
Sayğısızlıq: Aygün, Günel, indi də Röya...

Bizimkilərə Türkiyə telekanallarında zaman-zaman aşağılayıcı münasibət sərgilənib, amma yenə də bəzilərinə dərs olmayıb. Bəzi sənətçilər Türkiyə şou-biznesini tanınmağın ən üstün yolu kimi
görür və böyük ciddi-cəhdlə özlərini Türkiyə şou-biznesinə sırımaq istəyirlər. Nəticədə çox komik duruma düşürlər. Olan-qalan hörmətləri də heç olub gedir.
İlk fiasko Aygündən...
Dəfələrlə azərbaycanlı müğənnilərin Türkiyədə sayğısızlıqla qarşılaşdıqları hallar olub. Məsələn, Azərbaycanda "Diva”, "Madonna” adlanan Aygün Kazımova nə var-nə var, Bülənt Ərsoy adını çəkəcək, onu səhnəyə dəvət edəcək deyə, bəlkə də günlərlə İstanbulda "bəkləyib” durdu. Nəhayət, bir gecə konsertində Bülənt Ərsoy əlini zala uzadıb Aygünü səhnəyə dəvət etdi. Aygün səhnəyə çıxdı, vaxtını oxumağa, səsini, istedadını nümayiş etdirməyə deyil, Bülənt Ərsoya yaltaqlanmağa, onu öyməyə sərf etdi. Səs imkanlarını heç də geniş göstərməyə imkan verməyən xalq mahnısı oxudu. Bəlkə də bunu Ərsoyun ətrafı istəmişdi. Çünki o konsertdə Bülənt Ərsoy boy verməliydi, Bülənt Ərsoy olan yerdə kimsə istedad nümayiş etdirə, səs imkanlarını ortaya qoya bilməzdi. Bəlkə buna Aygün Kazımova bacardığından qat-qat aşağı templə bir mahnı ifa etdi. Və yenə də Bülənt Ərsoya təriflər "döşədi”: Siz türk dünyasının divasısız, falan, filan... Aygün mahnı ifa edərkən Bülənt Ərsoyun hayranları ilə məşğulluğu diqqətdən yayınmırdı. Sanki səhnədə heç kim yox idi, heç kim oxumurdu. Bülənt Ərsoy öz işindəydi. Fanatları ilə öpüşüb-görüşürdü. Hərdən-bir də Aygünə tərəf baxırdı. Bəli, ad oldu ki, Aygün Kazımova İstanbulda Bülənt Ərsoyla eyni səhnəni paylaşıb. Bizim telekanallar da bunu "olay, olay!” kimi təqdim etdilər.
Bəs Türkiyə tamaşaçısı o konsertdə Aygünün hansısa istedadını gördümü, səsinin gücünü duydumu, müğənniliyinə vaqif oldumu? Demək olar ki, xeyr. Bir-iki dəqiqəlik səhnədə yer almaq üçün külli miqdarda pul xərcləyib, günlərlə gözləmək, sonra da dəlisov Bülənt Ərsoyun qarşısında sınmaq, onun böyüklüyünü etirafda bulunmaq çoxmu lazım idi Aygün Kazımovaya?! Qoy, özü fikirləşsin.
Ardınca Günel...
