Sarkisyan hakimiyyəti sarsıldı

Hərbi xunta dirəniş göstərsə də, nəticə xalqın xeyrinə olacaq“Qərb artıq istiqamətin ayırd olunmasını istəyir və mitinqlərin başlanmasını dəstəkləyir. Rusiyanın isə Ermənistanda itirəcək çox məqamları var”
Ermənistanın paytaxtı İrəvanda elektrik enerjisinin qiymətinin artırılmasına qarşı keçirilən etiraz aksiyaları hələ də davam edir.
Erməni KİV-nin verdiyi xəbərə görə, nümayişçilər İrəvanın Baqramyan prospektini tərk etməkdən imtina edirlər. Artıq elektrik enerjisi tariflərinin bahalaşması ilə bağlı keçirilən etiraz aksiyasına Ermənistanın bir çox şəhər və cəmiyyətləri də qoşulub.
Hazırda aksiyaların keçirildiyi Baqramyan prospektinə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub. Polislər dəyənək və allüminium qalxanlarla silahlanıblar. Etirazçıların toplaşdığı ərazilərdə küçə işıqlandırılması söndürülüb. Hazırda aksiyaların keçirildiyi İrəvanın Baqramyan prospektinə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub. Polislər dəyənək və allüminium qalxanlarla silahlanıblar.
Mən təşkilatçıları prospekti boşaltmağa çağırıram
Ermənistanın baş naziri Ovik Abramyan elektrik enerjisinin tariflərinin artırılmasına qarşı keçirilən kütləvi etiraz aksiyasının iştirakçılarını konstruktiv müzakirələrə çağırıb. "Armtoday” saytında yer alan məlumata görə, Abramyan hökumətin iclasında şəhərin ən mühüm magistral yollarından biri olan Baqramyan prospektini bağlamaqla nümayişçilərin heç bir nəticə əldə etməyəcəklərini deyib.
Baş nazir həmçinin hökumətin istənilən məsələnin müzakirəsinə hazır olduğunu vurğulayıb: "İnsanların şəhərdə sərbəst hərəkətinə əngəl törətmək Konstitusiya və qanunları pozmaq deməkdir. Mən təşkilatçıları prospekti boşaltmağa çağırıram. Onları konstruktiv yola gəlməyə və cəmiyyətimizi narahat edən məsələləri müzakirə etməyə səsləyirəm”. O. Abramyan iyunun 23-də səhər saatlarında etiraz aksiyasının dağıdılması zamanı baş vermiş bir sıra insidentlərlə əlaqədar araşdırma aparıldığını da qeyd edib: "İyunun 23-də səhər saatlarında polisin Baqramyan prospektində etirazçıların dağıdılması zamanı yol verdiyi hərəkətlər cəmiyyətin və bəzi beynəlxalq tərəfdaşların mənfi reaksiyasına səbəb olub. Polis yanında intizam komissiyasının görməli olduğu işlər var. Cəmiyyət obyektiv və şəffaf işlər gözləyir”.
Ermənistan hökumətinin yenidən elektrik enerjisinin qiymətinin artırılması ilə bağlı qərara baxmayacağını vurğulayan baş nazir əvəzində hökumətin aztəminatlı ailələrə də yardım edəcəyini deyib: "Ermənistan prezidenti ilə məsləhətləşdikdən sonra biz 105 min aztəminatlı ailəyə veriləcək müavinətlərin illik bazada dəyərinin 24 min drama qədər (50 dollar) qaldırılacağını qərara almışıq. Tarifin qaldırılmasının nəticələrini yumşaltmaq məqsədilə hökumət hər il əhalinin təminatsız hissəsinə 2,5 milyard dram (5,3 milyon dollar) yardım edəcək”.
