Şagirdə əl qaldırmaq savadsızlıqdır
Özünü dərsdə yaxşı apara bilməyən uşaq uzağı məktəbdən kənarlaşdırıla bilər
Sumqayıtda 22 saylı orta məktəbin tarix müəllimi İdris Hüseynov dərsdə şagird Kənan Xankişizadəni amansızcasına döyüb. Bununla bağlı sosial şəbəkələrdə görüntü də yayılıb. Videodan aydınca görünür ki, müəllim şagirdlərdən birinin başına zərbələr endirir. Bundan sonra əsəbləri soyumayan müəllim həmin şagirdi sinfin küncünə apararaq döyməkdə davam edir.
Faktı təsdiqləyən adıçəkilən məktəbin direktoru Tahirə Səfərovanın sözlərinə görə, müəllim artıq bir neçə gün idi ki, şagirdə əsəbiləşib: "İdris müəllim əslində yaxşı müəllimdir. Sadəcə, deyir ki, neçə dəfədir həmin şagirddə nöqsanlar tutub. Müəllimin dediyinə görə, şagird gah submativ verməyib, gah yazmağa qələmi olmayıb. Bir neçə günlük əsəbini tarix müəllimi uşağı döyməklə çıxıb”.
Təhsil Nazirliyinin mətbuat xidmətinin katibi Cəsarət Valehov da məsələdən xəbərdar olduqlarını və bununla bağlı araşdırma apardıqlarını deyib. Onun sözlərinə görə, müəllim haqqında qərar yaxın vaxtlarda açıqlanacaq.
Şübhəsiz ki, bu görüntü orta məktəblərdə müəllimlərin şagirdlərə qarşı zorakı davrandığını əyani şəkildə ortaya qoyur. Təəssüf ki, şagirdlərlə elm və təhsillə yanaşı, davranış qaydalarını öyrətməli olan bəzi müəllimlərin özləri rəftarın nə olduğunu anlamır, bilmir. Əlbəttə, belə neqativ işlər məktəblərdə uşaqların hüquqlarının tam şəkildə qorunmamasından xəbər verir. Görəsən, müəllimlərin şagirdlərə qarşı zorakı davranışının səbəbləri nədir? Nədən valideyn-müəllim assosiasiyası bu kimi neqativ halların qarşısını almaq üçün real fəaliyyət göstərmir? Ümumiyyətlə, məktəbdə uşaqların hüquqları necə qorunmalıdır?
Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu "Şərq”ə bildirib ki, bu, sovet müəlliminə xas olan əlamətdir: "İntellekti olanı da, olmayanı da müəllim adlandırıb, auditoriyaya göndəririk. Bunlar təhsil sistemimizin bəlalarıdır. Bu bəlalar yaşandıqca, güman edirəm ki, belə müəllimlərin sayı artacaq”.
Bununla yanaşı, ekspert diqqətə çatdırıb ki, hazırda məktəbə oxumaq məqsədilə gələn şagirdlərin sayı azdır: "Hətta elə şagirdlər olur ki, dərsdə bilərəkdən nadinclik edir, dərsin gedişatını pozur ki, müəllim dərsdən çıxarsın. Müəllimləri də anlamaq lazımdır. Oxumaq istəməyən uşaqlar başqa məktəblərə göndərilməlidir. Məsələn, Hollandiyada 5 növ məktəb var. Qabiliyyətlilər bir yerə yığılır. Peşə istəyənlər isə peşə məktəblərinə gedir. Bizdə isə rəngarənglik yoxdur. Həmin baxımsızlığın nəticəsidir ki, belə arzuolunmaz mənzərə meydana çıxıb. İnanmıram ki, müəllim o şagirdi səbəbsiz yerə döysün. Lakin bütün hallarda müəllimin davranışına bəraət qazandırmıram”.
Digər təhsil eksperti Etibar Əliyevin fikrincə, məktəb direktorları demək olar ki, öz funksiyalarını yerinə yetirmir: "Onlar yalnız məktəbdə yuxarı sinif şagirdlərinin dərsdən yayınma və onların repetitorun yanına getməsilə bağlı valideynlərlə bazarlıq edirlər. Məktəb direktorunun əksəriyyətinin 20-30 illik iş stajı olsa da, onlar məktəbə bir yenilik verməyiblər. Bu məqamların özünü də müəllimin şagirdlə zorakı davranışına səbəb olan bir faktor kimi qiymətləndirmək olar”.
