Sarkisyan söhbətin kimdən və nədən getdiyini anlayırdı

Qazaxıstanda gerçəkləşən sammitdə terrorla bağlı verilən mesajlar ünvanına çatıb




MDB və Avrasiya İttifaqı dövlət başçılarının Qazaxıstanda baş tutan növbəti sammitində BMT-nin yaranmasının 70 illiyi, beynəlxalq terrorizmlə mübarizə, MDB-nin növbəti sammitinin keçiriləcəyi yer və sədrliyin Qırğızıstana keçməsi məsələləri müzakirə edilib. Bu sözləri "Şərq”ə analitik Arzu Nağıyev deyib. Onun sözlərinə görə, bundan başqa geniş tərkibdə keçirilən iclasda Çernobıl hadisəsinin 30 illiyi, MDB-nin ümumi sərhədlərinin qorunmasının gücləndirilməsi, o cümlədən Suriya məsələsi əsas istiqamət kimi müzakirə mövzusu olub:

"Azərbaycanla bağlı, daha doğrusu, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gündəlikdə məsələ qoyulmasa da, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında qaldırdığı məsələlər öz aktuallığı ilə yadda qaldı. Məlumdur ki, MDB çərçivəsində humanitar məsələlərdə bir sıra layihələr həyata keçirilir, o cümlədən dövlətlər arasında vizasız gediş-gəliş, ümumi məkanda təhsil məsələləri kimi ortaq layihələr də var. Lakin bizim üçün prioritet məsələ olan ərazi bütövlüyü və erməni təcavüzü, beynəlxalq terrorizmlə mübarizə cənab İlham Əliyevin çıxışının əsas mövzusu oldu. Prezidentin çıxışında əsas məqam ondan ibarət idi ki, əgər doğrudan da, MDB bir qurum kimi qalmaq istəyirsə, bir çox sahələrdə birgə səylər göstərməli və mühüm addımlar atmalıdır. Prezident eyni zamanda əminliklə qeyd etdi ki, "Azərbaycan beynəlxalq terrorizmlə mübarizə üçün bundan sonra da bütün səylərini əsirgəməyəcək”.

Ekspertin bildirdiyinə görə, Prezident İlham Əliyev öz çıxışında hazırkı vəziyyəti düzgün qiymətləndirərək qeyd edib ki, bugünkü mərhələdə beynəlxalq terrorizmə qarşı mübarizə bütün ölkələr üçün prioritet olmalıdır və biz yalnız səylərimizi birləşdirməklə qarşıya qoyulmuş məqsədlərə çata bilərik: "Bu, terrorizmi özlərinə bir sənət seçmiş ermənilərə də aiddir. Prezident mühüm bir məsələyə eyham vurmaqla ermənilərin bu əməllərindən çəkilməsi yollarını da göstərdi. Təbii ki, bu gün ermənilərin iqtisadi və siyasi tənəzzülə uğraması göz qabağındadır. Terrorizm daha çox belə mühitdə özünü qabarıq şəkildə büruzə verir. Məhz buna görə də Prezident İlham Əliyev dəqiq qeyd etdi ki, bunun "daxili səbəbi isə yoxsulluq, savadsızlıq, gerilik, radikalizm, fundamentalizm, sosial ədalətsizlikdir. Əgər bu və ya digər ölkədə bu obyektiv səbəblər yoxdursa, orada xaricdən göstərilən bütün səylərə baxmayaraq terrorizmin yetişməsi üçün zəmin yaratmaq çox çətin olacaq”. Təbii ki, sammitdə iştirak edən dövlət başçıları, o cümlədən Sarkisyan söhbətin kimdən və nədən getdiyini başa düşməmiş deyil.

Ayyət Əhməd