Rus bölməsində “Azərbaycan dili”...

“Uşaqların xarici dili bilib öz dilimizi bilməməsi heç bir məntiqə sığan deyil”
“Buraxılış imtahanlarında qaydalar tez-tez dəyişdirilir. Təsəvvür edin ki, şagird 5-ci sinifdən başlayaraq heç bir imtahan üzü görmür və birdən-birə 11-ci sinifdə 8 fəndən imtahan verir”


Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib ki, 3 ay öncə Təhsil Nazirliyi tərəfindən DİM-ə IX sinifdə təhsil alan rus bölməsinin şagirdləri üçün "Azərbaycan dili” fənninin buraxılış imtahanları fənlərinin siyahısına daxil edilməsi barədə təklif verilib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır.

M.Abbaszadə deyib ki, IX siniflərdə buraxılış imtahanlarında "Xarici dil” fənninin olması hələ 2014-cü ildən müzakirə edilir: "2014-cü ildən Təhsil Nazirliyinin təklifi əsasında Xarici dil fənnini XI siniflər üzrə buraxılış imtahanları fənləri sırasına daxil etdik. O zaman nəticə xoşagələn deyildi. Ona görə də IX siniflərdə bunun tətbiqini nazirliyin təklifi əsasında dayandırmışdıq. Bu il onlar bu təklifi yenidən gündəmə gətirsələr, biz xarici dil fənnini IX siniflər üzrə buraxılış imtahanı fənlərinin sırasına daxil edəcəyik. Bizim 2014-cü ildən ümumi təklifimiz bundan ibarətdir ki, buraxılış imtahanları fənlərinin sayını artıraq. Amma yəqin ki, bu il və gələn il şagirdlər üçün buraxılış imtahanlarında hər hansı bir dəyişiklik olmayacaq”.

Rus bölməsinə "Azərbaycan dili” fənninin salınmasını vacib hesab edən təhsil üzrə ekspert Nadir İsrafilov bildirib ki, müstəqillik əldə olunmamışdan qabaq rus dili nisbətən üstünlük təşkil edirdi.

Ekspertin sözlərinə görə, əvvəlki dönəmlərdə ayrıca fənn kimi keçirilsə də, müstəqillik qazandıqdan sonra rus dili xarici dillər qrupuna salındı: "90-cı illərlə müqayisədə bizdə rus sektoruna qarşı müəyyən neqativ mövqelər əmələ gəldi. Məlum oldu ki, əksər məzunlarımız Rusiyanın ali məktəblərinə gedir, müəyyən ailələr rus dillidi və s. 2000-ci illərdən başlayaraq rus sektoruna meyl artdı. Rus bölməsinin sayının artmasını təhlükəli tendensiya hesab edənlər oldu. Guya uşaqlar milli dəyərlərdən uzaqlaşırlar. Azərbaycanlı uşaqların xarici dili bilib öz dilimizi bilməməsi heç bir məntiqə sığan deyil. Bu prosesi tənzimləmək üçün tədrisimizin əsas vəzifəsi rus sektorunda "Azərbaycan dili”nin, Azərbaycan bölməsində isə "Rus dili”nin tədrisini gücləndirməkdir. Yalnız bu yolla biz dil baryerlərini aradan qaldıra bilərik”.

Buraxılış imtahanı fənlərinin sayının artırılmasına gəlincə N.İsarfilov deyib ki, sovet dönəmində aralıq və buraxılış imtahanları var idi. Aralıq imtahanları 5-ci sinifdən başlayırdı. 5 ci sinifdə 1 imtahan, 6-cı sinifdə 2 imtahan və tədricən arta-arta gedirdi.

Ekspert bildirib ki, aralıq imtahanları şagirdlərdə müəyyən məsuliyyət və vərdişlər formalaşırdı. Müsətqilllik əldə edəndən sonra təhsil sistemində gedən dəyişikliklər və qərbə inteqrasiya ilə aralıq imtahanları tamamilə yığışdırıldı: "Yalnız 9 və 11-ci sinifdə buraxılış imtahanı saxlanıldı. Bu da şübhəsiz ki, şagirdlərin bilik səviyyəsinin keyfiyyətində öz təsirini göstərdi. Təsəvvür edin ki, şagird 5-ci sinifdən başlayaraq heç bir imtahan üzü görmür və birdən-birə 11-ci sinifdə 8 fəndən imtahan verir. Bununla da imtahanın nəticələrində mənfi təzahürlər özünü göstərdi. Buraxılış imtahanlarında qaydalar tez-tez dəyişdirilir. Köhnə imtahan sistemini dağıtdıq, yeni sistem hələ ki oturuşmur”.

N.İsarfilov həmçinin bildirib ki, buraxılış imtahanlarına 2 fənnin salınması düzgün deyil. Çünki bu zaman şagirdlər yalnız Azərbaycan dili və riyaziyyat fənlərini oxuyurlar: "Necə olur ki, 11 il şagird oxuyur və təkcə Riyaziyyat, Azərbaycan dili fənnindən imtahan verir? Bu, şübhəsiz ki, şagirdlərdə olan məsuliyyəti azaldır. Təhsilin məqsədi sistemləşdirilmiş bilik, bacarıq və vərdişlər aşılamaqdır. Ümumiyyətlə, imtahanların sayını birdən-birə azaltmaq və artırmaq düzgün mövqe deyil”.

Yeganə Bayramova