Oturaq aksiya iştirakçılarının tələbləri dəyişməyib və Serj Sarkisyanla görüşə getməyəcəklər
Qeyd edək ki, İrəvanda elektrik tariflərinə etiraz məqsədi ilə başlamış "Talana son” aksiyasına qoşulmaq üçün Ermənistanın bir neçə bölgəsinin əhalisi paytaxta axın etməyə başlayıb. Ermənistanın "Ayazn” partiyasının təmsilçisi Armen Mkrtçyan deyib ki, üç-dörd vilayətin təmsilçisi avtomobillərlə etiraz aksiyalarına qoşulmaq üçün gəlir: "Biz onları gözləyirik. Qoy gəlsinlər, ondan sonra tələblərimizi səsləndirəcəyik. Bizim həm də tutulanlarımız var və bu da tələblərə əlavə ediləcək”. Onun sözlərinə görə, tələbləri dəyişməyib və Serj Sarkisyanla görüşə getməyəcəklər. Məlumat üçün bildirək ki, erməni polisi "Talana yox” oturaq aksiyasına qoşulmaq istəyən əsgər analarına da mane olub. Əsasən atəşkəs dövründə Qarabağda həlak olmuş erməni əsgərlərin analarının təmsil olduğu ictimai birlik üzvləri Baqramyan prospektinə keçərək prezident iqamətgahının və parlamentin önündə piket keçirmək istəyirlər.
Etiraz dalğası Dağlıq Qarabağa da sıçrayıb
Ermənistanda davam edən etiraz aksiyalarına işğal altında olan Dağlıq Qarabağdan da dəstək gəlib. Belə ki, özünü "Artsaxın Respublika Partiyası” adlandıran təşəbbüs qrupunun Ermənistanda davam edən mitinqlərin təşkilatçılarına xitabən yaydığı bəyanatda bildirilib: "Respublika Partiyasının yaradılması üzrə təşəbbüs qrupu adından bəyan edirik ki, sizin
başladığınız hərəkata dərindən rəğbət hissi bəsləyir, enerjinin qiymətlərinin tənzimlənməsi, bütövlükdə iqtisadiyyat sahəsində ədalətin bərqərar olunması yolundakı səylərinizi dəstəkləyirik”.
Təşəbbüs qrupunun həmsədrləri Karen Oqacyan və Arevik Petrosyanın imzaladığı bəyanatda həmçinin qeyd olunub: "Biz burada - Qarabağda sizin haqlı tələblərinizə qoşuluruq. Ümid edirik ki, sizin dinc aksiyalar erməni xalqının özünüdərk səviyyəsini yüksəldəcək”.
Ermənistan indi tam şəkildə İrəvanda etiraz edənlərin hüquqlarına hörmət etməlidir
ATƏT-in Demokratik institutlar və insan haqları bürosunun direktoru Mixail Georg Link Ermənistan hakimiyyətini İrəvanın mərkəzində dinc aksiyalar keçirən insanların azad toplaşmaq hüququna hörmət etməyə çağırıb: "Ermənistan ATƏT-ə üzv olan bütün ölkələr kimi öz üzərinə azad toplaşmaq hüququnu qorumaq öhdəliyini götürüb və indi tam şəkildə İrəvanda etiraz edənlərin hüquqlarına hörmət etməlidir”.
ATƏT rəsmisi qeyd edib ki, etirazçıları dağıtmaq üçün su şırnaqlarından istifadə və yüzlərlə etirazçının polis tərəfindən saxlanılmasına dair məlumatlar bizim ciddi narahatçılığımıza səbəb olur: "Həddən artıq güc tətbiqi, insanların əsassız şəkildə tutulmasına dair məlumatlar, bəyanatlar diqqətlə və operativ formada araşdırılmalı, günahkarlar məsuliyyətə cəlb olunmalıdır”.
ABŞ səfirini ölkədən çıxarın
İrəvanda baş verən etiraz aksiyasına münasibət bildirən rusiyalı deputat Valeri Raşkin Ermənistan hökumətinə ABŞ səfirini ölkədən çıxarmağı təklif edib: "Mən Ermənistan hökumətinin yerinə olsaydım, ABŞ səfiri Riçard Milsi çoxdan ölkədən çıxarardım”.
