Razılaşma iqtisadi maraqlarımıza cavab verir

Avropa Birliyi ilə imzalanan bütün sənədlər müsbət effekt vəd edir



Bakı ilə Avropa İttifaqı arasında danışıqların yeni mərhələsi 29-30 may tarixində başlayacaq. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasət şöbəsinin rəhbəri Denis Danilidis yeni sazişin imzalanacağı günün məlum olmadığını desə də, bütün detalların müzakirə olunduğunu deyib:

"Azərbaycanla Aİ arasında aviasiya sazişi ilə bağlı bütün detallar müzakirə edilib. Danışıqlar bitib, tərəflər arasında razılaşdırılmış sənəd var. Ancaq Azərbaycan tərəfinin razılaşmanın milli aviadaşıyıcı olan AZAL-a və iqtisadiyyatın digər sahələrinə necə təsir edəcəyini analiz etməyə ehtiyacı var. Ona görə də Azərbaycan tərəfini gözləyirik. Hazırda danışıqlar yoxdur. Sazişin bu il imzalanması isə ancaq Azərbaycan tərəfindən asılıdır”. 

Sazişin yubanmasından və Azərbaycan üçün iqtisadi dividentlərindən danışan iqtisadçı Fuad İbrahimov "Şərq”ə açıqlamasında deyib ki, bu sazişdə iqtisadi göstəricilər mühüm əhəmiyyət kəsb etmir. Ekspertin sözlərinə görə, tərəflər arasındakı anlaşmanın əsas mahiyyəti siyasi predmetlərdir:

 "Burada müəyyən siyasi motivasiyalar var. Ona görə də sazişin imzalanması yubadılır. İqtisadi nöqteyi-nəzərdən isə Avropa Birliyi ilə imzalanan bütün sənədlər müsbət effekt vəd edir. Nəzərə alaq ki, əgər Azərbaycan tərəfi ilə danışıqlar aparılıbsa, müddəalar üzrə razılaşma olubsa, bu o deməkdir ki, ölkəmiz öz iqtisadi maraqlarını sazişdə əks etdirib və qoruyub. Deməli, sözügedən razılaşma iqtisadi maraqlarımıza cavab verir. Əks halda hansısa anlaşma olmazdı. Ancaq məsələ siyasi müstəvidə həllini tapmalıdır. Çünki indiki halda siyasi məsələlər iqtisadi maraqlardan üstündür”.

İsmayıl