“Rustavi-2” ətrafında qalmaqal böyüyür

Azər Həsrət: “Kanalın bağlanması istiqamətində atılan addımlar onu göstərir ki, Gürcüstan qərbyönümlü siyasət istiqaməti keçsə də, yenə də nəticələr eynidir”



"Məhkəməni sərt qərar qəbul etməməyə çağırıram”. Bu sözləri Gürcüstan Prezidenti Georgi Merqvelaşvili "Rustavi-2” telekanalının bağlanması ilə əlaqəli qalmaqala münasibət bildirərkən deyib. Dövlət başçısı bəyan edib ki, konstitusiyanı müdafiə etmək hər bir vətəndaşın, ilk növbədə Gürcüstan hakimiyyətinin borcudur: "Vətəndaş isə sülhünü qorumaq üçün sərt hərəkətlərdən, emosional davranışlardan çəkinməlidir”.

Həmçinin Prezident, Baş nazir İrakli Qaribaşvilinin fikirlərinə münasibət bildirib. Onun sözlərinə görə, Baş nazirin bugünkü çıxışı gərginliyi azaltmaqdansa, ölkədəki onsuz da ağır olan vəziyyəti daha da ağırlaşdırıb.

Məsələni dəyərləndirən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət bildirib ki, 10 il bundan əvvəl Gürcüstanda Eduard Şevardnadzenin hakimiyyəti dövründə həmin kanalın George Sanaya adlı bir əməkdaşı öldürülüb. Həmin jurnalist öz evində güllə ilə qətlə yetirildi: "ABŞ və bir sıra Qərb ölkələri Gürcüstan hakimiyyətinin üzərinə yönəldi ki, bu qətl sifarişlidir. Vəd verirdilər ki, Gürcüstanda hakimiyyət dəyişiklik olandan sonra George Sanayanın qatilləri tapılıb cəzalandırılacaq. Ancaq bəlli olduğu kimi Gürcüstanda "qızılgül inqilabı” baş verdi və ABŞ-ın birbaşa adamı sayılan Mixail Saakaşvili hakimiyyətə gəldi və qətlin üstü açılmadı. Bu günə qədər də George Sanayanın qatilləri tapılmayıb. Hazırda "Rustavi-2” kanalının başına gətirilən oyunları da bu prosesin davamı kimi dəyərləndirmək olar. Qərb təlqin edir ki, guya, qərbyönümlü hakimiyyət qurulacaq və bütün problemlər həll olunacaq. Lakin bu faktlar göstərir ki, əslində, elə bir ümid yoxdur. Yəni, kənar təsirlə qurulan heç bir hakimiyyət öz xalqının problemlərini həll edə bilməz. Bu gün "Rustavi-2” kanalının sıxışdırılması, kanalın bağlanması istiqamətində atılan addımlar onu göstərir ki, Gürcüstan qərbyönümlü siyasət istiqaməti keçsə də, yenə də nəticələr eynidir. Yəni, ölkədə heç bir dəyişikliyə nail ola bilməyiblər. Çünki, istənilən siyasi hərəkatın arxasında xalq dayanmalıdır. Gürcüstanda bu, baş vermədiyinə görə "Rustavi-2” kanalının bağlanmasına qədər yol gəlinib”.

Müsahibimiz bəyan edib ki, bütün bu proseslər ABŞ başda olmaqla Avropa ölkələrinin səssiz müşahidəsi əsasında baş verir: "Yəni, sanki heç nə baş vermir, belə də olmalı imiş. Bu, bir daha onu sübut edir ki, Azərbaycana münasibətdə həmişə qərəz olub. Əgər Azərbaycanda hansısa televiziya kanalının başına bu oyun gəlsə idi, yəqin, Qərb dairələri dünyanı ayağa qaldırardılar ki, Azərbaycan despotik ölkədir. Bütün bunlar Qərbin ikili standartlardan çıxış etdiyini sübut edən amillərdir. Təəccüblü nəsə axtarmağa da dəyməz. Çünki hazırda Gürcüstanda, Ermənistanda yüzə qədər siyasi məhbus var. Amma heç bir beynəlxalq təşkilat Ermənistandakı, Gürcüstandakı siyasi məhbuslar haqqında danışmırlar. Halbuki, Azərbaycanda konkret cinayət əməlinə görə həbs edilmiş şəxsləri siyasi məhbus kimi bütün dünyaya təqdim ediblər. Maraqlısı odur ki, bu işdə Gürcüstandan olan emissarlarından daha çox istifadə edilir. Yəni, Qərb təşkilatlarının təmsilçiləri bir qayda olaraq gürcüstanlılardır. Həmin şəxslər də Gürcüstan haqqında susur, Azərbaycanı isə ittiham edirlər. Təbii ki, bunların hamısı vahid mərkəzdən idarə olunur və ikili standartların tətbiqi istiqamətində atılan addımlardı”.

Ayyət Əhməd