"Poznerə, Solovyova söyməklə məşğul olmaq mənasız işlərdir"
"Düşünülmüş informasiya sistemi olmalıdır və bu işi peşəkarlar həyata keçirməlidir"
"Poznerin yanaşması ermənilərin təbliğat maşınının tərkib hissəsidir. Bilmək olmaz ki, ermənilər ona hansı vədləri veriblər"
Ötən gün rusiyalı telejurnalist Vladimir Pozner erməni KİV-lərinə müsahibəsində Dağlıq Qarabağa getmək istədiyini bildirib. Bundan əlavə, Pozner ermənilərə böyük simpatiya ilə yanaşdığını, onları "çox ağıllı” hesab etdiyini söyləyib: "Azərbaycanlılar bilməlidir ki, mənim qəlbim ermənilərlədir. Təəssüf ki, Dağlıq Qarabağda olmamışam. Məmnuniyyətlə gedərdim, lakin vaxt tapmadım. Ürəyimin o tərəfdə deyil, bu tərəfdə olduğunu hamının, o cümlədən cənab azərbaycanlıların başa düşmələri üçün öz mövqeyimi ifadə etmək məqsədilə gedərdim”. Pozner Bakının "qara siyahı”sının onu narahat etmədiyini deyib: "Məni qara siyahıya salsalar nə olacaq ki, fikrimcə, gecələr sakit yatmağa davam edəcəyəm”.
Rusiyalı jurnalistin fikirləri Azərbaycan cəmiyyətində hiddətlə qarşılanıb. Demək olar ki, ictimaiyyətin hər təbəqəsindən Poznerin sərsəm ifadələrinə narazılıq ifadə olunub. Telejurnalistin sözlərinə reaksiya verənlər arasında tanınmış yazıçı Afaq Məsud da yer alıb. Yazıçı Rusiya teleaparıcısı Vladimir Poznerə məktub ünvanlayaraq onun yanlış yolda olduğunu bəyan edib: "Azərbaycanlıların "qara siyahısı”na düşməklə bağlı sərgilədiyiniz acı ironiyanızın nədən qaynaqlandığı barədə xeyli düşünsəm də, bir şey anlaya bilmədim. Qəlbinizin ermənilərlə bir olduğunu uşaq cığallığıyla bəyan etməyinizin səbəbi də mənə qaranlıq qaldı. Bu, heç də həmin o "fərqli düşüncə”, "dərin və ədalətli yanaşma tərzi” sahibi olan Poznerin məntiqi, danışıq mədəniyyəti deyil. Sizi qınamıram, olsun ki, Qarabağın tarixi, mövcud qədim xəritələr, beynəlxalq ictimaiyyət tərəfindən qəbul və təsdiq olunmuş yüzlərlə sənəd, fakt və sübutlarla maraqlanmağa, bu məsələni araşdırmağa vaxtınız, ya həvəsiniz olmayıb. Həm də zaman sürətlənib, işləriniz çoxalıb, Ermənistanda kitabınız nəşr olunub, təbrik edirəm. Amma bütün bunlar azərbaycanlılara istehza bildirmənizə əsas vermir...”.
Afaq Məsudun Poznerə məktubundan yola çıxanlar hesab edirlər ki, ermənilərə və onlara dəstək verənlərə qarşı ictimaiyyətin hər kəsimi ciddi reaksiya verməli, öz mövqelərini ortaya qoymalıdırlar. Yəni proses sadəcə KİV nümayəndələrinin fəaliyyəti ilə kifayətlənməməlidir.
Məsələni "Şərq”ə dəyərləndirən tanınmış jurnalist, teletənqidçi, professor Qulu Məhərrəmli bildirib ki, Pozner tanınmış adamdır, həm siyasi, həm də intellektual dairələrlə bağlı şəxsdir:
"Ona görə də belə bir adamın ifadələri təəssüf doğurur. Birdən-birə normaya sığmayan, təmsil və ifadə etdiyi dəyərlərlə uyğunlaşmayan qərəzli, xalqın heysiyyətinə toxunan bəyanat verməsi ciddi yanlışlıqdır. Belə hadisələr zaman-zaman olur. Bunların birdən-birə fəallaşması, Ermənistan və onun arxasında dayanan qüvvələrin Azərbaycana qarşı total informasiya hücumuna keçməsi müəyyən dəsti-xətdən xəbər verir. Bəs biz informasiya müharibəsinə nə dərəcədə hazırıq? Mövcud qlobal və sürətli informasiya şəbəkəsində bu işləri hansı səviyyədə görürük? Məncə, sadəcə Poznerə, Solovyova və onun kimilərə söyməklə məşğul olmaq mənasız işlərdir. Düşünülmüş informasiya sistemi olmalıdır və bu işi peşəkarlar həyata keçirməlidir. O halda uduşlarımız ola bilər”.
Professor vurğulayıb ki, 30 ildir informasiya müharibəsindən danışırıq:
"Bəli, müəyyən işlər görülüb, amma bununla yanaşı, ciddi problemlərimiz də var. İlk növbədə onları aradan qaldırmalıyıq. İnsafən demək lazımdır ki, dövlət bu addımları atır. Azərbaycanda davamlı keçirilən illik forumlar çox ciddi informasiya mənbəyidir. Lakin bununla paralel Rusiya və digər Qərb ölkələri ilə bağlı ciddi, sistemli informasiya işi aparılmalıdır. Təəssüf ki, bu, bizdə yoxdur. Bu gün Pozner danışırsa, sabah da Solovyov danışacaq. Bizim də işimiz-gücümüz onlara cavab vermək olacaq. Belə olmamalıdır. Məsələn, Qarabağ məsələsi ilə bağlı son illərdə düşünülmüş ən ciddi addım "Xocalıya ədalət” kampaniyası idi. Bu cür informasiya işi aparılmalıdır. Bunun üçün də konkret mexanizm işləməlidir”.
Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Elçin Hüseynbəyli də "Şərq”ə deyib ki, Pozner intellektli, səviyyəli aparıcı olub. Ancaq onun mövqeyi qüsurludur:

"Ortada münaqişə edən, müharibə şəraitində olan iki dövlət və xalq var. Açıq şəkildə tərəflərdən birini dəstəkləmək digərini qıcıqlandırmaq deməkdir. Bu, yolverilməzdir və məşhur aparıcıya yaraşan hərəkət deyil. Şəxsən mən onu qınayıram. Pozner intellekt sahibi adamdır, Jirinovski deyil ki. Biz Jirinovskinin əlləm-qəlləm söhbətlərinə çox alışmışıq. Özü də həmişə Rusiya ilə dostluq münasibətlərini qorumağa çalışmışıq. Digər tərəfdən hesab edirəm ki, Poznerin yanaşması ermənilərin təbliğat maşınının tərkib hissəsidir. Bilmək olmaz ki, ermənilər ona hansı vədləri veriblər. Düşünürəm ki, biz də müəyyən addımlar ata bilərik. Lakin bu addımları mətbuatda geniş işıqlandırmağa ehtiyac yoxdur. Onsuz da ictimaiyyətdə xeyli informasiya var. Kifayət qədər də ictimai qınaq var. Sadəcə olaraq birdən-birə kiminsə üstünə gedəndə həmin adam daha çox aqressivləşir”.
İsmayıl