Ramazan çaşqınlığı...

Oruc tutmağa mayın 16-da başlayaq, yoxsa 17-də?




Azərbaycanda müsəlmanların müqəddəs Ramazan ayının 1-i may ayının 17-nə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, bu, idarənin tərtib etdiyi təqvimdə əks olunub.

Təqvimə görə, Ramazan ayının son günü iyunun 14-nə təsadüf edir. Ramazan bayramı, Şəvval ayının 1-i və 2-si isə iyunun 15-16-na təsadüf edir.

Ramazan ayının başlanması ilə bağlı Qazilər Şurasının fətvasınınsa bu gün açıqlanacağı gözlənilir.
Lakin ölkənin müsəlman əhalisi arasında Ramazan ayının başlanması ilə bağlı "ənənəvi” çaşqınlıq yenə yaranıb. Müəyyən qisim qardaş Türkiyədə Ramazan ayının mayın 16-sından başlandığını əsas gətirərək Azərbaycanın niyə bir gün geri qalmasının səbəbini bilmək istəyir. Və Türkiyə təqvimi ilə mayın 16-dan etibarən oruclu olacağına qərar verənlər də az deyil.

Məsələ ilə bağlı "Şərq”ə danışan ilahiyyatçı Əkrəm Həsənov qeyd etdi ki, Azərbaycanda rəsmi qaydada hansı gün Ramazan ayının başlandığı elan edilirsə, əhalinin də buna uyğun davranması məsləhətdir:

- Qafqaz Müsəlmanları İdarəsi ölkəmizin yerləşdiyi coğrafi bölgəyə uyğun qərar verir və bu məsələdə Şamaxı Astrofizika Rəsədxanasının rəyini əsas götürür. Rəsmi şəkildə hansı gün Ramazan ayının başlanğıcı və Ramazan bayramı günü təyin edilirsə, əhalimizə də məhz o günü Ramazanın başlanğıcı kimi qəbul etmək və o gün bayram etmək məsləhətdir. Əgər kimsə bir-iki gün əvvəlcədən oruca başlayırsa, bu da hər kəsin şəxsi istəyi, şəxsi seçimidir.

Ə.Həsənov bildirdi ki, belə məsələlərdə ixtilaf salmaq düzgün deyil:

- Türkiyədə təqvimlə hərəkət edirlər, Ayın hilalını nəzərə almırlar. Səudiyyə Ərəbistanı da bu cür hərəkət edir və bəzən tutulmamış bir günün orucunun əvəzinə ödəyirlər. Bizdə isə Ayın hilalının doğmasına görə hərəkət edilir və hicri-qəməri təqvimi buna əsasən tərtib edilir.
Ə.Həsənov bu məsələdə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasının açıqlanmasını gözləməyi məsləhət bildi.

Məlahət Rzayeva