Onun sözlərinə görə, postsovet məkanında Rusiyanın iki dostu qalıb: "Faktiki olaraq, postsovet məkanında Rusiyanın iki əsl dostu qalıb. Bunlar Ermənistan və Belarusdur. Buna görə də amerikalılar sonuncu müttəfiqlərimizi daha güclü şəkildə bizdən ayırmağa çalışırlar. Onlar bizim ölkənin qarşısında növbəti rəngli inqilaba təşəbbüs edirlər”.
İrəvanı hər imkanda bombalayacaqlar
Rusiyalı digər politoloq Qriqori Trofimçuk isə söyləyib ki, qiymətlərin və tariflərin qalxması postsovet məkanının əhalisi üçün ən problemli məqamlardan biridir.
Onun sözlərinə görə, Ermənistanda hakimiyyətin devrilməsi heç nəyi dəyişdirməyəcək: "İnsanlar başa düşmürlər ki, qiymətlərin müntəzəm olaraq qalxması dövlətin bazar iqtisadiyyatının baza əsaslarından biridir. Qısası, erməni əhalisi anlamalıdır ki, artıq bundan sonra hətta kütlə tərəfindən saraya əllə gətirilən prezident olsa belə, qiymətləri daha yuxarı qaldırmalı olacaq. Faktiki olaraq pulsuz elektrik enerjisi yalnız SSRİ-də mövcud idi. Lakin həmin dövrü artıq qaytarmaq olmaz. Aydındır ki, İrəvandakı mitinqlər ölkəni daxildən zəiflətmək üçün zəncirin əsas halqasına çevrilir. Bu prosesin başlanğıcını rus əsgərinin Gümrüdəki erməni ailəsini güllələməsini göstərmək olar. Maraqlı məqam orasındadır ki, ona qarşı iş hələ bitməyib və nədənsə, həmin şəxsə layiqli cəza verilməyib. Bunlar ilk kütləvi çıxışlara səbəb oldu. Ermənistan hökuməti üçün digər problem isə yerli biznesmen Çarukyanın gözlənilmədən siyasi mövqe tutması oldu. İndi isə qiymətlərin qaldırılmasına qarşı kütləvi etirazlar başlayıb. Ermənistanı hər imkanda "bombalayacaqlar” ki, o, Avrasiya İttifaqından əl çəksin. Bundan başqa, bütün vasitələrdən istifadə ediləcək ki, Rusiya və Ermənistan qarşı-qarşıya gəlsin. Doğrudur, Rusiya Ermənistan üçün tarifləri dondura bilər, amma bu güzəştlərin əvəzini bu dəfə ruslar ödəməli olacaqlar. Maydana gəlincə isə Ukrayna hadisələri göstərdi ki, qiymətlərin azaldılması üçün
hakimiyyətin dəyişdirilməsi mənasızdır. Poroşenko dövründə əvvəlki illərdən fərqli olaraq qiymətlər bir neçə dəfə qalxdı”.
Rusiyanın sosial nəzarətində olan Ermənistanda qərb nəyəsə nail ola bilər?
Ermənistandakı hadisələri şərh edən "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu isə hesab edir ki, Ermənistandakı etiraz aksiyaları hibrid məsələlərdən qaynaqlanır: "Şübhəsiz ki, İrəvanda gedən proseslərdə sosial faktorlar xüsusi əhəmiyyət kəsb edir. Əks halda etiraz dalğası bu qədər kütləvi hal almazdı. Həm də ki, ortada real səbəblər olmadığı halda insanları bu cür qarşıdurmalara cəlb eləmək mümkün olmur. Amma proseslərin arxasında müəyyən qüvvələrin olmasını da istisna etmirəm. Bu faktorları isə zaman göstərəcək. İndidən konkret ad çəkmək çətindir. Çünki kütləvi aksiyaların arxasında hələlik heç bir siyasi qüvvənin görünməməsi müəyyən dolaşıqlıq yaradır. Amma Vətəndaş Cəmiyyəti fəallarının əhali ilə polis arasına girmə cəhdi fonunda siyasi konturların yaxın günlərdə özünü büruzə verəcəyini ehtimal etmək olar”.
