"Rus investorların Azərbaycan təhsilinə cəlb olunması mənafeyimizə ziddir"




"Sərmayədarların Azərbaycana gəlməsi əslində müsbət haldır, amma baxır hansı sahəyə”.

Bunu Sherg.az-a millət vəkili Şəmsəddin Hacıyevin xarici sərmayədarlara Azərbaycanda təhsil müəssisələrini tikməyə şərait yaradılması haqqında təklifinə münasibət bildirərkən professor Şahlar Əsgərov deyib. 

O bildirib ki, xaricilər zavod qurub, fabrik açsa, müxtəlif istehsalatla məşğul olsa, onda bu, qəbul olunandır:

"Lap elə məişət müəssisələri də aça bilərlər. Amma təhsil, tərbiyə milli olduğundan, xüsusilə tərbiyəyə ciddi yanaşılmalı olduğuna görə, bu sahədə xarici investisiyaların cəlb olunması çətin məsələdir və arzuolunmazdır. Əgər müəyyən formada bu proses həyata keçirilməlidirsə, deməli, onlarla bağalanan müqavilələrdə Azərbaycanın milli maraqları tam qorunmalıdır.

Gəlin qəbul edək ki, heç xarici sərmayədarlar olmasa da,  rus investorlarının təhsilə cəlb olunması Azərbaycanın mənafeyinə ziddir. Çünki rus məktəbləri, rus dilində oxuyan uşaqlar gələcəkdə milli-mənəvi dəyərlərdən uzaqlaşırlar. Üzeyir Hacıbəyovun musiqilərinə qulaq asmaqdan imtina edir, Səməd Vurğunun şeirlərini əzbərləmək istəmirlər. Cəlil Məmmədquluzadəni tanımayan rus məktəblərinin şagirdləri var, rus yazarlarını, şairlərini tanıyır, oxuyurlar. Təkcə rus məktəbləri açıldıqda belə orada Azərbaycan dilinin tədrisi o qədər güclü qoyulmalıdır ki, gənclər öz milli dili, mənsubiyyəti ilə fəxr etsin. Gənclər deməlidir ki, gör Üzeyir Hacıbəyov necə gözəl bəstələr yaradıb, 

Səməd Vurğun gözəl şeirlər yazıb, Azərbaycan yazarları, dahilər, alimləri hər zaman gözəl işlərə imza atıb. Biz gənclərimizə milli dəyərləri aşılamalıyıq. Təhsilimizi hansısa bir fransız, ingilis və rusa əmanət etsək, Azərbaycan övladları fransızlaşar, ruslaşar, ingilisləşər. Və gələcəyin bu uşaqların əlində olduğunu nəzərə alsaq, onlar idarəçilik strukturlarında təmsil olunduqda öz milli köklərinə deyil, beyinlərinə yeridilənlərə üstünlük verəcəklər”.

Qeyd edək ki, Ş. Hacıyevin sözlərinə görə məktəbəqədər təhsil müəssisəsi məscid deyil ki, vəhhabilik və digər cərəyanlarla məşğul olsunlar. O deyib ki, bu səbəbdən xaricilərə təsisçilik hüququ verilməlidir. Tədris və təsisçilik ayrı-ayrı məsələlərdir.

Ayyət Əhməd