Rusiyanın bəzi bölgələrindən Azərbaycana quş ətinin idxalı qadağan edilib
Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi Rusiyanın 36 quşçuluq müəssisəsindən quş əti idxalını dayandırıb. Buna səbəb quş qripi təhlükəsidir. Nazirliyin saytında bildirilir ki, beynəlxalq epizootik büro Rusiyanın Kursk, Penze, Samara bölgələrində yüksək patogen quş qripi qeydə alıb.
Bu səbəbdən Qazaxıstan Rusiyadan bütün quş əti məhsullarının, eləcə də, yumurtanın idxalını qadağan edib.
Xatırladaq ki, bundan əvvəl Belarus Rusiyanın Kostroma vilayətindən quş əti idxalını dayandırmışdı.
Bu qərara səbəb vilayət ərazisində ev quşlarında quş qripinin qeydə alınması idi. Bundan başqa, Kostromadan Belarusa yumurta, quş yemi və digər məhsulların idxalı da qadağan olunmuşdu.
Azərbaycanda quş əti istehsalı yerli bazarı təmin etsə də, yemə olan tələbatın yalnız 10-15 faizi yerli istehsal hesabına ödənilir. Azərbaycana Ukrayna, Rusiya, Qazaxıstan kimi ölkələrdən quş yemi idxal olunur.
Respublika Quşçular Cəmiyyətinin (RQC) sədri Aydın Vəliyev bildirir ki, Azərbaycan quş yemi kimi Rusiyadan qarğıdalı, buğda idxal edir:
"Hazırda biçin başlamayıb, biçindən sonra məsələyə baxacağıq. Bu məhsulların yararlı olub-olmadığı yoxlanılacaq”.
O ki qaldı quş qripi təhlükəsinə, A.Vəliyev yerli quşçuluq təsərrüfatlarında hər hansı xəstəliyin olmadığını bildirdi:
"Azərbaycan Rusiyadan nə toyuq, nə də yumurta idxal edir. Bu baxımdan, istehlak bazarında hər hansı təhlükə yoxdur”.
Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli "Şərq”ə açıqlamasında vəziyyətdən xəbərdar olduqlarını dedi:
- Bizdə də bu məlumatlar var. Beynəlxalq Epizootik Büro bu məlumatları tərəfdaşlarına göndərir. Beynəlxalq Epizootik Büronun təlimatı nəzərə alınaraq Azərbaycan da həmin ərazilərdən quş və quş əti məhsullarının idxalına məhdudiyyət qoyub. Adı çəkilən bölgələrdən həm diri quş, həm də quş əti məhsulları və yumurtanın Azərbaycana idxalı qadağan edilib. Bundan bir müddət əvvəl də Moskva və Moskvaətrafı vilayətlərdə quş qripi aşkarlanmışdı. O zaman da Baytarlıq Xidməti o bölgələrdən quş və quş əti məhsullarının idxalına qadağa qoydu. Daha o bölgələrdən heç bir quş əti məhsulu almırıq. Y.Xanvəli qeyd etdi ki, Rusiya vilayətlərində yayılmış "quş qripi” virusu təhlükəsinə qarşı Azərbaycan bütün lazımi tədbirləri həyata keçirir.
Məlahət Rzayeva