“Rusiya istəsə, Qarabağ problemini həll edə bilər”

Asim Mollazadə: “Putinin belə bir imkanının olması heç kəsə sirr deyil”



Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının gündəliyi açıqlanıb. Aprelin 22-26-da Strasburqda keçiriləcək sessiyada Ukraynadakı siyasi vəziyyət, İŞİD terror qruplaşmasının fəaliyyəti, insan hüquqları və beynəlxalq hüququn təmin edilməsinin vacibliyi və s. məsələlər müzakirə ediləcək.

Gündəliyə Ermənistanda keçirilmiş prezident seçkiləri, Türkiyə ilə postmonitorinq dialoqu və s. məsələlər də daxil edilib. Lakin sessiyada Azərbaycanla, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulmayıb. Ölkəmizlə bağlı məsələlərin gündəlikdən kənarda qalması isə ictimaiyyətin narazılığına səbəb olub. Məlumat üçün bildirək ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik açıqlamasında Dağlıq Qarabağ probleminin prioritet məsələ olacağını söyləyib. Amma cərəyan edən proseslərdən görünən odur ki, başı digər işlərə qarışan beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həllinə o qədər də maraq göstərmək niyyətində deyillər. Yaranan narazılıqla bağlı "Şərq”in suallarını cavablandıran millət vəkili, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Asim Mollazadə məsələyə aydınlıq gətirib.

- AŞ PA-nın yaz sessiyasının gündəliyinə Dağlıq Qarabağ münaqişəsinin salınmaması ölkədə birmənalı qarşılanmayıb. Sizcə, hansı səbəbdən Azərbaycanla bağlı məsələlər gündəlikdən kənarda qalıb?

- Hələlik məruzələr tam hazırlanmayıb. Məruzə hazırlandıqdan sonra yekun olaraq sessiyaya buraxılır. İndi müxtəlif istiqamətdə məruzəçilər öz sənədlərini hazırlayırlar. Müvafiq komitələrdə aparılan müzakirələrdən sonra məsələlər Avropa Şurası Parlament Assambleyasının növbəti yaz sessiyasına çıxarılacaq. Yəni hər şey bitmiş sayılmır. Narahatlığa əsas yoxdur.

- Amerikalı həmsədr Ceyms Uorlik mətbuata açıqlamasında Dağlıq Qarabağ məsələsinin bundan sonra prioritet olacağını bəyan edib. Həmsədrin sözlərini nə dərəcədə ciddi qəbul etmək olar?

- Çox vaxt həmsədr ölkələrdən bu tipli bəyanatlar eşidirik. Onların içərisində ciddiləri də olur, qeyri-ciddiləri də. Amma məsələ burasındadır ki, biz quru söz, vəd yox, real nəticə istəyirik. Azərbaycana ciddi dəstək, Ermənistana isə ciddi təzyiq göstərmək lazımdır. Təəssüflər olsun ki, hələlik bunları görə bilmirik.

- 7 rayonun qaytarılması məsələsi yenidən gündəmə gəlib. Bununla bağlı nə deyə bilərsiz? Putinin Sarkisyana təzyiq edəcəyi ilə bağlı yayılan xəbərlər nə dərəcədə realdır?

- Buna inanmaq çətindir. Amma bir şey şübhəsizdir ki, Rusiya istəsə, problemi həll edə bilər. Düzdür, 7 rayonun Azərbaycanın nəzarətinə qaytarılması fikri Rusiya Dövlət Dumasının komitə sədri Leonid Slutskiyə aiddir. Ancaq Rusiya prezidentinin belə bir imkanının olması heç kəsə sirr deyil. Ermənistan müstəqil dövlət deyil. Ona görə də Ermənistana Moskvadan verilən istənilən tapşırıq dərhal icra olunur. Əgər Rusiya prezidenti tərəfindən belə bir addım atılarsa, çox müsbət olar. Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli bölgədə sabitliyin inkişafına təkan verən mühüm addım olar”.

İsmayıl