Rusiyanın Krasnodar şəhərində iki azərbaycanlı iş adamı qətlə yetirilib. Onların yaşadıqları evin liftində öldürüldüyü bildirilir. Yerli polis artıq 2 şübhəlini saxlaya bilib. Onlardan biri polis işçisidir. Digəri isə həmin iş adamlarının şirkətinin əməkdaşı olub.
İstintaq nəticəsində məlum olub ki, azərbaycanlı biznesmenlər həmin gün Moskvaya yola düşməliymişlər. Onların üstündə isə 17 milyon rubl (təxminən 280 min dollar) pul olub. İlkin ehtimala görə, bu barədə şirkətin əməkdaşı da xəbərdar imiş.
Baş vermiş hadisəni dəyərləndirən miqrasiya problemləri üzrə ekspert Azər Allahverənov bildirib ki, çox zaman miqranta və ya soydaşımıza qarşı təzyiqlər, qətl hadisələri törədilərkən insanlarda belə bir fikir formalaşır ki, hadisə milli zəmində baş verib.
Ekspertin sözlərinə görə, hətta bəzi hallar olur ki, ayrı-ayrı KİV-lər və ya hansısa şəxslər bu məsələni məhz milli zəmində olan hadisə kimi qələmə verməkdə maraqlı olur. Nəticə etibarı ilə də KİV -lər dərhal kiminsə bu kontekstdə verdiyi bəyanatı götürüb tirajlaşdırır, çoxaldır, yayır və artıq həmin hadisə ətrafında bir növ gərgin proseslər gedir:
"Rusiyada bu və ya digər iş adamlarına qarşı hansısa məlumatlar oxuyuruq. Amma təcrübə və hüquq-mühafizə orqanlarının verdiyi rəylər də göstərir ki, əksər hallarda bu kimi hadisələrin kökündə hansısa məişət zəminində baş vermiş hadisə və ya müəyyən biznes maraqları durur.
Baş verən qətl hadisəsində vəsaitin mənimsəmə faktı baş verib. Ola bilər ki, konkret olaraq bu hadisə sırf bununla bağlıdır, ya da vəsaitin götürülməsi bir növ müəyyən görüntü yaratmaq üçün də ola bilər. İstənilən halda hüquq-mühafizə orqanları bu məsələni araşdırmalıdır və nəticədə hansısa bir rəy əldə olunmalıdır. Çünki ilk baxışdan həmişə hansısa kriminal xarakterli hadisə baş verirsə, hüquq-mühafizə orqanlarının bununla bağlı müxtəlif istintaq tədbirləri var. Deyilən hər bir söz həmin tədbirlərə əksər hallarda mənfi təsirini göstərir. Ona görə də düşünürəm ki, hər hansı bir bəyanat verməkdən bir qədər ehtiyatlanmaq lazımdır. Və hüquq-mühafizə orqanlarının verdiyi rəyi gözləmək lazımdır. İstənilən halda düşünürəm ki, bu və ya digər müstəvidə azərbaycanlı miqrantlar ya biznes maraqlarına görə, ya da hansısa məişət zəminində baş vermiş hadisəyə görə zorakılığa məruz qalır və ya birbaşa qətlə yetirilməsi xoşagələn hal deyil. Hesab edirəm ki, əgər məsələnin başqa səbəbdən baş verməsi və ya başqa xüsusiyyətə malik olması faktı varsa, bu məsələ bizim Diaspora təşkilatları tərəfindən nəzarətə götürülməli və istintaqın gedişatı ilə bağlı vaxtaşırı məlumat əldə etməyə çalışmalıdırlar”.
Yeganə Bayramova