Rusiya-Türkiyə savaşı kəskinləşir

Elxan Şahinoğlu: “Aydındır ki, Qərb, Avropa, NATO Türkiyənin mövqeyini müdafiə edəcək”
Fikrət Sadıqov: “Artıq Rusiyada Türkiyəyə qarşı siyasətçilər, ictimai xadimlər səviyyəsində kampaniya başlanıb”


"Rusiya Türkiyə arasındakı münasibətlər getdikcə pisləşəcək”. Bunu "Şərq”ə "Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu deyib. Ekspertin sözlərinə görə, Türkiyənin Suriya ilə sərhəddə Rusiyaya məxsus təyyarəni vurmasından sonra iki ölkə arasında münasibətlər gərginləşib:

"Türkiyə Rusiyaya dəfələrlə qırıcı təyyarələrinin sərhədi pozmaması ilə bağlı xəbərdarlıq edib. Təəssüf ki, Rusiya bu xəbərdarlıqları qulaq ardına vurdu. Bundan başqa, Rusiya son zamanlar İŞİD-lə yanaşı türkmənlərin yaşadığı əraziləri də bombardman edirdi. Bu, Türkiyə üçün həssas mövzudur. İndi iki dövlət arasındakı münasibətlərdə soyuqluq müşahidə olunur. Hətta müəyyən gərginliklər qeydə alınır. Soyuq məntiqdən yanaşsaq, gərək Rusiya Türkiyə ilə münasibətlərin gərginləşməsinə getməsin. Ancaq Suriya münaqişəsi mövcud olduqca, Rusiya-Türkiyə münasibətlərində maraqların kəsişməsi davam edəcək”.

E.Şahinoğlu hesab edir ki, Suriya böhranının aradan qaldırılması üçün quru əməliyyatları vacibdir: "Suriyadakı terrorçu qruplaşmaları yalnız bombardmanla neytrallaşdırmaq mümkün olmayacaq. Beynəlxalq koalisiya yaradılmalıdır ki, quru əməliyyatları başlasın. Bugünkü hadisə onu göstərir ki, belə bir koalisiyanın yaranmasının özü sual altındadır. Çünki koalisiyanın bir

üzvü digərinin təyyarəsini vurursa, bu məsələnin uzanacağına işarədir. Aydındır ki, Qərb, Avropa, NATO Türkiyənin mövqeyini müdafiə edəcək. Ona görə ki, dəfələrlə bəyan edilmişdi ki, Rusiya İŞİD-lə yanaşı, ona aid olmayan əraziləri bombalayır. Bu, artıq gərginlik ocağıdır. Düşünmürəm ki, quru əməliyyatları üçün anti-İŞİD koalisiyası tezliklə yaradılsın”.
Müsahibimiz diqqətə çatdırıb ki, Moskva və Ankara hər halda tərəfdaşdırlar, enerji layihələri bu ölkələri biri-birinə bağlayır və bunda hər iki tərəf maraqlıdır: "Doğrudur, münasibətlərdə soyuqlaşma olacaq, amma gərginliyin toqquşmalara gətirib çıxaracağını düşünmürəm”.

Politoloq Fikrət Sadıqov da düşünür ki, bu ölkələr arasındakı gərginlik hələ bir müddət davam edəcək: "Çünki artıq Rusiyada Türkiyəyə qarşı siyasətçilər, ictimai xadimlər səviyyəsində kampaniya başlanıb”.

Ekspert bildirib ki, ruslar bu halda Ermənistanı gücləndirə bilər: "Belə ki, ruslar Türkiyəyə qarşı mübarizə şüarı altında Ermənistana silah-sursat, zenit raket kompleksləri göndərəcək. Əlbəttə ki, onların diplomatik münasibətlərinə bu amil təsir göstərəcək. Ölkələr qarşılıqlı şəkildə müəyyən müddətə səfirlərini geri çağıracaq. Yəni, bu hadisə müsbət heç nə vəd etmir”.

Ayyət Əhməd