
Savadsızlıq, səhlənkarlıq və cəzasızlıq...
Ana və uşaq ölümlərini nazirlik ciddi araşdırmalıdırHəkimlər tarixçəni dərhal deyil, əməliyyatdan çıxandan sonra doldururlar. Əməliyyat uğurlu keçməyəndə də öz istədikləri kimi yazırlar

Son zamanlar doğuş zamanı həkim səhlənkarlığı və yaxud savadsızlığı nəticəsində baş verən ana, uşaq ölümlərinin sayı durmadan artır. Şübhəsiz ki, həmin hadisələr mütəmadi olaraq mətbuatın gündəminə gətirilir və ciddi tənqid predmetinə çevrilir. Hətta bu işlərin birbaşa həkim səriştəsizliyi və bacarıqsızlığı ilə bağlı olduğunu sübut edən jurnalist araşdırmaları da ortaya qoyulur.
Və aidiyyəti qurumdan mövcud problemin həlli tələb olunur. Buna rəğmən məsələyə əncam çəkilmir. Kim harda, necə gəldi klinika açır. Ağ libasa bürünüb, əlinə bıçaq, qayçı götürüb əməliyyata girir. Bu da sonda ana, uşaq ölümü ilə nəticələnir. Məsələn, belə hadisələrdən biri yanvarın 2-də baş verib. Göygöl Şəhər Mərkəzi Xəstəxanasının 16 dekabr 2015-ci il tarixli göndərişinə əsasən "35-36 həftəlik hamiləlik, ölü döl, ciftin hissəvi ayrılması, hipoqlemekiya, anemiya, loporotomiya, aşağı seqmentdə qeysəriyyə əməliyyatı, birinci cərrahi doğuş, endogen intaksikasiya, qaraciyər hepotozu” diaqnozu ilə paytaxtın Yasamal rayon ərazisindəki Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Ülviyyə Abbasova həkim savadsızlığının qurbanı olub. Baxın, artıq vəziyyət o həddə çatıb ki, "həkimlərimiz” təbii proses olan doğuşu belə müvəffəqiyyətlə həyata keçirə bilmirlər. Dəhşət doğuran məqam isə odur ki, uğursuz əməliyyat aparıb, sağlam pasiyenti yarımcan edən və yaxud onun həyatına son qoyan məsuliyyətsiz həkimlərə qarşı tədbir görülmür. Onlar nəinki həbsə alınır, heç işdən də çıxarılmır. Ən ağır halda isə çalışdıqları müəssisə rəhbərlərinin töhmətini almaqla canlarını qurtarırlar.
Məsələyə münasibət bildirən hüquqşünas İradə Cavadova "Şərq”ə söyləyib ki, Azərbaycanda həkimi yol verdiyi səhlənkarlığa və savadsızlığından irəli gələn uğursuz əməliyyata görə cinayətə cəlb etmək çox çətindi: "Həkim xəstəlik tarixçəsini elə gözəl düzüb-qoşur ki. Baxan elə bilir ki, doğuş zamanı ölən anaların özləri xəstə olub. Guya həkim əlindən gələni edib, amma ana və uşağı qurtara bilməyib. Doğrudur, tək bizdə deyil, bütün dünya ölkələrində belə hadisələr qeydə alınır. Amma başqa ölkələrdə belə hallara çox az rast gəlinir. Biz isə vaxtaşırı bu cür xəbərlər alırıq. Əlbəttə, həkimlərin qeyri-peşəkar olmasından və savadsızlığından irəli gəlir”. Ekspert hesab edir ki, Səhiyyə Nazirliyi (SN) hər doğuş zamanı vəfat edən ana və uşaq ölümlərinə görə ciddi araşdırmalar aparmalıdır: "Bunun səbəbləri ört-basdır edilməməlidir. Əksinə, öyrənilməlidir. Niyə ana və uşaqlar həkimlərin əlinin altında ölürlər. SN-dən başqa tibbi ekspertiza da araşdırmalara başlamalıdır. Məsələn, bu yaxınlarda belə oxşar məsələ ilə bağlı mənə müraciət etdilər. Düzdü, həmin ana həkimlərdən sağ qurtara bilmişdi. Amma qadınlığından məhrum olmuşdu. Bu da həkiminin əməliyyatı düzgün aparmaması səbəbindən baş vermişdi. Yəni həmin xanım daha ana övlad dünyaya gətirə bilməyəcək. Onun qadın orqanları əməliyyat olunub götürülüb. 