Sarkisyanın devrilmə planı...

Rusiya iddia edir ki, İrəvanda yaşananlar Qərbin işidir
Rasim Musabəyov: “Ermənistan bu hərəkətlərlə sadəcə Rusiyaya göstəriş verib”


Zahid Oruc: "Qərb hər zərrədən istifadə etməklə Ermənistanın Rusiyadakı
mövqelərini zəiflətməyə çalışır”

Ermənistanı üsyan dalğası bürüyüb. Qazın qiymətinin qalxması və bir çox sosial problemlərin həllini tapmamasından sonra Ermənistanın paytaxtı İrəvanda elektrik qiymətlərinin artırılmasına etiraz edən şəhər sakinlərinin mitinqi Maştots prospektində davam edir. Polis etirazçılara hər hansı bir addım atmamaq xəbərdarlığını edib.

Qeyd edək ki, dünən səhər saat 7-dək etirazçılar ərazidə olan zibilləri yığışdırıblar. Gücləndirici səs vasitəsilə mitinqçilərə elan edirlər ki, kim bütün gecə boyu oturaq aksiya keçiribsə, o, əvəzlənə bilər. Aksiya iştirakçılarına yemək və su gətirilir. Onlar liderlərinin olmadığını da etiraf ediblər.

Dünən axşam isə onlara bir çox deputatlar, aktyorlar və şou-biznesin nümayəndələri qoşulublar. Aktyor Ovanes Azoyan təklif edib ki, etirazçılar Azadlıq Meydanına qayıtmalıdırlar. Təklif isə qəbul edilməyib. Bildirilib ki, Baqramyan prospektində mitinq etmək onlar üçün sərfəlidir.

Nəticədə etirazçılar polisə müraciət ediblər ki, heç kəsi onların yanına göndərməsinlər. Gecə bir qrup insan prezident Serj Sarkisyanla görüşmək istəyib. Ancaq bu istək də çoxları tərəfindən bəyənilməyib. Ərazidə şəhər sakinləri zibil qutularından barrikada qurublar.

Oturaq aksiyası keçirənlər "Serjik, get” şüarını səsləndiriblər. Onlar aksiyaların tələbləri yerinə yetənədək davam edəcəyini bəyan ediblər.

Biz korrektəyə ehtiyacı olan qərar qəbul etməmişik

"İnterfaks”a istinadən aldığımız xəbərə görə, Ermənistanın İctimai xidmətlərin tənzimlənməsi üzrə Dövlət Komissiyasının mətbuat katibi Mariam Stepanyan komissiyanın avqustun 1-dən ölkədə elektrik enerjisi tariflərinin artırılması ilə bağlı daha əvvəl qəbul etdiyi qərara yenidən baxmayacağını bəyan edib. Onun sözlərinə görə, komissiya əhalinin kütləvi narazılığına və etiraz aksiyaları keçirməsinə baxmayaraq, öz qərarını dəyişmək niyyətində deyil. "Biz korrektəyə ehtiyacı olan qərar qəbul etməmişik”. O əlavə edib ki, təmsil etdiyi qurum uzunmüddətli müzakirələr nəticəsində iqtisadi baxımdan əsaslandırılmış qərarlar qəbul edən müstəqil orqandır: "Məsələnin sosial tərəfi bizə aid deyil. İqtisadi balansı qorumaq lazımdır. Yəni etibarlı və keyfiyyətli xidmətə görə, həmin miqdarda ödəniş etmək lazımdır”.

Rusiyanın "İnter RAO” ASC-yə məxsus "Ermənistan Elektrik Xətləri” QSC-dən isə bildiriblər ki, şirkət elektrik enerjisi tariflərinin qaldırılması ilə bağlı müraciətlərə yenidən baxmaq niyyətində deyil.

Aksiyada soyuq silah aşkarlanıb

Ermənistan polisinin rəis müavini Unan Poqosyanın sözlərinə görə, polis sadə vətəndaşların görmədiyi işləri görür. "Dünən aparılmış işlər nəticəsində vətəndaşlarda xeyli sayda bıçaq və biz aşkarlanıb. Onlardan polis əməkdaşlarına qarşı istifadə oluna bilərdi”.

Bu arada Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muyjnieks iyunun 23-də İrəvanda dinc aksiyanın dağıdılması zamanı güc tətbiqindən narahatlığını ifadə edib. O, Ermənistan hakimiyyətini insan haqları ilə bağlı beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırıb: "Jurnalistlərə qarşı zorakılıq halları ilə bağlı aldığım məlumatlar narahatlıq doğurur. Mətbuat nümayəndələri təhlükəsiz və sərbəst şəraitdə işləməlidirlər”.

