“Prezident vətəndaşının sosial- iqtisadi vəziyyətinə mənfi təsir edən halların aradan qaldırılması istiqamətində prinsipial addımlar atmaqdadır”
İndiki halda yaranmış iqtisadi durumun un məmulatları və çörəyə heç bir aidiyyəti olmadığı halda bazarlarda həmin məhsulların qiymətində baş verən süni artım bu sahədə tənzimlənmə prosesinin həyata keçirilməsini zəruri edirdi. Xüsusilə, Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasında Prezident İlham Əliyevin həm bu, həm də cəmiyyəti ciddi narahat edən digər məsələlərə toxunması, müvafiq qurumlara süni qiymət artımının qarşısının alınması məqsədilə tapşırıq və tövsiyələrin verilməsi tezliklə vətəndaşları məmnun edəcək qərarların qəbul ediləcəyindən xəbər verirdi.
Beləliklə, gözləntilər özünü doğrultdu və Prezident İlham Əliyev hər zamankı kimi bu dəfə də xalqın səsinə səs verdi. Belə ki, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, eləcə də buğda ununun və çörəyin istehsalı və satışı yanvarın 15-dən etibarən əlavə dəyər vergisindən (ƏDV) azad olunub. İqtisadiyyat və Sənaye Nazirliyi bəyanat yayaraq bildirib ki, 500 qramlıq çörək 30 qəpiyə satılmalıdır. Çünki ölkəmizə gətirilən unun əlavə dəyər vergisindən azad olunması artıq çörəyin və unun əvvəlki qiymətə satılmasını labüd edir. Dünəndən etibarən ölkədə çörəyin və unun qiymətində ucuzlaşma müşahidə olunur. Artıq 50 kiloqramlıq 1 kisə unun qiyməti 22 manata enib. "Karat Holding”in baş direktoru Taleh Qasımov bildirib ki, bu, ölkə başçısının atdığı humanist bir addım idi. Bunun nəticəsi olaraq, əhalinin aztəminatlı hissəsi ucuz un məmulatlarından yararlana biləcək: "Məlum qərardan sonra regionda ən ucuz un və çörək Azərbaycanda olacaq. Həmçinin, taxıl bol olacaq ki, bu da məhsulların ucuzlaşmasına səbəb olacaq. Undan hazırlanan digər məhsullar, məsələn, makaron, vermişel, şirniyyat və sairlərinin maya dəyəri aşağı düşdüyü üçün qiymətləri də düşəcək”. Bununla yanaşı, baş direktor hesab edir ki, bu qərar ölkə daxilində un məmulatlarının istehsalına ciddi təkan verəcək: "Mağazaların vitrinlərində yerli məhsullarla yanaşı, kifayət qədər idxal olunan məhsul da var. Bu qərar imkan verir ki, biz daxili istehsalımızın həcmini artıraq”. "NEON” firmasının rəhbəri Arif Həsənov da bildirib ki, ƏDV-dən azad olunduqdan sonra firmada istehsal olunan 50 kiloqramlıq 1 kisə əla növ unun qiyməti 22,5 manatdır: "Hökumət tərəfindən bizə çox böyük dəstək verildi. İstehsalçılarla yanaşı, bu, Azərbaycan əhalisinə də böyük dəstəkdir. Çörək - strateji məhsuldur. Təbii ki, ölkə başçısının tapşırığı ilə atılan addım istehsalçılar üçün böyük dəstəkdir və bunun nəticəsi olaraq, ƏDV-dən azad olunduqdan sonra biz qiymətləri endirdik”. Son dəyişikliklər bir daha sübut etdi ki, Prezident artıq vətəndaşının sosial-iqtisadi vəziyyətinə mənfi təsir edən halların aradan qaldırılması istiqamətində prinsipial addımlar atmaqdadır. Belə ki, unun və çörəyin qiymətinin düşməsini şərtləndirən tədbirin həyata keçirilməsi atılan mühüm addım kimi qiymətləndirilməlidir. Milli Məclisin deputatı Tahir Rzayev deyib ki, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad olunmasını çox müsbət bir addım sayır: "Azərbaycan Prezidentinin sərəncamına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azad olunması insanların rifahının yaxşılaşmasına, unun, un məmulatlarının qiymətinin sabitləşməsinə xidmət edir. Dünən Ağcabədi rayonunda əhali ilə görüşəndə bundan çox razılıq etdilər. Artıq qərar öz nəticəsini göstərir. Rayonda unun, çörəyin qiyməti enib və qiymətlər tənzimlənib”. T.Rzayev bəyan edib ki, yeni sərəncam taxılın ölkəyə gətirilməsi zamanı sahibkarlardan tələb olunan xərcləri də azaldıb: "Bu, yerli istehsalçılara da şərait yaradır ki, çörəyin qiyməti sabit qalsın, artmasın. Çörək insanlar üçün çox mühüm ərzaqdır. Ona görə də qiyməti sabit qalmalıdır. Vətəndaşlar tərəfindən bu, çox müsbət dəyərləndirilir”.
İsmayıl