E.Əliyev hazırkı şəraitdə məktəblə valideyn arasında əlaqələrin zəif olmasını da sözügedən neqativ halların baş verməsinə rəvac verən hal kimi dəyərləndirib: "Valideynlər nə valideyn iclaslarına gedir, nə də dərsin keyfiyyətinin ictimai ekspertizasını həyata keçirir. Onlar hesab edir ki, məktəb artıq heç nə vermir. Belə olan halda müəllim-şagird münasibətləri bəzən zorakı müstəviyə gəlib çıxır”.
Ekspert özünü normal aparmayan şagirdə qarşı, ancaq mədəni tənbeh tədbirlərinin görülməli olduğunu da diqqətə çatdırıb: "Ümumiyyətlə, şagirdlərə qarşı zorakılıq yolverilməzdir. Valideynlərin məktəbə dəvət olunması, valideyn-müəllim assosiasiyasının aktiv fəaliyyəti həyata keçirilməlidir. Təəssüf ki, valideyn-müəllim assosiasiyası ölü bir quruma çevrilib. Qaydalara riayət etməyən şagirdi döymək deyil, ona töhmət verilə bilər, onun məktəbdən uzaqlaşdırılması ilə bağlı addım atıla bilər.
Ekspert Məlahət Mürşüdlü də müəllimlərin şagirdlərə qarşı zorakı davranışlarının səbəbini dərs deyənlə yanaşı, dərsə qulaq asanda da axtarmağı lazım bilib: "Müşahidələrimizə görə, müəllimlə şagirdlər arasında savaşlar əsasən yuxarı siniflərdə baş verir. Bu pillədəki uşaqların psixologiyası da formalaşır. Onlarla müəllimin dərs aparması olduqca çətin olur. Müəllim də insandır. Demirəm ki, uşaq döyülməlidir, bu, "Uşaq Hüquqları Konvensiyası” və qanunlara ziddir. Ancaq müəllimlər arasında da əməkdaşlığı doğru-düzgün, yüksək səviyyədə qura, sinfi idarə edə bilməyənlər var. Bəzi müəllimlər əsəblərini cilovlaya bilmir, belədə də hirsini şagirddən çıxır. Eyni zamanda, zəif göstəricilərə malik uşaqlar adətən dərs zamanı oxumaq əvəzinə, digər məşğuliyyətə üstünlük verirlər. Bu da bir sıra hallarda müəllimlə şagird arasında insidentin olmasına rəvac verən səbəblərdəndir. Belə neqativ hadisələrə qarşı yerində ölçü götürülməlidir. Prosesin qarşısını zamanında almaq üçün pedaqoji şuralarda, valideyn-müəllim assosiasiyasında ciddi araşdırma aparılmalıdır. Günahkar olan müəllimin məktəbdə qalmasına heç cürə yol vermək olmaz. Günahkar şagird də eyni cür qiymətləndirilməli idi!”.
Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev vurğulayıb ki, şagirdin davranışında cinayət tərkibi varsa, məktəbdən xaric oluna bilər. Ancaq hər hansı davranışa görə şagirdin döyülməsi yolverilməzdir: "Cəzalandırmanın pedaqoji növləri var - danlaq, məzəmmət, şifahi, yazılı töhmət, başqa sinfə keçirmək və s. Bəzən şagird elə hərəkət edir ki, döyməkdən başqa yol qalmır. Çünki şagirdlərin hər biri müxtəlif tərbiyəli ailələrdən gəlir. Amma şagirdə əl qaldırmaq müəllimin acizliyidir. Şagirdləri özünə cəlb etməyən müəllimlər şagirdə qarşı güc tətbiq edirlərsə, demək, onların savadı yoxdur. Bu şəxslər müəllimlikdən pul qazanmaq üçün sinfə girənlərdir. 50 ildən artıqdır pedaqoji fəaliyyətlə məşğulam, heç zaman şagirdi vurmamışam. Belə bir pedaqoji tezis var, pis şagird yoxdur, pis müəllim var. Mən də bu tip uşaqlarla rastlaşmışam. Amma müəllimin peşəkarlığı məhz həmin uşaqları tərbiyə etməkdədir. Bu da çox çətin deyil, sadəcə, şagirdin marağının hansı sahəyə olduğunu müəyyən etmək lazımdır”.
Ekspertin fikrincə, şagirdi döyüb müstəqilliyini əlindən almaq olmaz: "Fiziki cəza görən uşaq hər zaman səhvlərini gizlətməyə çalışır, bu isə yalançılıq, yaltaqlıq, ikiüzlülük kimi halların yaranmasına gətirib çıxarır”.
Ayyət Əhməd