Siyasətdə təsadüf qəbul olunmur
“Qondarma rejimin nümayəndələrinin toplantısı göstərir ki, Moskva separatçıların müzakirə etdikləri məsələlərə açıq şəkildə öz dəstəyini verir”
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin MDB idarəsinin rəisi Aleksey Pavlovski Abxaziya "prezidenti” Raul Xadjimba ilə birlikdə Dnestryanı, Cənubi Osetiya və Dağlıq Qarabağ separatçılarının təmsilçiləri ilə görüş keçiriblər. Lakin Rusiya rəsmisinin separatçılarla nəyi müzakirə etdiyi barədə ətraflı məlumat verilməyib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev haqlı olaraq bu görüşü regionda sülhə və təhlükəsizliyə ciddi zərbə kimi qiymətləndirib. Lakin Rusiya XİN-in sonuncu açıqlaması Moskvanın Azərbaycanın ərazi bütövlüyünə olan münasibətini ortaya qoyub. Nazirliyin açıqlamasına görə, Rusiya XİN nümayəndəsi Dağlıq Qarabağın separatçıları ilə "təsadüfən üz-üzə” gəlib. Politoloqlara görə, belə bir görüşü qətiyyən "təsadüf” adlandırmaq olmaz. Ekspertlərin firkincə, Rusiya XİN-in diplomatı separatçılarla görüşə bilərəkdən qatılıb.
Separatçıların Abxaziyada toplaşması da görüşün Moskvanın təlimatı ilə həyata keçirildiyinə dəlalət edir. Çünki Abxaziyanın belə bir görüşü özbaşına reallaşdırması mümkün deyil. Lakin görünən odur ki, Rusiya rəsmiləri Dağlıq Qarabağ separatçılarının təmsilçiləri ilə "təsadüfən üz-üzə” gəlməkdə heç bir qəbahət görmürlər.
Arzuolunmaz toplantı barədə "Şərq”ə fikirlərini bölüşən politoloq Tofiq Abbasov siyasi aləmdə təsadüflərin qəbul olunmadığını deyib. Analitikin sözlərinə görə, çağırılmayan adamın bu cür görüşlərdə "təsadüf” nəticəsində iştirakı inandırıcı deyil:
"Şübhə yoxdur ki, separatçıları görüşə xüsusi şəkildə dəvət ediblər. Bu baxımdan Rusiya XİN-in verdiyi açıqlama nala-mıxa vurmaqdan başqa bir şey deyil. Əslində Rusiya rəsmilərinin müxtəlif mülahizələr irəli sürməsi, təmasları inkar etməməsi görüşün əvvəlcədən planlaşdırıldığını göstərir. Görüşün təşkilatçısı da Rusiyadır. Sual oluna bilər ki, belə bir görüş Rusiyaya nə üçün lazımdır? Separatçı rejimlər - Cənubi Osetiya və Şimali Abxaziyanı Ermənistanla birləşdirəcək yeni kommunikasiya xətlərinin çəkilməsi gündəmdədir. Məqsəd erməni mallarını Rusiya bazarına maneəsiz çıxartmaqdır”.
Ekspert vurğulayıb ki, görüşün Abxaziyada reallaşması bir növ qondarma rejimin statusunu möhkəmləndirmək mahiyyəti daşıyır:
"Qondarma rejimin nümayəndələrinin toplantısı göstərir ki, Moskva separatçıların müzakirə etdiklər
i məsələlərə açıq şəkildə öz dəstəyini verir. Bu həm də Azərbaycanla Türkiyənin Ermənistana dair birgə yürütdüyü blokada siyasətinə qarşı bir toplantıdır. Kremldəki bəzi qüvvələr sıxışdırılan düşmən ölkəni buxovdan xilas etməyin yollarını axtarırlar. Azərbaycan tərəfi bu planın reallaşmaması üçün əlindən gələni etməlidir”.
İsmayıl