Rusiyaya dərhal nota verilməlidir

Çox güman ki, Ermənistan zenit-raket kompleksinin birini Naxçıvanla sərhəddə yerləşdirəcək



"Rusiyanın Ermənistana ayırdığı 100 milyon dollar məbləğində silah təchizatının yeni partiyası Ermənistana verilir. Burada əsas məsələ Ermənistana hava hücumundan müdafiə sisteminə daxil olan silahların verilməsidir. Görünür, Azərbayacanın güclü hərbi aviasiyası düşməni və havadarını narahat edir”.

Bunu "Şərq”ə açıqlamasında Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib. Regiondakı prosesləri dəyərləndirən politoloq bildirib ki, işğalçı ölkəyə göndərilən silahlar içərisində "Tor M2” müasir zenit-raket kompleksləri də olacaq:

 "Müasir döyüş avadanlığı ilə təchiz edilmiş bu silahlar Ermənistanın havadan müdafiə sisteminin təkmilləşdirilməsinə hesablanıb. Çünki Azərbaycanın Ermənistan üzərində havadan üstünlüyü kifayət qədər güclüdür və Ermənistan tərəfi bunu narahatlıqla dilə gətirir. Ancaq Ermənistanın bu silahlara sahib olması Azərbaycanla hərbi paritetin saxlanmasına gətirib çıxarmayacaq. Düşmənin bu silahlarla təchiz olunması Azərbaycanın havadan üstünlüyünü neytrallaşdıra bilməz. Çünki ölkəmizin arsenalında olan silahlar düşmənin əldə edəcəyi zenit-raket kompleksini yerindəcə sıradan çıxarmağa qadirdir”. 

Ekspertin sözlərinə görə, Rusiyanın danışıqların dayandığı bir məqamda Ermənistana belə bir jest etməsi yeni hakimiyyəti daha da öz tərəfinə çəkmək kimi qiymətləndirilməlidir:

 "Rəsmi İrəvanın Qarabağ üzrə artan sərt ritorikası fonunda Moskvanın bu silahları verməsi vəziyyəti daha da gərginləşdirməyə xidmət edir. Çox güman ki, Ermənistan zenit-raket kompleksinin birini Naxçıvanla sərhəddə yerləşdirəcək, digərini isə işğal olunmuş ərazilərə qoyacaq. Müdafiə Nazirliyimiz işğal olunmuş ərazilərimizdə raket kompleksinin yerləşdirilməsinə imkan verməməlidir. Ölkəmiz bununla əlaqədar Rusiyaya nota verməli, yerləşdirildiyi andaca məhv edilməlidir. Xatırlayırsızsa, ötən il Xocavənd istiqamətində düşmənin təmas xəttinə yaxın yerləşdirdiyi BMP üzərində zenit qurğunu məhv etmişdik. Analoji addım bu raket-komplekslərinə də tətbiq olunmalıdır”.

Analitik hazırda danışıqlar prosesində durğunluğun hökm sürdüyünü deyib. Səbəbi isə rəsmi İrəvanın yeni şərtlərlə çıxış etməsidir: 

"Sarkisyanın vaxtında olduğu kimi təmas xəttində monitorinq sisteminin yerləşdirilməsini tələb edirlər
. Göründüyü kimi, İrəvandan verilən mesajlar münaqişənin həllini mümkünsüz edir. Gələn ay Minsk Qrupunun həmsədrlərinin regiona səfəri gözlənilir. Bu səfərdən sonra Paşinyan hökumətinin Qarabağ siyasətində hansısa dəyişikliyin olub-olmaması aydın olacaq. Rəsmi Bakı bir ay gözləmə mövqeyində olacaq. Həmsədrlər Paşinyan hökuməti ilə danışıqlar aparsa belə rəsmi İrəvanın praqmatik mövqe tutacağı, substantiv danışıqlara gedəcəyi mümkün görünmür”.

İsmayıl