Ramiz Əzizbəyli əlil arabasını atdı

Xalq artisti artıq özü gəzməyə başlayıb




Bir müddət əvvəl səhhəti pisləşən Xalq artisti Ramiz Əzizbəylinin durumu onu sevən hər birimiz üçün maraqlıdır. Sənətçi ilə əlaqə yaratmağa çalışdıq. İlk əvvəl telefonumuza Xalq artistinin həyat yoldaşı Zümrüd xanım cavab verdi.

Bildirdi ki, şükür, indi vəziyyəti yaxşıdır. Daha sonra Ramiz müəllimin özü ilə danışmaq imkanımız oldu. Hal-əhval tutduqdan sonra maraqlandıq ki, xəstə olduğu dönəmdə umu-küsü qaldığı, gileyləndiyi kimsə olubmu. Onunla maraqlanan varmı? Ramiz Əzizbəyli "Şərq”ə bunları dedi: "Mən gileylənməyi sevən adam deyiləm. Şükür Allaha, indi yaxşıyam. Müalicələrim davam edir. Çünki xəstəliyim elədir ki, həmişə həkim nəzarəti altında olmalıyam. Getdikcə özümü daha yaxşı hiss edirəm və yavaş-yavaş sağalıram. Mətbuat səhhətimin ağır olduğunu yazmışdı. Deyəsən, məni istəyənləri qorxutdum. Bilirsiniz ki, televiziyada çoxdan çəkilmiş kadrlar nümayiş olunur. Bu səbəbdən də həmin kadrlarda yorğan-döşəkdə idim. İndi isə şükür Allaha, ayağa qalxmışam. Hər şey qaydasındadır”. "Səhhətinizlə bağlı evdən çıxmırsınız. Dostlar, sənəd yoldaşlarınız, tanışlar yanınıza gəlirlər” sualına Ramiz Əzizbəyli: "Sağ olsunlar, gəlib baş çəkirlər və heç bir narazılığım yoxdur. Adlarını çəkmək istəmirəm, lakin gələnlər çox olur. Sənət yoldaşlarım və tələbələrim gəlir. Əsas olan odur ki, məni unutmurlar”. Xalq artistinin müalicə xərcləri ilə də maraqlandıq. Ramiz Əzizbəyli müalicə xərclərini özü çəkdiyini bildirdi: "Müalicə xərclərini özüm ödəyirəm. Prezident mənə təqaüd ayırmasaydı, o zaman vəziyyətim çətin olardı. Hazırda nisbətən rahatam. Kişi şikayətlənməz və mən də o prinsiplə yaşayıram. Şükür Allaha, indi yaxşıyam. Əvvəl əlil arabası ilə gəzirdim, ancaq indi yavaş-yavaş özüm gəzirəm. İflic keçirtmişdim. Bu da elə xəstəlikdir ki, tam sağalmır. Yenə də bu günümə şükür edirəm. Prezident təqaüdü alıram. 67 yaşım var və 70 yaşıma 3 il qalıb. Allah qismət etsə, sağlıq olsa, yubileyimi qeyd edərik”. Sənətdə böyük əməyi, zəhməti olan, daim aktiv həyat yaşayan bir adamın indi evdən çıxa bilməməsi çox çətindir. "Darıxırsınız” - sualına isə Xalq artisti kövrələrək cavab verdi: "Təbii ki, çox darıxıram. Həm kino, həm də teatr üçün çox darıxıram, çünki onları biri-birindən ayırmıram. Son illər Opera və Balet Teatrında çıxış edirdim. Darıxıram, amma nə etməli, indi evdə oturmağa məcburam. Heç nədən gileylənə bilmərəm. Şükür ki, məni unutmurlar, mətbuat yazır, dövlət mənə diqqət göstərir. Mənim bir narahatlığım var ki, rahat gəzə bilmirəm. Ona görə də özümü narahat hiss edirəm. Bir narahatlığım da var ki, mən həyat yoldaşımı incidirəm. Həyatda tək incitdiyim insan Zümrüd xanımdır. Çünki o mənim qulluğumu tutur, əziyyətimi çəkir. Başqa narahatlığım şükür ki, yoxdur”.

Tahirə