Şagirdlər ev tapşırıqları ilə yüklənməməlidir

Müəllimlər çalışmalıdır ki, mövzunu məktəb daxilində öyrətsinlər
“Uşaqların psixoloji durumu normal olmalıdır. Buna görə də uşaqlara artıq tapşırıqların verilməsi yolverilməzdir”



Bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib. Nazir müavini qeyd edib ki, istedadlı uşaqların aşkarlanması üçün onlara kənar tapşırıqların verilməsi təbii qarşılanmalıdır: "Bəzən müəllimlər uşaqlara proqramlardan kənar tapşırıqlar verirlər. Bu da onların istedadının aşkarlanması ilə bağlıdır. Çünki hər bir müəllimin əsas məqsədindən biri istedadlı uşaqları aşkarlamaq, onların inkişafını təmin etməkdir.

Buna görə də istedadlı uşaqların aşkarlanması üçün onlara proqramdan əlavə tapşırıqların verilməsi təbiidir. Lakin müəllimlər hər bir şagirdə onun fərdi potensialını nəzərə almaqla tapşırıqlar verməlidirlər. Gələcəkdə Təhsil Nazirliyi müəllimlərin bu istiqamətdə maarifləndirməsinə də diqqət yetirəcək”.

Bəs ekspertlər bu barədə nə düşünür? Şagirdlərə əlavə olaraq müəyyən tapşırıqların verilməsi düzgündürmü?

Məsələni dəyərləndirən təhsil üzrə ekspert, əməkdar müəllim Almaz Həsrət "Şərq”ə açıqlamasında bildirib ki, şagirdlərə əlavə tapşırıqların verilməsi zamanı 2 göstərici nəzərə alınmalıdır. 

Dərs zamanı bəzi şagirdlər mövzunu yaxşı mənimsəmədikləri üçün onlara əlavə tapşırıqlar nəzərdə tutulur. Həmçinin kifayət qədər savadlı şagirdlərə də müəyyən çalışmalar verilir və bu zaman həmin şagirdlərin fitri istedadları ortaya çıxa bilər: 

"Müasir dövrə nəzər salsaq, artıq yeni təlim proqramına, yəni kurikuluma uyğun deyilir ki, şagirdlərimizə əlavə tapşırığın verilməsi çox da üstün tutulmur. Bütün proqram, yəni mövzunun özü məktəb daxilində öyrədilir. Amma əminliklə deyim, elə uşaqlar var ki, onlar sinifdə elədiyi çalışmaları təkrar olaraq evdə etsələr, heç bir ziyanını görməzlər.

Təbii ki, rəsmi nümayəndələrin dediklərində müəyyən müsbət tərəflər var. Bəzən elə vaxt olub ki, müəllim dərsin gedişatı zamanı mövzunun mənimsənilməsi üçün verdiyi tapşırıqları uşaqlarla işləməyə çatdıra bilmir. Ona görə də mövzunu keçib qurtaran kimi xeyli miqdarda tapşırığı şagirdə verir. Firudin müəllimin dediklərində müsbət tərəf açıq görsənir. Deyilir ki, uşaqları yükləyən tapşırıqlar verilməsin, yəni elə yüngül tapşırıqlar verilsin ki, ya təkrar olsun və ya da şagirdin yaddaşında daha dərin iz buraxsın. Elə şagirdlər var ki, onlara tapşırıqların təkrar verilməsinə ehtiyac yoxdur. Yəni onlar çox savadlı uşaqlar olur.

Bir var ki, tapşırıqlar heç verilməsin, məncə, bu zaman qaranlıq məqam görünə bilər. Bu məqam da ondan ibarətdir ki, şagird məktəbdən evə gələrsə, evdə valideynlərin hərəsi öz işi ilə məşğuldur. Şagird tək qalır və özünün məşğuliyyətini tapa bilmədiyindən öz vaxtını boşuna sərf edir. 

Ümumi ortaq məxrəc kimi götürəndə isə əlavə tapşırığın verilməsinin mən də tam əleyhinəyəm. Bu, uşaqların zehni əməklə məşğul olması və fiziki əməyə vaxt ayırmaması deməkdir. Uşaqların fiziki əməklə məşğul olmaması isə gənc nəslimiz üçün ziyandır. Onlar yalnız zehni əməklə məşğul olurlar, bu da onların daha tez yorulmasına gətirib çıxarır. Müəllim şagirdlərlə sinifdə çalışmalıdır ki, şagird bütün mövzunu sinifdə mənimsəsin. Əgər mənimsəmədə fərqlilik yaranarsa, o zaman müəllim şagirdlərə əlavə tapşırıq verə bilər”.

Yeganə Bayramova