“Rəsmi Tiflis Bakı ilə arasındakı səmimiyyəti itirə bilər”

Elxan Şahinoğlu: “Məgər “Qazprom” Gürcüstana ARDNŞ-dən ucuzmu satacaq?”



Tiflisdə Gürcüstan hökumətinin Rusiyanın "Qazprom” şirkəti ilə danışıqlarına qarşı etiraz aksiyası keçirilib. Məlumata görə, nümayiş keçmiş Baş nazir Bidzina İvanişvilinin biznes mərkəzinin yaxınlığında baş tutub. Tədbiri Tiflisdə fəaliyyət göstərən "Platforma-Azadlığı müdafiə et!” təşkilatının üzvləri təşkil edib.

Nümayişçilər bildiriblər ki, Gürcüstan hakimiyyəti dekabr ayına qədər "Qazprom” şirkəti ilə müqavilə imzalamaq niyyətindədir. Hərçənd ki, Azərbaycan istənilən həcmdə bizi təbii qazla təchiz etməyə hazırdır. Rusiya qazı bahalı və qeyri-sabitdir. Rusiya qazı şantaj alətidir. Azərbaycan qazı isə ucuz və sabitdir. Bu, iqtisadi deyil, siyasi qərardı” deyə "Platforma-Azadlığı müdafiə et!” təşkilatının üzvləri bəyan ediblər.

Yada salaq ki, "Qazprom” ilə müqavilə imzalanmasının tarixi hələ məlum deyil. Energetika Nazirliyindən deyilib ki, müqavilənin imzalanması yaxın gələcəkdə həyata keçiriləcək. Gürcüstanın Baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze isə bildirib ki, dekabr ayına qədər "Qazprom” ilə danışıqların başa çatması qüvvədə qalır.

"Atlas " Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu "Şərq”ə etirazların səbəbini belə izah edib: "Bir ara Gürcüstanın enerji naziri Kaxa Kaladze dedi ki, Azərbaycan qazı Gürcüstana kifayət etmir. Amma dərhal ARDNŞ-dən açıqlama verildi ki, Gürcüstan artıq qaz almaq istəyirsə, buyursun, onu da satmağa hazırıq. Məgər "Qazprom” Gürcüstana ARDNŞ-dən ucuzmu satacaq? Yenə də bütün hallarda Gürcüstan müstəqil dövlətdir. İstədiyi qərarı verməkdə azaddır. Sadəcə məsələ burasındadır ki, Gürcüstan cəmiyyətində narahatlıq var. Axı, Moskva Tiflisin dostu deyil. Onun ərazilərini işğal edib. İki separatçı bölgənin "müstəqilliyini” tanıyıb. Ən maraqlısı odur ki, 2008-ci il müharibəsindən sonra diplomatik münasibətlər də dayandırılıb. Yəni müxalifət nümayəndələri və yaxud əhali soruşur ki, sən torpağını işğal edən ölkə ilə necə qaz haqqında saziş imzalaya bilərsən? Cəmiyyətin başqa bir tələbi də budur ki, torpaqlarını işğal edən Kremllə saziş imzalayacaqsansa, bunu müttəfiq bildiyin Azərbaycana necə izah edəcəksən? Azərbaycan Prezidetinin Gürcüstan səfəri çox yüksək səviyyədə keçdi. And-aman etdilər ki, heç bir problem yoxdur. Hər şey yaxşıdır. Gürcüstan hökuməti Ermənistanla iş birliyinə gedəndə də Azərbaycanın maraqlarını nəzərə almalıdır. Ona görə ki, Gürcüstana kredit və enerji verən Ermənistan deyil, Azərbaycandır. Tiflis bu məsələlərdə də ehtiyatlı olmalıdır. Proseslər belə getsə, Gürcüstan iki yerdən zərbə ala bilər. Həm öz cəmiyyətindən, həm də Azərbaycandan. Tiflis Bakı ilə arasındakı səmimiliyi itirə bilər. Bizim tərəfdaş kimi aramızda soyuqlaşma yarana bilər”.

Ayyət Əhməd