27 yaşlı gənc xanımı həkim yarımcan edib. Əlbəttə, həmin xanım çox əzab çəkir. Baxın, əvvəllər həmin xanımla bağlı tibbi ekspertiza SN-ə məktub göndərib ki, bu, birbaşa həkimin qeyri-peşəkarlığı və bacarıqsızlığı nəticəsində baş verib. Lakin sonra cinayət işi başlayanda tibbi ekspertizanın eksperti hüquq-mühafizə orqanına tamam başqa rəy verir ki, bu, həkimin səhlənkarlığı deyil, qadının öz orqanizmindən əmələ gəlib. Bir müddətdir ki, o işlərlə mübarizə aparırıq. Hüquq-mühafizə orqanları da işi araşdırmır. Yəni ilk olaraq tibbi ekspertiza dedi ki, həkim səhlənkarlığı və savadsızlığıdır. Qarşı tərəfdən rüşvət alandan sonra isə dediyini inkar etdi. Həmin xanım tapdanmış hüquqlarını bərpa edə bilmir”. Ekspert diqqətə çatdırıb ki, hazırda ölkədə pasiyentlərin hüquqları qorunmur: "Faktiki olaraq qanunda boşluq mövcuddur. "Pasiyent hüquqları haqqında” qanunun olmadığından onlar müdafiəsiz qalırlar. Baxın, insanlar əməliyyata girəndə həkim hökmən bir ərizə alır ki, sənin başına nə oyun gətirsəm də, məsuliyyət bizim üzərimizə düşmür. Yəni hər şeyi pasiyentin üzərinə buraxırlar. Bu isə yolverilməzdir”. Həmsöhbətimiz qeyd edir ki, doğuş zamanı ana və uşağı öldürən həkimlərlə bağlı SN ölçü götürməlidir: "Ən azından həmin həkimi bir müddət həkimlikdən məhrum etməlidirlər”.
İ.Cavadova bəyan edib ki, hazırda bizim əksər həkimlərimiz heç UZİ aparatında işləyə bilmirlər: "Elələri olur ki, qara ciyərlə böyrəyin yerini bilmir. Tibb sahəsinə ciddi önəm verilməlidir. SN buna dair ciddi proqramlar həyata keçirməlidir ki, ana və uşaq ölümləri minimuma endirilsin və yaxud heç baş verməsin”. İ.Cavadova söyləyib ki, hazırda həkimlər təbii deyil, keysəriyyə əməliyyatı ilə doğuşa üstünlük verirlər: "Çünki ikinci daha gəlirlidir. Lakin bu əməliyyat həm ana, həm də uşaq üçün problemlidir. Uşaqda fəsadlar ola bilər”.
Ekspert onu da əlavə edib ki, "pasiyentin hüquqlarının müdafiəsi haqqında” bir ara Milli Məclis təklif vermişdi. Yəqin onun üzərində işləyirlər. Qanunverici orqan bununla bağlı təkliflərini verəcək. Ümid edirik ki, qanun qəbul olunacaq. Bir daha təkrar edirəm ki, SN məsələlərə diqqət yetirməlidir. Daxili nizam-intizam qaydaları və yaxud lisenziyaların verilməsini gözdən keçirməlidir. Ona görə ki, həkimlər tarixçəni dərhal deyil, əməliyyatdan çıxandan sonra doldururlar. Əməliyyat uğurlu keçməyəndə də öz istədikləri kimi yazırlar. SN buna da baxmalıdır”.
Ayyət Əhməd