“Rusiyanın parlament seçkilərindən sonra dəstəyi daha da güclənəcək”

Dmitri Savelyev: “Noyabrın 1-də Azərbaycan xalqının Qərbin bu cür ədavət və qərəzinə cavab vermək imkanı olacaq”





Rusiya Federasiyası Dövlət Duması Komitəsinin sədr müavini, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev parlament seçkisi ilə bağlı fikirlərini bölüşüb. Sədr müavini deyib ki, Azərbaycan xalqı hazırkı hakimiyyəti tam dəstəkləyir: "Ümumiyyətlə, Azərbaycanın hazırkı siyasi kursu, uzaq perspektivlərə köklənməsi, uzaqgörənliyi və balanslılığı ilə daim bölgədə fərqlənib.

Seçkiöncəsi proseslər də onu göstərir ki, bu siyasətə alternativ yoxdur və müxalifətin real güc ortaya qoyacağı sadəcə absurddur. Müxalifətdə adamlar var ki, Qərbdən aldıqları pullar hesabına Azərbaycan xalqını "demokratik dəyərlərin müdafiəsi” adı altında çaşdırmağa cəhd edirlər. Son məlumata görə, Avropa İttifaqı Azərbaycana "KİV-in azadlığının genişləndirilməsi” üçün 5 milyon avro ayırıb. Nəzərə alsaq ki, Avropa yalnız Azərbaycan dövlətinin əleyhinə yazan KİV-ləri müstəqil hesab edir, o zaman bu pulların hara xərclənəcəyi indidən məlumdur”.

Savelyev bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkini izləməkdən imtina etməsi çox müəmmalıdır: "Necə ola bilər ki, seçki keçirilmədən əvvəl ona

etimadsızlıq ifadə edəsən? Bunun arxasında müvafiq məqsədlər dayanır. Məsələn, Azərbaycanı dünya arenasında nüfuzdan salmaq və ölkəyə birbaşa siyasi təzyiq göstərmək istəyi durur. Amma əvvəlcədən deyim ki, bu cür istəklər elə bəri başdan iflasa uğrayıb. Çünki Azərbaycana Rusiyadan, İsraildən, Türkiyədən, eləcə də bəzi Avropa ölkələrindən çoxsaylı müşahidəçilər gələcək. Onlar da seçki haqda öz fikirlərini təbii ki, deyəcəklər. Onların fikirləri isə legitimlik üçün tam yetərli olacaq”.

Hər seçkilər və ya digər əhəmiyyətli tədbirlər zamanı ölkənin kənardan təzyiqlərə məruz qalmasına da toxunan Dmitri Savelyev bunun yeni bir şey olmadığını söyləyib: "Rusiyada da eyni mənzərəni müşahidə etmək olar. Görünür, Azərbaycan da Rusiya kimi özünün müstəqil siyasəti ilə çoxdan Qərbin bəzi dairələrinin diqqətini çəkib. Rəsmi Bakı daxili və xarici siyasi kursuna hər hansı müdaxiləyə indiyə kimi yol verməyib. Amma Qərbin buna reaksiyası adekvat deyil. Ona görə də Azərbaycan Rusiya ilə yaxınlaşma kursunu götürdü. Çünki rəsmi Moskva ölkə başçısı İlham Əliyevə Azərbaycanın dinamik inkişafını tam təmin etməyi bacaran Prezident kimi çox böyük hörmət bəsləyir. Qərbin mövqeyi isə belədir: - əsassız ittihamlar, daxili işlərə kobud müdaxilə, hətta hərdən birbaşa hədələmə. Noyabrın 1-də Azərbaycan xalqının Qərbin bu cür ədavət və qərəzinə cavab vermək imkanı olacaq. Avropa və Amerikanın bu cür çirkin təzyiqləri, ikili standartları qarşısında Azərbaycan tək deyil. Rusiya bütün müstəvilərdə Azərbaycanı dəstəkləyir və parlament seçkilərindən sonra bu, daha da güclənəcək”.

İsmayıl