"Rusiya buna başlayarsa, Paşinyan çox çətin duruma düşəcək” - Şərh


"Rusiya buna başlayarsa, Paşinyan çox çətin duruma düşəcək” - Şərh



"Ermənilər tez zamanda nəticə görməzsə, "qəhrəman” elan etdiyi şəxsi bir andaca xainə çevirə bilər”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

Analitikin sözlərinə görə, Paşinyan inqilab yolu ilə hakimiyyətə gəldiyi üçün Rusiya onun üstünə getmir:

"Ermənistanın baş naziri Nikol Paşinyan bunu gözəl anlayır, bilir ki, çox az vaxtı qalıb. Hələlik proseslər baş nazirin istədiyi kimi gedir. İnqilab etdi, seçki keçirdi, "qəhrəman” Koçaryanı həbs etdirdi, köhnə iqtidar Respublikaçılar Partiyasını parlamentdən kənara atdı. Hətta Daşnakları belə parlamentdən kənarda qoydu. Bütün bunlara "Qarabağ klanı” da, Rusiyada səssiz qaldı. Paşinyan üçün əsas məsələ qondarma rejimin başçısı Bako Saakyanı özünə tabe etmək, ya da onun yerinə öz adamını gətirməkdir. Düzdür, Dağlıq Qarabağdakı rejim Ermənistandan asılıdır. 

Yəni Paşinyan bütün gücü əlində cəm edə bilsə, Saakyan onun dediyini etmək məcburiyyətində qalacaq. Lakin Ermənistan da bütövlükdə Rusiyadan asılıdır. Rusiyanın prosesləri sakit müşaiət etməsi və eyni zamanda KTMT-da Belarus və Qazaxıstan tərəfindən Ermənistana hücumlar edilməsi heç də təsadüfi deyil. Bu, o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsində Rusiya açıq və ya gizli şəkildə separatçıların tərəfini tutarsa, İrəvanı qarışdırmağa başlayarsa, Paşinyan çox çətin duruma düşəcək”.

Qeyd edək ki, Ermənistanın yeni rəhbərliyi ilə "Qarabağ klanı” arasında gərginlik davam edir. Baş nazir vəzifələrini icra edən Nikol Paşinyan Dağlıq Qarabağdakı rejimin başçısını, yəni klanın sonuncu dayaq nöqtəsini zərərsizləşdirərək ölkədə hakimiyyəti bütünlüklə ələ keçirmək istəyir. Ancaq proseslərin gedişatı göstərir ki, Paşinyan öz istəyinə elə də asanlıqla nail ola bilməyəcək. Çünki hələlik passiv görünən, daha doğrusu fəaliyyətləri hiss olunmayan Sarkisyan-Koçaryan tərəfdarlarının ciddi hazırlıq gördükləri, hökumət əleyhinə Moskva ilə danışıqlar apardıqları iddia olunur.

İsmayıl