Sarkisyan əliboş qayıdacaq

İran qazını Ermənistan vasitəsi ilə Gürcüstana nəql etmək sərfəli olmayacaq




Ermənistan rəhbəri Serj Sarkisyan bu gün Gürcüstana işgüzar səfər edəcək. Səfər çərçivəsində Sarkisyan gürcü həmkarı Georgi Marqvelaşvili, Baş nazir İrakli Qaribaşvili, habelə parlament sədri David Usupaşvili ilə görüşəcək. Hələlik səfərin əsas məqsədi bəlli deyil. Lakin ehtimal olunur ki, Sarkisyan Tbilisidə İran qazının Gürcüstana Ermənistan vasitəsilə çatdırılması məsələsini müzakirə edəcək.

Xatırladaq ki, Gürcüstanın energetika naziri Kaxa Kaladze bir müddət əvvəl İran qazının Gürcüstana ixracı məsələlərini müzakirə etmək məqsədilə noyabrın ortalarında İrana səfər edəcəyini bildirib. Mediada da tranzit ölkənin Ermənistan ola biləcəyi ilə bağlı məlumatlar yayılıb.

Məsələni "Şərq”ə şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib ki, layihənin reallaşması üçün mövcud olan ciddi problemləri aradan qaldırmaq lazım olacaq:

"Layihə o zaman reallaşa bilər ki, Ermənistan tamamilə, yəni yüz faiz Rusiya qazından imtina etsin. Hazırda Ermənistan Rusiyadan 2 milyard kub metr qaz alır. Bu qaz şimaldan cənuba doğru, Gürcüstan üzərindən nəql edilir. İran qazının Gürcüstana ötürülməsi üçün mövcud boru kəmərinin istiqaməti dəyişdirilməlidir. Ancaq burda da bir nüans var. Hazırda İran qazının Ermənistana buraxılma gücü 1 milyard kub metrdir. Ermənistanın özünün istehlakı isə 2 milyard kub metrdir. Deməli, İrandan Ermənistana gələn boru kəmərinin buraxıcı gücü iki dəfə artırılmalıdır. Lakin bu, təkcə Ermənistanın təminatı üçündür. Əlavə olaraq Gürcüstanın tələbatını ödəmək və Ermənistanda tranzit həcmlərini almaq üçün boru kəmərinin buraxıcılıq gücü ən azı 2.5 milyard kub metrə yüksəlməlidir. Amma mən dəqiq bilmirəm, hazırkı qaz kəməri tələb olunan parametrlərə cavab verirmi, yoxsa ona paralel başqa bir qaz kəməri tikmək lazımdır”. Ekspertin sözlərinə görə, Ermənistanın coğrafi relyefinə uyğun olaraq qaz kəməri aşağıdan yuxarıya çəkilməlidir: "Qaz nəqlini reallaşdırmaq üçün marşrut üzərində çoxlu qaz kompressorları tikilməlidir ki, qurğular aşağıdan yuxarıya qazı vura bilsinlər. Bunun üçün isə çox böyük kapital tələb olunur. Bəs bu kapitalı kim ödəyəcək? Ermənistanın durumu hamıya bəllidir. İranın bu vəsaiti ödəyəcəyi isə sual altındadır. Onu da nəzərə almaq lazımdır ki, Ermənistan ərazisindən keçən magistral qaz kəmərinin sahibi Rusiyanın "ArmRostQazprom” şirkətidir. Yəni bu kəmər Ermənistanın tam mülkiyyətində deyil. Bunların hamısı həll olunması çətin olan mürəkkəb məsələlərdir. Bütün problemləri aradan qaldıraraq, İran qazını Ermənistan vasitəsi ilə nəql etmək Gürcüstan üçün heç də sərfəli olmayacaq. Belə olan halda həmin qazı ölkəyə gətirmək Gürcüstan hökumətinin nəyinə lazımdır? Yəni məntiqsiz bir şeydir”.

İsmayıl