Lavrov İrəvana getdi, 7 rayonun boşaldılmasını yenə xatırladıb
Bu günlərdə Ermənistanın paytaxtı İrəvanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Serj Sarkisyanla görüşüb. Tərəflər iki ölkə arasında iqtisadi, humanitar və hərbi-texniki sahələrdə əməkdaşlığın ardıcıl surətdə inkişaf etməsi üçün razılığa gəliblər. S.Sarkisyan regional təhlükəsizlik və sabitliyin bərqərar olması üçün Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki rolunu yüksək qiymətləndirib.
S.Lavrov isə bildirib ki, münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur. Bu arada qeyd edək ki, S.Lavrovun İrəvan səfəri Ermənistan ictimaiyyətində ciddi ajiotaja səbəb olub. Hətta separatçı ölkə mətbuatı yazıb ki, S.Lavrov Ermənistandan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana güzəştə getməsini tələb edir. Bunun qarşılığında isə Moskva Bakının Avrasiya İttifaqına üzv olmasına razılığını almaq istəyir. Lavrovun İrəvan səfəri zamanı əsas müzakirə mövzusu məhz bu məsələ olub”.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında düşmən mətbuatının iddiası ilə razılaşmadığını bildirib. Ekspertin sözlərinə görə, Lavrovun İrəvana səfəri daha çox iki ölkə arasında iqtisadi sahədə yaranmış problemlərlə bağlıdır: "Serj Sarkisyan artıq cızığından çıxıb. Özbaşına Gürcüstana səfər edib, İran qazının və neftinin Ermənistandan keçməklə Gürcüstana nəqli üçün kəmər çəkilməsi ilə bağlı təkliflər irəli sürür. Həmçinin, Ermənistan "Metsamor” Atom Elektrik Stansiyasında (AES) istehsal edilən elektrik enerjisinin bir hissəsini İrana satmaq istəyir. Lakin bütün bunlar Moskvanın maraqlarına ziddir. İrandan neft və qaz kəmərinin çəkilməsi Rusiyaya girmək istədiyi Gürcüstan bazarında yeni rəqibin yaradılması deməkdir. Həm də Rusiya AES-in təmirinə 400 milyon dollardan artıq vəsait yatırıb. Təbii ki, Kreml həmin enerjini özü satmaq istəyəcək”.
Ekspert bəyan edib ki, S.Lavrov Ermənistan prezidenti ilə çox sərt danışıb: "İndiyə kimi daima müstəmləkə kimi davranmış Ermənistanın birdən-birə müstəqil davranması, İranla əlaqələr qurması təbii ki, Moskvanın xoşuna gəlmir”.
Sabiq dövlət müşavirinin qənaətincə, Lavrov Qarabağ məsələsinə dair tələblər qoyub: "Moskva Ermənistandan ilkin mərhələdə 5 rayonu qaytarmağı tələb edir. Ermənilər isə bununla razılaşmırlar, 2-3 rayonun adını çəkirlər. Görünür ki, bu dəfə Moskva tələbi sərt qoyub. Ermənilər də məhz ona görə narahatdır”.
Q.Hüseynli diqqətə çatdırıb ki, Donbasdakı Rusiyayönümlü döyüşçülər Dağlıq Qarabağa yerləşdirilə bilər: "Amma Kremlə yaxın bəzi Rusiya hərbi ekspertlərinin dedikləri Moskvanın bu sərtliyinin arxasında sadəcə Ermənistana təzyiq məqsədi dayandığını göstərir. Məsələn, rusiyalı bloqqer və hərbi müxbir Aleksandr Juçkovski bildirib ki, Donbasdakı Rusiyayönümlü döyüşçülərə Rusiyanın maraqlarını qorumaq üçün Dağlıq Qarabağa getməyi təklif edirlər. Deyirlər, orda vəziyyət mürəkkəbləşir və istənilən an gərginləşmə başlaya bilər. Göründüyü kimi, rus diplomatları İrəvandan güzəşt tələb etdiyi bir zamanda rus hərbçiləri Dağlıq Qarabağa Ermənistan ordusunu gücləndirmək üçün təcrübəli döyüşçülər göndərir. Gerbi ikibaşlı qartal olan Kreml Azərbaycanla da ikibaşlı oyun oynayır. Buna görə də Ermənistanla dinc danışıqları davam etdirən Bakı həm də Qarabağda gərgin döyüşlərə hazır olmalıdır”.

Politoloq Mübariz Əhmədoğlu isə söyləyib ki, S.Lavrovun İrəvana növbəti səfərinin iki əsas səbəbi var: "Bunlardan birincisi, Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun işğaldan azad edilərək Azərbaycana qaytarılması və bunun əvəzində Rusiya ilə Ermənistan arasında kommunikasiya xətlərinin açılması, ikincisi isə MDB-nin xarici sərhədlərinin möhkəmləndirilməsi ilə bağlıdır”.
Ekspert vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Kremlin mövqeyi ATƏT-in Minsk Qrupunun metodundan müəyyən mənada fərqlənir: "Belə ki, Rusiya indiki halda Dağlıq
Qarabağ ətrafındakı yeddi rayonun erməni işğalından azad olunaraq Azərbaycana qaytarılmasını istəyir. Bunun əvəzində isə Rusiya ilə Ermənistan arasında dəmiryolu, avtomobil yolu və digər kommunikasiya xətləri açılır. Dağlıq Qarabağın statusu isə qeyri-müəyyən vaxta qalır.”
Politoloq bildirib ki, Rusiyanın digər bir variantı isə ondan ibarətdir ki, MDB-nin xarici sərhədlərini möhkəmləndirməklə Azərbaycan torpaqlarının işğaldan azad olunmasına nail olmaq: "Yəni MDB-nin xarici sərhədlərinin möhkəmləndirilməsi adı altında torpaqların işğaldan azad olunmasını istəyir. MDB dövlət başçılarının sonuncu Astana sammitində 2016-2020-ci illərdə xarici sərhədlərin möhkəmləndirilməsi ilə bağlı proqram imzalandı. O proqrama əsasən də Azərbaycanla İran arasındakı sərhəd MDB-nin xarici sərhədi hesab olunur ki, bunun da 122 km.-i ermənilərin işğalı altındadır. Rusiya da bu proqramın icrası adı altında həmin o 122 km-lik sərhəd zolağının işğaldan azad olunmasına nail olmaq istəyir”, deyə politoloq vurğuladı”.
Ekspert hesab edir ki, Rusiya bu yolla SSRİ-ni başqa adla bərpa etmək yox, əksinə, MDB məkanını gözləyən radikal dini qruplaşmalardan, İŞİD-dən və digər terrorçu təşkilatlardan qorumaqdır. "Məhz bu məqsədlə bu proqram qəbul edilib”.
Ayyət Əhməd