Rus politoloq Qərbə sual etdi

Tutaq ki, Qərb imtina qərarı ilə sonradan Azərbaycanda demokratiyanın olmadığını demək istəyəcək, əgər onlar seçki prosesini izləməyəcəklərsə, bizə bunu necə sübut edəcəklər?”



"Azərbaycanda seçkiqabağı vəziyyət sabitdir. Bu hal seçkilərin keçirilməsində çox önəmlidir”. Bunu Rusiya Politoloqlar Cəmiyyətinin üzvü, Dövlət Duması yanında Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Natalya Krasovskaya deyib. O, bəyan edib ki, ötən seçkilərlə müqayisədə bu dəfə rekord sayda namizəd qeydiyyatdan keçib:

"İddialılar arasında 15 siyasi partiya, blok təmsilçiləri, eləcə də öz namizədliyini fərdi qaydada irəli sürənlər var. Dünyada gedən iqtisadi böhrana baxmayaraq, Azərbaycan ölkənin valyuta ehtiyatlarını qoruyub saxlaya bilib. Bununla da vətəndaşların hazırkı iqtisadi kursun düzgün olduğuna inamını artırıb. Bu mənada Azərbaycan xalqının sabitliyə, iqtisadi dayanıqlığa səs verəcəyini düşünürəm”. Krasovskaya seçki proqnozları da verib: "Müxtəlif sorğuların nəticələrinə görə, hakim partiyanın reytinqi 70-80 faiz arasında dəyişir. Ölkə müxalifəti isə lidersiz, dağınıq haldadır. Bu, dövlətin güclü idarəçilik sistemini xarakterizə edir. Azərbaycan istənilən beynəlxalq təzyiqlər qarşısında dayanıqlıq göstərmək iqtidarında olan ölkədir. Qərbli siyasətçilərin seçki hazırlığından narazılığına baxmayaraq, prosesin standartlara uyğun keçməsi ölkənin güclü inkişafından xəbər verir. 36 beynəlxalq təşkilatı təmsil edən 465 müşahidəçi seçkini izləyəcək. Onlardan 147 nəfəri MDB ölkələrindəndir. Aralarında parlament deputatları, seçki üzrə ekspertlər, həmçinin, Rusiya MSK-nın rəhbəri Vladimir Çurov da var. Bu qədər müşahidəçinin nəzarəti, təbii ki, seçkilərin şəffaflığını və demokratikliyini, nəticələrin isə legitimliyini tam təmin etmək gücündədir”. Mərkəz rəhbərinin sözlərinə görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Qərbin siyasiləşmiş və öz maraqlarını diktə etməyə cəhd göstərən bəzi institutlarının təsiri altındadır: "ATƏT-in müvafiq Bürosunun son müəmmalı addımı da bununla bağlıdır. Əvvəlcə Azərbaycana misli görünməmiş sayda müşahidəçi göndərmək barədə ultimatum verdilər. Amma sonradan bundan imtina etdilər. Tutaq ki, Qərb imtina qərarı ilə sonradan Azərbaycanda demokratiyanın olmadığını demək istəyəcək, əgər onlar seçki prosesini izləməyəcəklərsə, bizə bunu necə sübut edəcəklər?”.

Xanım politoloq seçkilər öncəsi ölkəyə kənardan edilən təzyiqlər barədə də danışıb: "Avropalılar daim Azərbaycanı özlərinin tərəfdaşı adlandırırlar. Amma Azərbaycana yanaşmada təəssüf ki, həmişə qərəz, ikili standartlar nümayiş etdirirlər. Buna görə də Qərbin getdikcə Azərbaycanda nüfuzunun aşağı düşməsi heç də təəccüblü deyil. Avropalılar vacib qərarların milli maraqlar zəminində qəbul edilməsi ilə barışmaq istəmirlər. Azərbaycan heç kimin daxili işlərinə qarışmır. Nüfuz və gücündən asılı olmayaraq, kiminsə onun işlərinə müdaxilə etməsinə də imkan vermək fikrində deyil. Ona görə də Avropa İttifaqı başa düşməlidir ki, Azərbaycanın daxili işlərinə müdaxilə, müxtəlif bəhanələr adı altında təzyiqlər ikitərəfli münasibətlərə xələl gətirə bilər”.

İsmayıl