“Rəqiblərimiz çox güclüdür”

“Onlar əllərindən gələni edəcək ki, marşrut xətlərini öz ərazilərinə çəksinlər”



Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan və Çin marşrutu ilə hərəkət edən, bərə keçidlərini və quru yolları əhatələyən sınaq qatarı Bakı Limanının Bərə Terminalına çatıb. 10 vaqon və 20 qırx futluq konteynerdən ibarət sınaq qatarı Ukraynanın İlyiçevsk limanından yanvarın 15-də yola salınıb. Qatar Gürcüstanın Poti limanına yanvarın 20-də çatıb.

Azərbaycandan sonra qatarın Qazaxıstan-Çin marşrutu ilə hərəkət etməsi nəzərdə tutulur. Xatırladaq ki, yanvarın 14-də Bakıda keçirilmiş dördtərəfli görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda vahid tariflərin müəyyənləşdirilməsi haqqında razılığa gəlinib. Marşrutun perspektivindən və Azərbaycana gətirəcəyi gəlirlərdən danışan tanınmış iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə açıqlamasında deyib ki, nəqliyyat xəttinin reallaşması Azərbaycana dividendlər gətirə və ölkəmizi logistik mərkəzlərdən birinə çevirə bilər. Sadəcə problem ondadır ki, bu sahədə rəqabət çox güclüdür: "Həmin marşrut üzrə Rusiya çöllərindən keçən alternativ yollar var. İran da dünyaya açılmağa başlayır. Sanksiyalar tam ləğv ediləndən sonra mühüm nəqliyyat xətləri İran üzərindən keçərək Avropaya gedə bilər. Bu yolda çox ciddi rəqabətlə qarşılaşacağıq. Xüsusilə Rusiya yüklərin öz ərazisi üzərindən daşınmasında maraqlıdır və buna görə ciddi lobbiçiliklə məşğuldur. Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, ölkəmiz əlverişli coğrafi məkanda yerləşir. Bu baxımdan digər ölkələrə nisbətən daha çevik qərarlar qəbul edərək marşrutu cəlbedici edə bilərik. Məsələn, "yaşıl keçid” sistemini tətbiq edərək, tranzit yüklərin ölkəmizdə ləngiməsinin qarşısını alarıq. Eyni zamanda tarif dərəcələrini aşağı salaraq şirkətlərin Azərbaycan xətti ilə hərəkətinə maraq yarada bilərik. Əgər belə olarsa, marşrutun yaxşı perspektivi gözləniləndir. Lakin bu, çox da asan olmayacaq. Çünki rəqiblərimiz güclüdür. Onlar əllərindən gələni edəcək ki, marşrut xətlərini öz ərazilərinə çəksinlər”. Ekspertə görə, bu marşruta aşırı dərəcədə ümid bağlamaq, layihənin Azərbaycana yüz milyonlarla dollar qazandıracağını iddia etmək olmaz: "Hazırkı tarifləri nəzərə alsaq, il ərzində on milyonlarla gəlir əldə etmək mümkün olacaq. Təbii ki, indiki çətin məqamda bu rəqəm də pis deyil. Nə qədər çox valyuta qazana bilsək, iqtisadiyyatımızın dayanıqlığı artacaq. Hər halda çox ümidlənmədən bu işi davam etdirmək lazımdır”. N.Cəfərli bildirib ki, istənilən yükdaşımada coğrafi amilləri də nəzərə almaq lazımdır: "Ukrayna ilə Azərbaycanın birbaşa sərhəddi yoxdur. Buna görə də yükləri daşımaq üçün Rusiya ərazisindən istifadə olunmalıdır. Rusiya ilə Ukrayna arasındakı münasibətlər zədəlidir və yaxın zamanda düzəlməsi ehtimalı çox aşağıdır. Bəs Azərbaycandan keçəcək yüklər Ukraynaya hansı yolla çatacaq? Alternativ yollardan biri kimi Gürcüstanın Poti limanından vaqonların bərələrlə Ukraynaya daşınması nəzərdə tutula bilər. Amma bu, çox baha başa gəlir, həm də əlavə vaxt sərf olunur. Ölkələr və şirkətlər buna razı olacaqmı? Hesablamalar o qədər dəqiq aparılmalıdır ki, Azərbaycan bu işdə uduzmasın”.

İsmayıl