Enerji tariflərinə qarşı etiraz ilkin bəhanədir

Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Dövlət Dumasının keçmiş deputatı Sergey Markov isə bildirib ki, Yerevanda dövlət çevrilişnə hazırlıq gedir və aksiyaçılar arasında Ukraynadan gəlmiş döyüşçülər var. Markov Yerevanda baş verənləri dövlət çevrilişinə hazırlıq adlandırıb:

"Enerji tariflərinə qarşı etiraz ilkin bəhanədir. Bu, müxalifətin rəngli inqilablar yolu ilə hakimiyyəti tutmaq üçün səbəbdir. Müxalifət buna çoxdan hazırlaşırdı. Mitinqçilər arasında çoxlu Avropa Birliyinin bayrağını tutanlar var. Əvvəlcədən təlim keçmiş xeyli döyüşçü polis kardonunu yarmaq üçün cəhd edir. "Şərq Tərəfdaşlığı” proqramından imtina edəndən sonra bu aksiyaların başlanacağı gözlənilən idi. Yerevanda spontan xalq mitinqinin başlanması barədə danışmaqdan söz gedə bilməz. Qərb texnoloqlarının indi əsas məqsədi qan axıdılmasına nail olmaqdır”.

Serj hələ ki, hakimiyyətdən getməyəcək

"Ermənistanda aksiyaların davamlı xarakter alacağını düşünürəm. Hər nə qədər aksiyaçılara qarşı güc tətbiq edilsə də, onların qarşısını almaq çətin olacaq”.

Millət vəkili, politoloq Rasim Musabəyov isə hesab edir ki, İrəvanda baş verən kütləvi aksiyalar heç də Sarkisyanın devrilməsi ilə nəticələnməyəcək: "Ermənistanda ötən prezident seçkilərindən sonra orada yaşananlar sözün əsl mənasında dəhşət saçırdı. Aksiya zamanı yaralananlarla yanaşı, qətlə yetirilənlər belə olmuşdu. Yəni buradan belə çıxır ki, Serj Sarkisyan öz hakimiyyətini əldən verməmək üçün insan ölümlərinə belə göz yumar. Bu da onu göstərir ki, Serj hələ ki hakimiyyətdən getməyəcək”.

Politoloq Ermənistandakı aksiyaların hökumətin bir oyunu olduğunu qeyd edib: "Ermənistan bu hərəkətlərlə sadəcə Rusiyaya göstəriş verib. Çünki Rusiya xərclərin daha çox yüksəldilməsini tələb etmişdi. Bunlar isə göstərmək istəyir ki, baxın, bu qiymət artımı ilə bağlı nə qədər etiraz səsləri yüksəlib. Ona görə də hesab edirəm ki, aksiyalar hələ bir müddət davam edəcək”.

Sarkisyanın hesablamaları özünü doğrultmadı

Ermənistanda baş verən son olayları dəyərləndirən millət vəkili Zahid Oruc deyib ki , Ermənistandakı aksiyaların kütləvi qarşıdurma halını almasının müxtəlif səbəbləri var. Bu gün baş verən aksiyaları sadəcə iqtisadi-sosial, siyasi amillər, dövlətçilik sisteminin oturuşmaması ilə əlaqələndirmək yanlış olardı. Bu gün İrəvanda baş verənlər bir parametrli tənlik deyil. Bu mənada qarşıdurmalara son qoymaq üçün Ermənistanın hakimiyyət dəyişikliyinə getməsi də yetərli olmayacaq. Kütləvi aksiyaların uzun müddət davam edəcəyini güman edirəm.

Çünki Ermənistanın yeritdiyi siyasət normal idarəetmədən çox uzaqdır:

- Ermənistanda baş verən hadisələrin bir neçə səbəbi var. Burada geopolitik hadisələr və daxili siyasi-iqtisadi şərait çox önəmli yer tutur. Birmənalı söyləmək mümkündür ki, Ermənistan Avrasiya İqtisadi Birliyinə daxil olduqdan sonra ölkə içərisindəki siyasi böhran bir qədər də dərinləşib. Sarkisyanın hesablamaları özünü doğrultmadı. O, düşünürdü ki, ölkəsi məlum addımlar hesabına Qərbdən tamamilə üzlüşməyinə rəğmən Rusiya Ermənistanı tam özünün vassalı elan edərək bütün iqtisadi köməklik edəcək. Lakin məlum hadisələr, Ukrayna böhranı, Qərblə Rusiyanın savaşı imkan vermədi ki, Ermənistan arzu etdiyinə çatsın. Rəsmi İrəvanın planı ondan ibarət idi ki, Rusiya xalqın ağır problemlərini öz üzərinə götürsün. Cənubi Osetiya və Abxaziyada məhz oxşar addımlar atılmışdı. Rusiya 2 milyard dollara yaxın vəsait verdi ki, özünü dövlət elan edən subyektləri tanısın və onları öz himayəsinə götürsün. Ermənilər üçün bu baş vermədi.

