"Qüds olayı Amerikanın siyasətinə kölgə saldı" - Aktual şərh






"Dünyada baş verən hər gərginliyə görə, III Dünya müharibəsinin başlayacağı fikri ortaya atılır”.

Bunu "Sherg.az”a Qəzzada baş verənləri analiz edərkən politoloq Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, Amerikanın Qüdsə müdaxilə ilə bağlı İsrailə dəstək verməsi Yaxın Şərqdə vəziyyəti gərginləşdirir:

"Çünki Amerika Fələstin-İsrail münaqişəsində uzun illər tərəfsizliyini qorumaq siyasəti yürüdür, hər iki tərəflə dialoq aparırdı. Amma ABŞ prezidenti Donald Trampın son addımları Qərb dövlətinin tərəfsizliyini pozdu. Prezidentin Qüdsü İsrailin paytaxtı kimi tanıması, səfirliyi ora köçürməsi Amerikanın siyasətinə kölgə saldı.

Qəzza bölgəsində böyük toqquşmaların baş qaldıracağını düşünmürəm. Bir müddət sonra gərginlik səngiyəcək. Amma Yaxın Şərqdə stabilliyi əldə etmək lazımdır ki, qarşıdurmalar azalsın. Buna nail olmaq isə çətindir. İran və İsrailin Suriyada toqquşması, nüvə razılaşmasından çıxılması bölgədə gərginliyi saxlayır”.

Vaxtaşırı bütün dünyaya yayılan III Dünya Müharibəsi mesajına gəlincə, E.Şahinoğlu düşünür ki, bunun səbəbi dünyadakı ciddi siyasi problemlərdir:

"Rusiyanın Ukrayna ərazisini işğal etməsi, Gürcüstanda müharibə, Dağlıq Qarabağ problemi Suriyadakı toqquşmalar, İran-ABŞ gərginliyi və s. hazırda aktualdır. Ona görə, ekspertlər gərginlik yarandıqda həyəcanlı ehtimallar ortaya atırlar ki, dünya müharibəsi başlaya bilər.

 Amma belə riskin baş verəcəyini düşünmürəm. Çünki II Dünya müharibəsindən sonra böyük dövlətlər nüvə silahlarına sahib oldular. Həmin silahların işə düşməsi milyonlarla insanın tələf olması, bütün ətraf-aləmin dağılması deməkdir. Ona görə, bəzi gərginliklər olsa belə, ciddi müharibə təhlükəsi formalaşdırılmır.

Hesab edirəm ki, dünya dövlətləri terrorçuluğa qarşı birləşib, mübarizə aparmalıdır. Çünki nüvə silahları terrorçuların əlinə keçərsə, bu, fəlakətə gətirib çıxarar”.

Qeyd edək ki, dünya dövlətlərinin əksəriyyəti İsrail-Fələstin münaqişəsinin alovlanmasına sərt reaksiya verib. İsveç XİN-in bəyanatına görə, Amerika səfirliyinin Qüdsə köçürülməsi regionda vəziyyətin gərginləşməsinə səbəb olan faktorlardan biridir və fələstinlilərlə İsrail arasında mayın 14-də baş verən zorakılığa görə ABŞ məsuliyyət daşıyır.

Aysel Aslan