Azərbaycanda güclü zəlzələlər gözlənilən zonalar açıqlanıb. Respublika Seysmoloji Xidmət Mərkəzinin 2015-ci il üzrə Elmi və Elmi-Təşkilati Fəaliyyəti üzrə Hesabatına əsasən geomaqnit sahə gərginlikləri variyasiyalarının və qradient artımlarının analizi Şəki-Şamaxı və Kürətrafı-Talış proqnostik poliqonlarındakı gərgin-deformasiya zonalarını əhatəyə almağa imkan verib.
Bunlar İsmayıllı, Şamaxı, Şəki, Oğuz, Zaqatala-Balakən və Talış uzunmüddətli gərginlik-deformasiya zonalarıdır. Həmin zonalar güclü zəlzələlərin baş verə biləcəyi zonalar kimi qiymətləndirilir. Bundan başqa, Balakən, Zaqatala, Şəki, Oğuz seysmogen zonalarında, İsmayıllı-Şamaxı rayonu ərazisində təkrar qravimetrik ölçülərin aparıldığı müşahidə məntəqələri ətrafındakı sahələrdə, yəni Zaqatala, Qax, Şəki, Oğuz və İsmayıllı - Şamaxı - Cəngi rayonlarında, qismən isə Qəbələ rayonunda mühitin gərginlik vəziyyətinin artımı müşahidə olunur. Hesabatda o da qeyd edilib ki, Azərbaycan ərazisinin yer qabığının qabarma variyasiyalarının təhlili tədqiqatın məqsədi ilə yüksək dəqiqəli 3 ədəd qravimetrik stansiyaları açılıb.
Məsələyə münasibət bildirən Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli "Şərq”ə söyləyib ki, güclü zəlzələ baş verən zonaların adlarının açıqlanması o demək deyil ki, həmin zonalarda zəlzələ olacaq. Qurum rəsmisinin sözlərinə görə, heç bir təhlükə gözlənilmir: "Hazırda bütün seysmoaktiv bölgələrdə seysmiklik fon səviyyəsindədir. Hər gün zəif, hiss olunmayan təkanlar olur. Məsələn, dünəndən bu günə 10-15 təkan qeydə alınıb, lakin heç kim hiss etməyib. Bunu ancaq cihazlar qeydə alır. Şamaxıda maqnitudası 0,7-dən 2,5-ə qədər olan təkan baş verib. Qubada da 5 təkan qeydə alınıb. Onların maqnitudası 0,7-2,8 olub. Gədəbəydə - 0,5 Qəbələdə 2, Ordubad 0,8, Lənkəran 0,4 Zaqatala 2, Qax - 2 maqnitudalı təkanlar baş verib. Bir daha qeyd edirəm, elə gün yoxdur ki, təkan olmasın. Amma bu hələ aktivlik anlamına gəlməli deyil. Aktivlik o vaxt başlayır ki, belə təkanlar davamlı xarakter alır. Amma indi heç bir zəlzələ ocağında aktivlik müşahidə olunmur. Güclü zəlzələnin baş verəcəyi gözlənilmir. Heç kim narahat olmasın, qorxulu heç bir şey yoxdur”.
Ayyət Əhməd