Saakaşvili dayanmayacaq və israrla Ukrayna siyasətinə qoşulacaq






Ukrayna Prezidenti Vladimir Zelenski Odessa regional administrasiyasının keçmiş sədri Mixail Saakaşvilini Ukrayna vətəndaşlığına qaytarıb. Zelenski Saakaşviliyə müsbət yanaşdığını bildirərək, onun Gürcüstanda islahatlar apardığını və korrupsiyaya qalib gəldiyini deyib. Saakaşvili isə Zelenski ilə danışıqlar aparmadığını bildirib: "Mən onu şəxsən tanıyıram. Düşünürəm ki, o, Poroşenko və onun mafiyasının təsvir etmək istədiyi qədər də sadə insan deyil. Daima öyrənən çox ağıllı, qeyri-adi və dərin insandır, ən əsası isə Ukraynanı sevir. O, həqiqətən yeni Ukrayna dövlətinin qurucu atası olmaq şansına malikdir”. 

Xatırladaq ki, Saakaşvili 2015-ci ildə Ukrayna vətəndaşlığı alıb və Odessa vilayəti administrasiyasının rəhbəri olub. İki il sonra isə Poroşenko sərəncamla Saakaşvilini vətəndaşlıqdan məhrum edərək, ona 2021-ci ilə qədər Ukrayna ərazisinə daxil olmağa qadağa qoymuşdu. Lakin 2017-ci ilin sentyabr ayında Saakaşvili gömrük yoxlanışından keçmədən Ukrayna ərazisinə girməyə müvəffəq olur. 

O zaman Polşa sərhədindən keçmək üçün dəstəkçiləri ona yardım göstərmişdilər. Nəticədə hökumət Saakaşvilini həbs etmədi və o, bir neçə ay Ukraynada qalaraq, Poroşenkoya qarşı etiraz aksiyaları təşkil etdi. İndi Saakaşvilinin yenidən Ukraynada böyük vəzifəyə qayıdacağı ehtimal edilir.


Proqnozları "Şərq”ə dəyərləndirən politoloq İlqar Vəlizadə deyib ki, bu məsələdə qərar verən tərəf prezident Zelenskidir. Ancaq ekspert düşünmür ki, Ukraynanın gənc prezidenti qalmaqallı siyasətçi olan Mixail Saakaşvili ilə birlikdə çalışmaq istəsin: 

"Heç bir hakimiyyət bu cür problemli siyasi şəxslə işləməyi gözə almaz. Bütün hallarda düşünmək olar ki, Saakaşvili dayanmayacaq və israrla Ukrayna siyasətinə qoşulacaq. Xüsusən, Radaya seçkilərdə iştirak etmək istəyəcək. Ən azı deputat kimi fəaliyyət göstərməyə cəhd edəcək. Yaxud ola bilsin, Ukraynadakı hansısa siyasi partiya və fraksiya müəyyən şərtlərlə Saakaşvilini siyasətə dəvət etsinlər. Lakin bu ehtimallar zəifdir. 

Məncə, əksər partiyalar Saakaşvili ilə bir yerdə olmaq fikrindən uzaqdır. Çünki eks prezident çox ambisiyalı şəxsiyyətdir və partiyaların liderliyinə can atan adamdır. Partiyadaxili rəqabəti arzulamayanlar Saakaşvilini yaxın buraxmayacaqlar. Yəni Saakaşvilinin uğurlu geri dönüşünə birmənalı cavab yoxdur. Ancaq reallıq odur ki, Odessanın sabiq qubernatoru siyasətə qayıtmaq üçün Ukraynaya dönüb”.

İsmayıl