Rusiya kardinal tədbirlər görməyə tələsmir

Qəfildən elə şərait yaranar ki, düşmən ölkə yenidən qarışar, vətəndaş qarşıdurması başlayar
Paşinyan anlayır ki, Ermənistanda ruspərəst qüvvələr kifayət qədərdir. Onların parlament seçkisində məğlub olması tamamilə sıradan çıxması anlamına gəlmir


Rusiya XİN rəhbəri Sergey Lavrov Rusiya və Amerika qeyri-hökumət təşkilatlarının Ermənistandakı kəmiyyət nisbəti haqda danışıb. O, "Komsomolskoya pravda”ya müsahibəsində jurnalistin "Niyə Ermənistanda Amerika QHT-ləri bu qədər çox, Rusiyaya məxsus olanlar isə azdır” sualına belə cavab verib: "Rusiya saylarla bağlı suala cavab verə bilməz. Biz marionet təşkilatlar qura bilmərik, çünki hər şeyi öz adı ilə çağırsaq, çoxlu provokasion çağırışlar ortaya çıxar”. Lavrov Rusiyanın Ermənistandakı bütün siyasi tərəflərlə işləmədiyi haqda iddiaları əsassız adlandırıb: "Parlamentin fərqli strukturları ilə çalışırıq. Serj Sarkisyan hakimiyyətdə olarkən belə Paşinyanın partiyasının parlamentdəki 9 deputatı ilə əlaqə saxlamışıq. Ancaq görünür, biz itirdik. Qərb keçmiş postsovet məkanında inqilablar hazırlayır. Bəlkə də bu bizim bədbəxtliyimizdir. Ancaq bizim günahımız deyil”.

Son dönəmlər ən çox müzakirə olunan məsələ Ermənistanın yeni hakimiyyəti, konkret olaraq Nikol Paşinyanla Moskva arasında olan gərgin münasibətlərdir. Tərəflər özləri də aradakı gərginliyi etiraf edirlər. Bunun səbəbi kimi Paşinyanın qərbyönlü olması, Rusiyaya zidd addımlar atmasıdır.

Lavrovun açıqlamasını "Şərq”ə dəyərləndirən politoloq Tofiq Abbasov deyib ki, Paşinyan hökuməti kövrəkdir. Onun növbədənkənar parlament seçkisində əldə etdiyi "qələbə” ilk baxışdan "inamlı” təsir bağışlasa da, dərinə getdikcə bu "qələbənin” möhkəm platformasının olmadığı bəlli olur: 

"Əvvəla nəzərə alaq ki, Ermənistanda səsvermə hüququ olan insanların yarıdan çoxu seçkidə iştirak etməyib. Onlar ümumiyyətlə heç kimə səs verməyiblər. Təhlükə ondadır ki, seçkidə məğlub olmuş qüvvələr hələ öz sözlərini deməyiblər. Sakit durmalarına baxmayaraq, keçmiş siyasi qüvvələrin gələcək planlarının olduğu şübhə doğurmur. Bu qüvvələr əsasən Dağlıq Qarabağdakı klan üzərindən oynayırlar. Çünki son dayaq yerləri oradır. Hazırda separatçıların rəhbəri Bako Saakyan özünü çox narahat hiss edir və Paşinyanla dil tapmağa çalışır. Əslində Paşinyan anlayır ki, Ermənistanda ruspərəst qüvvələr kifayət qədərdir. Onların parlament seçkisində məğlub olması tamamilə sıradan çıxması anlamına gəlmir. Bir şeyi də vurğulayaq ki, Ermənistanda keçirilən növbədənkənar seçkidə ciddi qanun pozuntuları baş verib”.

Analitikin sözlərinə görə, qəfildən elə şərait yaranar ki, düşmən ölkə yenidən qarışar, vətəndaş qarşıdurması başlayar:

 "Paşinyan özünü ancaq şüarçılıqla təsdiqləməyə çalışır. Əsaslı işlər görə bilmədiyi üçün tərəfdarlarını "bacarıqlı” olduğuna inandıra bilmir. Ona görə hələ uzun müddət Nikol Paşinyanın vəziyyəti qeyri-stabil və zəif olacaq. Bu baxımdan Rusiya kardinal tədbirlər görməyə tələsmir. Hələlik buna ciddi ehtiyac da yoxdur. Moskvanın İrəvana münasibəti yaxın günlərdə Ermənistanda baş verəcək proseslərdən sonra konkretləşəcək”.

İsmayıl