Rusiya Türkiyə ilə müharibədə maraqlı deyil

Ancaq qarşılıqlı sərt ittihamlar uzun müddət davam edəcək



Türkiyədən Suriyaya humanitar yardım aparan maşın karvanı sərhəddi keçən kimi vurulub. Yardım daşıyan TIR-ların havadan hücuma məruz qaldığı deyilir. Hücum nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb, 20 TIR isə yanıb. Yerli mənbələr bildirib ki, hücum rus təyyarələri tərəfdən edilib. Suriyadakı müxalif qruplardan olan Şam Cəbhəsinin sahə komandiri Zekeriya Karslı da yardım TIR-larına Rusiyanın hərbi təyyarələrinin hücum etdiyini bildirib.

Hadisəni şərh edən siyasi ekspertlər yardım karvanına edilən hücumu Rusiyanın Türkiyədən qisas alması kimi dəyərləndiriblər. Onların fikrincə, Moskva əlinə düşən hər fürsətdə Türkiyəni "qorxutmağa” çalışacaq. İki ölkə arasındakı gərginliklə bağlı "Şərq”ə danışan politoloq Fikrət Sadıqov rus-türk qarşıdurmasının hələ uzun müddət davam edəcəyini deyib: "Hər iki ölkənin rəsmiləri qarşılıqlı şəkildə biri-birini ittiham edir və hər tərəf özünü haqlı bilir. Aydındır ki, vəziyyətin bu yerə çatmasında və ard-arda verilən kəskin bəyanatların arxasında müəyyən siyasi qüvvələr durur. Şübhəsiz, Rusiya çalışacaq ki, vurulan təyyarənin müqabilində bir sıra adekvat addımlar atsın. Özü də həmin addımların kifayət qədər sərt və təsirli olması üçün əlindən gələni edəcək. Artıq həm hərbi, həm də iqtisadi istiqamətdə gərginliyi müşahidə etməkdəyik. Türkiyə-Rusiya arasında illərdir müzakirə olunan mühüm layihələr dayandırılıb. Ruslar turist kimi Türkiyəyə səfər etməkdən tamamilə imtina ediblər. Türk mallarının idxalına qadağa qoyulub. Bunlar iki ölkənin iqtisadi münasibətlərinə böyük zərbə vuracaq. Artıq bütün münasibətlər dondurulmuş vəziyyətdədir. Türkiyə də öz növbəsində müəyyən təhlükəsizlik tədbirləri həyata keçirməyə başlayıb. Sərhədləri gücləndirib, qoşunlarını səfərbər edib, hərbi potensialını artırıb və s”. Politoloq gərgin münasibətlərin genişmiqyaslı hərbi münaqişəyə çevriləcəyinə inanmadığını deyib: "Rusiya bir-iki əməliyyatla adekvat cavab verməyə çalışsa da, Türkiyə ilə konkret müharibədə maraqlı deyil. Çünki bu ölkənin Ukraynada və digər bölgələrdə kifayət qədər ciddi problemləri var. Qərblə münasibətlərin pis olduğu dövrdə Moskva rəsmi Ankara ilə düşmənçilik etməz. Lakin rus və türk rəsmilərinin qarşılıqlı ittihamları, söz davaları bir neçə ay davam edəcək”.

İsmayıl