksimal nəticəni göstərmisən. Bu uğuruna diqqət necə oldu?
-Mənim nəticəm 45 nömrəli tam orta məktəbin tarixində bir ilk oldu. Ona görə, bu gün məktəbimizdə bayram əhval-ruhiyyəsi yaşanırdı. Bütün dostlarım, sinif yoldaşlarım, müəllimlərim və məktəbimizdə oxuyan, demək olar, hər kəs məni təbrik etdi. Bütün qohumlarım sevinirdi. Xüsusilə, valideynlərim əziyyətimizin yerdə qalmadığına görə, çox məmnun oldular.
-Gələcəkdə təhsilini xarici ölkələrdə davam etdirmək fikrin varmı?
-Əlbəttə, var. Niyə də olmasın. Xarici təhsil, məncə, uğura can atan hər bir insan üçün vacibdir. Ona görə, bakalavr təhsilimi Azərbaycanda bitirib, magistratura təhsilimi hansısa Avropa ölkəsində davam etdirməyə çalışacağam.
Aysel Aslan