Qubad İbadoğlu vətənə müvəqqəti gəlib

Hərəkat lideri marta qədər ABŞ-da qalacaq
ADR-in qeydiyyatdan keçməsi üçün bütün sənədlər hazırdır, Qubad bəy də imzasını atıb


Bir ilə yaxındır ABŞ-da olan İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, "Azərbaycan Demokratiya və Rifah” (ADR) Hərəkatının sədri Qubad İbadoğlu artıq Azərbaycana geri dönüb. Bu barədə "Şərq”ə məlumat verən ADR-in sədr müavini Vurğun Əyyub Q.İbadoğlunun hansı səbəbdən Vətənə qayıtdığını açıqlayıb:

"Qubad bəy ölkədə müvəqqəti qalacaq və yaxın günlərdə yenidən ABŞ-a yollanacaq. O, Qırğızıstan hökumətinə büdcənin formalaşdırılması ilə bağlı məsləhətlər verməyə gəlmişdi. Qırğızıstana gəlmişkən, öz Vətəninə də baş çəkmək istəyib və Azərbaycana gəlib. Amma sədrimizin xaricdəki proqramı tam şəkildə martın sonlarında yekunlaşacaq. O vaxta kimi ABŞ-da qalacaq. Martın sonunda isə birdəfəlik Azərbaycana geri dönəcək”. ADR sədri ilə görüşlərin keçirildiyini və müzakirələrin aparıldığını deyən V.Əyyub bildirib ki, sədr xaricdə olarkən belə daim təşkilatın işi ilə maraqlanıb və öz yoxluğunu hiss etdirməyib: "Qubad bəy sədr olaraq ADR-in işi ilə mütəmadi məşğul olurdu. O, ABŞ-da olanda İdarə Heyətinin gündəliyinin formalaşmasında yaxından iştirak edirdi. Hərəkatın müxtəlif mövqelərini əks etdirən sənədlərin, bəyanatların hazırlanmasında Qubad bəyin birbaşa rolu var”. V.Əyyubun sözlərinə görə, ADR sədrinin gəlişindən sonra qurumun dövlət qeydiyyatına alınması məsələsi də öz həllini tapacaq: "Xeyli vaxt idi ki, Ədliyyə Nazirliyinə müraciət üçün hazırlıqlar gedirdi. Artıq sənədlərin hamısı hazırdır. Elə indicə bu məsələləri müzakirə edirik. Yaxın günlərdə Qubad bəyin imzası ilə nazirliyin tələb etdiyi sənəd onlara təqdim olunacaq. Sadəcə sədr ölkədə olmadığından bu proses bir qədər ləngiyirdi”.

İsmayıl