Safanın bütün klipləri Türkiyədə lentə alınacaq

Vüqar Camalzadə gənc müğənniyə qadağalar qoyub




Xalq artisti Yalçın Rzazadənin tələbəsi gənc müğənni Safa Eldarın növbəti klip təqdimatı olub. Amma müəllimi onun gözünü yolda qoyaraq təqdimata gəlməyib.

Müəllim-tələbə arasında yaranan soyuq münasibətdən istifadə edən tanınmış bəstəkar Vüqar Camalzadə müğənniyə işbirliyi təklif edib. Elə bu əməkdaşlığın ilk bəhrəsi də "Dinlə” adlı mahnı və klip olub. Klip türk rejissoru Mehmet Urbanın yozumunda Türkiyədə ərsəyə gəlib. Onu da öyrəndik ki, müğənninin bütün klipləri Türkiyədə lentə alınacaq. Çəkilişləri də Türkiyənin məşhur musiqi prodakşnı həyata keçirir.

Təqdimat mərasimində iştirak edən Vüqar Camalzadə əməkdaşlıq etdiyi müğənniyə müəyyən qadağalarından danışıb: "Bu gündən sonra Safa mənimlə çalışacaq. Böyük bir komanda ilə fəaliyyət göstərəcəyik. Safa bir çox müğənnilər kimi efirə çıxıb geyimi, ya da hər hansı qalmaqalla gündəmə gəlməyəcək. Mənim ona artıq qadağalarım var. Safa uğura daha tez çatmaq üçün yalnız sənətlə məşğul olmalıdır. Hələ toy bazarında da olmayacaq. Onun güclü səs tembri var və Azərbaycandan kənarda da musiqimizi təmsil edəcək. Buna qadirdir. İstəyirəm Safa keyfiyyətli müğənni olsun. Populyarlıq heç də keyfiyyətli müğənni olmaq anlamına gəlmir”.

Safa da komandanın razılığı olmadan heç bir layihəyə imza atmayacağını bildirib. Onu da öyrəndik ki, Safa Azislə eyni səhnəni paylaşmaq təklifi də alıbmış. Lakin Vüqar Camalzadə buna icazə verməyib. "Safanın Azislə eyni səhnəyə çıxmasını onun kiminsə fonunda tanınması kimi qələmə verəcəkdilər. Buna görə də, buna icazə vermədim. Safa öz səsi və ifası ilə tanınmalıdır. Azərbaycanda belə istedadlı gəncləri öz səsi ilə tanıtmaq lazımdır. Düşünürəm ki, gənc istedadlara hər birimiz dəstək olmalıyıq. Yaxın zamanlarda Safanın səsi dünya səhnələrindən gələcək”- V.Camalzadə belə deyib.

Qeyd edək ki, "O səs Azərbaycan” yarışmasının musiqi rəhbəri olan Vüqar Camalzadə Azərbaycanda bir çox müğənnilərin, o cümlədən Lalə Məmmədovanın da prodüseri kimi çalışıb.

Tahirə