Politoloq deyib ki, proseslərin arxasında Rusiyanın dayanma ehtimalı Qərb faktorundan daha yüksəkdir: "Ermənistan Rusiyanın "forpostu” olduğu üçün Kremlin nəzarəti orada çox güclüdür. Bu gün İrəvanda gedən proseslərdə qərb amili varsa, bu, birbaşa Rusiyanın zəifliyinə işarədir ki, onun sosial nəzarətində olan Ermənistanda qərb nəyəsə nail ola bilər?
Əgər etiraz aksiyalarında qərb amili üzə çıxmasa, deməli bu, Rusiyanın təşkil etdiyi bir işdir. Adətən heç bir aksiya kortəbii şəkildə baş vermir və onun təşkilatçıları olur. Təşkilatçıların görünməməsi bu işin arxasında Rusiyanın olmasına işarə edir. Siyasi tərəfləri məlum olmasa da bütün hallarda bu cür aksiya və qarşıdurmalar hakimiyyətin mövqeyini sarsıdır”.
Biz hələ tam olaraq, Ermənistanda nə baş verdiyini bilmirik
Müxalifətin aksiyalara seyrçi yanaşmasına gəldikdə isə Ə.Oruclu deyib ki, müxalifətin susqunluğu da hələlik proseslərə siyasi faktorların qoşulmaması ilə bağlıdır. Amma yüksək ehtimalla yaxın günlərdə Ermənistan müxalifəti etiraz aksiyalarına qoşulacaq. Sadəcə olaraq Ermənistan müxalifəti hələlik baş verənləri tam anlamadığı üçün meydanlara çıxmaqdan ehtiyatlanır.
Rusiya çalışacaq ki, Ermənistanda hakimiyyət böhranı baş verməsin
Politoloq Arzu Nağıyevin fikrincə isə bu gün İrəvanda baş verən xalq-hökumət qarşıdurması rəhbərliyin xarici və daxili siyasətdə etdiyi səhvlərin nəticəsidir: "Daha doğrusu, daxildə əhali əsasən qərbyönümlü siyasətə meyillidir və ruspərəst siyasi rəhbərliyin fikirləri ilə razı deyil. Necə ola bilər ki, "Armenenerji” rusların inhisarında olsun, qiymətlərin tənzimlənməsində birbaşa iştirak etsin, topdansatış qiymətinin aşağı salındığını bəyan etsin və qəflətən pərakəndə satış qiymətlər qalxsın. Yəni məntiqə sığmayan məsələdir. Məhz buna görə də Qərb artıq istiqamətin ayırd olunmasını istəyir və mitinqlərin başlanmasını dəstəkləyir. Rusiyanın isə Ermənistanda itirəcək çox məqamları var. Daha dərinə getsək, tam tənəzzülə uğrayan iqtisadiyyatı olan ölkə heç Rusiyaya da lazım deyil, sadəcə olaraq, böyük geosiyasi maraqlar güdür”.
A.Nağıyev hesab edir ki, Ermənistanda hakimiyyət böhranının baş verməməsi üçün Rusiya mümkün qədər səylərini artıracaq: "Böhran birbaşa Qarabağ məsələsinin tənzimlənməsinə təsir edə bilər. Çünki Ermənistan rəhbərliyi demək olar ki, beynəlxalq cinayətkarlardan, keçmiş səhra komandirlərindən təşkil edilib. Azərbaycan bu prosesləri mütləq diqqət mərkəzində saxlamalıdır və müəyyən mənada bundan öz xeyrinə istifadə etməlidir. Söhbət tam hərbi yoldan getməsə də, diplomatik səviyyədə istər Rusiya, istərsə də Qərb vasitəsilə bu proseslərə öz mövqeyindən baxmalıdır”.
Şəymən