Son aksiyaların şiddətinin başlıca səbəblərindən biri Azərbaycanla bağlıdır

Bundan sonra Ermənistanda qazın qiymətinin qalxmasının əleyhinə aksiyalar keçirildi. Gümrüdə rus hərbçi Permiyakovun törətdiyi hadisə, 7 nəfərin qətlə yetirilməsi və buradakı hərbi baza ölkənin ictimai fikrini tutdu və hakimiyyətlə savaşı dərinləşdirdi. Ermənistanda baş verən son aksiyaların şiddətinin başlıca səbəblərindən biri Azərbaycanla bağlıdır. Nə qədər inkar olunsa da, informasiya müharibəsində qeyri-real və əsassız məsələləri qabartsalar da, sadə erməninin gözü ilə baxanda Azərbaycanda bir cazibədarlıq var. Bizim ölkəmizin inkişafı, Qarabağ cəbhəsində dəyişən şərait avtomatik ermənilərə öz təsirini göstərir. Erməni anaları Qarabağdan qayıdan tabutların günahını Sarkisyan rejimində görürlər.

Ermənilər Qarabağın Ermənistan dövləti tərəfindən dağıdıldığını görürlər. Qərb institutları güclü bir şəkildə Ermənistana nüfuz etməyə çalışaraq bu dövləti Rusiyanın təsir dairəsindən çıxarmaq istəyirlər. Sarkisyan rejimi əleyhinə qərbpərəst dairələri təşkilatlandırırlar. Ermənistanın da güclü lobbi mərkəzləri Qərbdədir, Rusiyada deyil. Ona görə Moskvadan da bu hadisələri diqqətlə izləyirlər. Düzdür, bu gün qərbpərəst qüvvələrin güclü lideri, təşkilati dayaqları yoxdur, onlar əksər hallarda zəif və pərakəndə şəkildədirlər”.

Millət vəkilinin sözlərinə görə, Ermənistanda geopolitik maraqları toqquşan qüvvələr indiyə qədər xalqın etirazlarını yönləndirə bilmirdilər. Ölkədə Rusiya meylli qüvvələr bəlli çəkiyə sahib olduğu üçün onları tam şəkildə Sarkisyan rejiminə qarşı qaldırmaq mümkün olmurdu. Qərbpərəst qüvvələrin isə elektoral bazası az idi. Doğrudur, bu gün Ermənistanda baş verən prosesləri Rusiya qərbin "revanş” götürmək, cənub cinahında Rusiyaya zərbə endirmək planı kimi qiymətləndirir. Qərbin mövqeyi isə ondan ibarətdir ki, Sarkisyandan sonra hakimiyyətə gələcək şəxsin dərhal Türkiyə və Avropa ölkələri ilə fəal əməkdaşlığa start verməsi onsuz da real deyil. Erməni diaspor və lobbi mərkəzlərinin qərb ölkələrində olmasına rəğmən onların heç biri Ermənistanda hakimiyyət qurmaq iqtidarında deyil. İndiki halda qərb Ermənistanda mövcud olan sosial-iqtisadi problemləri damla-damla toplayıb, Ermənistanın faciələrinin Rusiya ilə bağlı olduğuna dair qərb mətbuatında yazılar dərc edir. Yəni qərb hər zərrədən istifadə etməklə Ermənistanın Rusiyadakı mövqelərini zəiflətməyə çalışır. Amma əvvəldə də dediyim kimi, potensiallı lideri olmadığı üçün qərbin Ermənistanda möhkəmlənməsi mümkün olmayacaq

Serj Sarkisyan ancaq kriminal "razborka”lara yarıyan biridir

Millət vəkili qeyd edib ki, Ermənistanda baş verən son hadisələr onu deməyə əsas verir ki, oradakı sosial böhran, siyasi nəticələr doğura bilər. Ermənistanda hakimiyyət dəyişsə, heç şübhəsiz, Azərbaycana təsir göstərəcək: "Bir çoxları düşünür ki, bu, mənfi təsir olacaq. Ermənilər, erməni xalqı bütün gücünü Sarkisyanı devirməyə sərf edir. Ermənilərin elə bir qüvvəsi meydana çıxa bilməz ki, Türkiyə və Azərbaycanla müharibə apararaq erməni xalqını yaxşı yaşatsın. Bu gün erməni cəmiyyətinin faciəsinin böyük səbəbi Azərbaycana qarşı müharibədir. Ermənilər özlərini Azərbaycanın neftindən, qazından və onların tranzit imkanlarından məhrum edib. Tankın üzərində inkişaf mümkün deyil. Sarkisyanın hakimiyyətdən getməsi Azərbaycanın gücünü artırsa da, bu, avtomatik olaraq bizim qələbəmizlə nəticələnməyəcək. Amma bir məsələ var ki, sosial məsələlər ölkənin bir nömrəli probleminə çevrilən zaman milli məsələlər öləziyir. Erməni xalqının müəyyən bir potensialı var. Bunu inkar etmirik. Sarkisyan isə o potensialdan qat-qat aşağıdır. Ermənilər bilir ki, Sarkisyan nə beynəlxalq, nə də regional planda böyük düşünməyi bacaran, öz millətini təşkilatlandıran bir lider deyil. Ümumiyyətlə, Sarkisyanın milli dövlətçilik və liderlik keyfiyyətləri son dərəcə bərbad vəziyyətdədir. O, ancaq kriminal "razborka”lara yarıyan biridir”.

Şəymən