Sarkisyan hakimiyyətinə nifrət son həddədir

Daxili etirazları səngitmək üçün ermənilər cəbhədə tez-tez gərginlik yaradır



Son günlər Ermənistan-Azərbaycan cəbhəsində vəziyyət yenidən gərginləşib və atəşkəs rejiminin pozulması aktiv fazaya keçib. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub. Müdafiə Nazirliyinin məlumatına görə, düşmən bir gecədə 8 rayonumuzu atəşə tutub.

Onu da deyək ki, cəbhədə Ermənistan işğalçı qüvvələrinin hərbi qulluqçusunun necə məhv edildiyinin videosu yayılıb.

Sosial şəbəkələrdə paylaşılan videoda görünür ki, təmas xəttində iti ilə birlikdə dayanan erməni əsgər başından vurulur, əsgər bir tərəfə, dəbilqəsi isə digər tərəfə düşür. Dağlıq Qarabağdakı separatçı rejim avqustun 14-də təmas xəttinin şimal-şərq istiqamətində erməni əsgərin öldürüldüyü barədə məlumat yayıb. Qeyd olunur ki, 1998-ci ildə anadan olmuş hərbi qulluqçu Arman Samveloviç Movsisyan yerindəcə ölüb.

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Ermənistan qoşunlarının hər gecə cəbhədə təxribat törətməsi daxili amillər, Sarkisyan hakimiyyətinin ciddi problemlərlə baş- başa qalmasının göstəricisidir: 

"Uzun zamandır ki, Ermənistan cəmiyyətində Sarkisyan rejiminə qarşı böyük nifrət formalaşıb. Bunu bilən Sarkisyan rejimi sərhəddə vəziyyəti gərginləşdirməklə daxili ictimai-siyasi vəziyyəti öz xeyrinə dəyişmək istəyir. Yəni, ölkə daxilində siyasi qütbləşmə pik həddinə çatıb və cəmiyyətdə Sarkisyan hakimiyyətinə nifrət son həddədir. Nifrət o qədər güclüdür ki, hətta, gənclər ordudan yayınır və birdəfəlik ölkəni tərk edirlər. Bu yolla isə Sarkisyan rejimi cəmiyyətin gözünü qorxutmaq istəyir”.

Politoloq hesab edir ki, daxildəki etirazları səngitmək məqsədi ilə ermənilər cəbhə xəttində gərginlik yaratmaqla, Azərbaycanı öz təxribatlarına cəlb etmək istəyir: 

"Bu yolla həm də özlərinin ordusunun daxilindəki pozuculuq, fərarilik hallarını "xarici düşmən” obrazı ilə cəzalandırmağa çalışırlar. Bir yandan da bu təxribatlar Azərbaycan tərəfinə psixoloji təsir göstərmək məqsədi ilə törədilir. Dinc əhaliyə qarşı tətbiq edilən gülləbaranlar, təmas xəttinə yaxın kəndlərin atəşə tutulması cəbhəyə yaxın kəndlərdə yaşayan ailələr arasında panika yaratmaq və əhalini köçməyə sövq etmək istəyirlər. Ancaq Azərbaycan ordusu onların bu alçaq cəhdlərinin qarşısını qətiyyətlə alır və mülki əhalini də bütün təhlükələrdən müdafiə edir”.

Q.Hüseynlinin sözlərinə görə, ermənilərin cəbhədə gərginlik yaratmasının beynəlxalq aspektləri də ola bilər. Bilirsiniz ki, bu günlərdə Rusiyanın özündə də vəziyyət ürəkaçan deyil. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar əhalinin əhval- ruhiyyəsini xeyli dərəcədə korlayıb. Belə olan halda isə super güclərin gündəmi dəyişmək və diqqəti başqa hadisələrə yönəltmək cəhdləri də Azərbaycan-Ermənistan arasındakı münasibətlərin gərginləşmə səbəbi ola bilər:

"Görünür, Gürcüstanda NATO qoşunlarının "ləyaqətli tərəfdaş” adlı təlim keçirməsi Rusiyanın hərbi- siyasi dairələrində ciddi narahatlıq yaratmış və onlar bu təlimlərin bölgədə müəyyən rezonans doğuracağından narahat olub, bölgə ilə bağlı yeni ssenarilər həyata keçirməyə cəhd göstərə bilər. Bütün bu planlarını isə həmişəki kimi "fors major” rolunu oynayan Ermənistan vasitəsilə həyata keçirir”.


İrəvanın bütün bu təxribatları acizlikdən etdiyini vurğulayan Q.Hüseynliyə görə, Ermənistan genişmiqyaslı müharibəyə hazır deyil. Sadəcə əli Rusiyanın ətəyində olduğuna görə, Azərbaycanı Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatı ilə üz-üzə qoymağa çalışır. 

Qəsdən Azərbaycanla sərhəd rayonları atəşə tutaraq Azərbaycan ordusunun cavab zərbələrini gözləyir. Sonra isə bundan istifadə edərək dünya gücləri və KTMT qarşısında şüvən salmaq istəyir. Onların bu hay-həşirinə isə yalnız Rusiya reaksiya verə bilər.

Şəymən