“Deputatın söylədiklərində bəd niyyət axtarmaq lazım deyil”
"Tez-tez işlətdiyimiz türk dünyası termini reallığa uyğun gəlmir. İngilis, yəhudi, rus və ya çin dünyası var, ancaq türk dünyası, hələ ki, yoxdur”. Bu fikirləri millət vəkili Fazil Mustafa Azərbaycan-Türkiyə Evinin Mahmud Kaşğari Türklük Onur Ödülünün təqdimetmə mərasimində səsləndirib. Deputat həqiqi türk dünyasının yaranması üçün hələ uzun illərin tələb olunduğunu bildirib: "İngilislər və yəhudilər barmaqları ilə dünyanı "fırlayırlar”, biz də fırlananıq”.
F.Mustafa tarixdəki matəm günlərinin ləğv edilməsinin də vacib olduğunu vurğulayıb: "Başlamalı olduğumuz işlərdən birincisi tariximizdəki matəm günlərini ləğv etməkdir. Bu qədər ağlamaqla normal düşüncə sahibi olmaq olmaz. Melanxolik bir millət olmaqdan qurtulmalıyıq”.
Deputat həmkarının fikir və təkliflərinə münasibət bildirən millət vəkili, VHP-nin sədri Sabir Rüstəmxanlı "Şərq”ə verdiyi açıqlamada F.Mustafanın iradlarına haqq qazandırıb: "Fazil Mustafa türk dünyasını siyasi və iqtisadi cəhətdən daha inkişaf etmiş, möhkəmlənmiş formada görmək istəyir. O, arzu edir ki, türk ölkələri arasında inteqrasiya və əlaqələr daha yaxşı inkişaf etsin. Burada qeyri-adi bir şey yoxdur. Deputatın söylədiklərində bəd niyyət axtarmaq lazım deyil. F.Mustafa türk birliyini arzuladığı üçün, yəni sevgidən irəli gələrək öz iradını bildirir”.
S.Rüstəmxanlı da vurğulayıb ki, türk xalqları arasında hələ ki, arzuladığı birlik yoxdur: "Düzdür, türk dövlətləri arasında son illər müəyyən yaxınlaşma prosesi gedir, amma hələlik Avropa Birliyinə bənzər möhkəm birlik yarada bilməmişik”.
Millət vəkili həmkarının "tariximizdə matəm günləri ləğv edilməlidir” təklifinə də münasibət bildirib: "Bu, bizdən asılı deyil ki? Son 200 ildə tariximizdə, taleyimizdə faciələr çox olub. Amma faciələr çoxdur deyə, onları həyatımızdan silə, unuda da bilmərik. Əlbəttə, ötüb keçmiş hadisələrin hamısı üçün göz yaşı tökmək, yas qurmaq da düzgün deyil. Çünki belə yanaşma millətimizin əl-qolunu bağlayır. Əslində, faciələrimizin çoxluğu böyük güclərin Azərbaycana qarşı qurduğu oyunlardır. Rusiya imperiyasının və digər Avropa dövlətlərinin iddialarının, ümumiyyətlə, türk-müsəlman dünyasına qarşı yönəlmiş açıq və gizli siyasətin bir qurbanı da təəssüflər olsun ki, Azərbaycan xalqı olub. Müxtəlif ideoloji pərdələr arxasında millətimizə qarşı xəyanətlər dayanıb. Tarixə düşmüş həmin günləri tamamilə unutmaq məqsədəuyğun deyil. Hansısa şəkildə onları qeyd etmək, xatırlamaq lazımdır”.
S.Rüstəmxanlının fikrincə, belə faciəli günləri nisbətən ümumiləşdirmək lazımdır: "Nəzərə alsaq ki, son 25 ildə 20 faizdən çox torpağımız işğal olunub, o halda hər rayonun işğal gününü ayrıca matəm, faciə günü kimi yad etmək düzgün olmaz. Millətimizin Qarabağda başına gətirilən faciələri bir yerə, bir günə cəm etmək daha məqsədəuyğundur. Məsələn, ən uyğun anım günü Xocalı qətliamının yaşandığı 26 fevraldır. Həmin faciə Qarabağ savaşının ağrı-acısını özündə kifayət qədər əks etdirir”.
İsmayıl