Xatırlayırsınızsa, İbrahim Tatlısəs tərəfindən illər öncə hələ uşaqkən Türkiyəyə aparılan və müğənnilik karyerasına başlayan Günel bu ölkədə "Azəri qızı Günel” kimi tanındı. İnsafən demək lazımdır ki, İbrahim Tatlısəs qızımızı əməlli-başlı məşhurlaşdırdı. Kasetləri, albomları çıxdı, klipləri çəkildi. Amma elə ki, qızımız böyüdü, iynə olub batdı Türkiyə şou-biznesinin gözünə. Və günlərin bir günü dili ağzına sığışmayan Seda Sayanın "Sabahların Sedası” verilişinə qonaq oldu. Və Günelə qarşı əməllicə sayğısızlıq göstərildi. Təsəvvür edin, canlı yayımda bizim "Sarı gəlin” mahnısı səslənir. Seda Sayan deyir ki, bu, erməni mahnısıdır. Günel istəyir dillənsin və desin ki, xeyr, bu, Azərbaycan xalq mahnısıdır, amma ona imkan yaradılmır. Bu yetməzmiş kimi, mahnı ilə bağlı danışmaq istəyən Günelin sözünü Seda Sayan kəsir və deyir: "Aman, sən də bu bozuq türkcənlə, nə anlatacaqsın?!” Burda gərək Günel də sonradan "mən böyüklərə hörmətsizlik etməyə öyrəşməmişəm, istəyirdim deyim, qoymadılar, pis oldum, nə bilim, verilişdən çıxdım, dedim, bir də onun verilişinə qatılmayacağam və s. və ilaxır. açıqlamalar vermək əvəzinə, özündə güc tapıb, özünü itirməyib, yəni, Seda Sayan kimdir ki, onun qarşısında özünü itirəsən də, qalxıb mahnı oxumaq əvəzinə, sözünü deyəydi. Heç mahnı da oxumayaydı. Sözünü elə deyəydi ki, Seda Sayanın başına dəyəydi. Çünki sonradan deyilən söz daldan atılan daş kimidir, ancaq topuğa dəyir.
İndi də Röya...
Bu günlərdə məzmunca oxşar hal yenə təkrarlanıb. Müğənni Röya "Bəyaz şou”da qonaq olub. Orada nələr yaşandığı haqda artıq illərdir Türkiyədə yaşayan və çalışan Əməkdar aktrisa Məlahət Abbasovanın yazdığı statusdan öyrənirik.
Bir neçə gündür, sosial şəbəkələr məhz bu statusu paylaşır:
Türkiyədə yaşayan Azərbaycanın Əməkdar artisti Məlahət Abbasova "Bəyaz şou”da Röyaya qarşı edilənlərə sərt münasibət bildirib.
Aktrisamız azərbaycanlı sənətçini verilişin bitməyinə on dəqiqə qalmış efirə çıxarmağın hörmətsizlik olduğunu söyləyib: "Proqramın bitməsinə on dəqiqə qalmış Bəyazın dediyi kimi Azərbaycanın "Rihannası”na, "divası”na sadəcə bir mahnı oxutdurdular. O da Çolakoğlunun mahnısını. Proqramda görüncə inanılmaz qürur duydum. Amma başqa ölkədən verilişə qonaq olan sənətçiyə cəmi bir mahnı oxutdurmaq hörmətsizlikdir. Çox lazım idi proqramın bitməyinə on dəqiqə qalmış bir mahnı oxumaq? Bir böyük bacı olaraq demək istəyirəm ki, nə olar, özünüzü ucuzlaşdırmayın. Min bir əziyyətlə gəldiyiniz yeri, ağırlığınızı bir verilişə görə itirməyin, qoruyun. Röyanın nə Bəyazın proqramına, nə də Bəyaza ehtiyacı var. Təbii ki, Bəyazın proqramı reytinqli və baxımlıdır. Amma bu verilişdə on dəqiqə görünmək xatirinə prestijinizi zədələməyin”.
Qeyd edək ki, tanınmış şoumen Bəyazid Öztürkün aparıcısı olduğu "Bəyaz şou”nun sonuna on dəqiqə qalmış Röya efirə buraxılmışdı.
Bu cür hallar tək Aygünün, ya da Röyanın, Günelin başına gəlməyib. Onlarla yanaşı, neçə-neçə müğənnimiz var ki, Türkiyədə həqarətlə üzləşir. Saymazyana münasibət görür. Sanki üçüncü dərəcəli bir ölkədən gəlir kimi qarşılanır.
Onu da deyək ki, Röyanın "Bəyaz”dakı "şousun”dan yazan aktrisamız Məlahət Abbasova illərdir Türkiyədə çalışır, amma bircə dəfə də sayğısızlıqla üzləşməyib. Demək ki, insan öz hörmətini saxlayırsa, digərləri də ona hörmət edir.
Bu da futbol şərhçisi! Gözünüzə işıq verin!..
Müğənnilərimizin xaricdə onun-bunun qarşısında əyilməsinə, sınmasına, əskilməsinə rəğmən "Bəyaz”ın rəngini bəyazlaşdıran, cavabını verən, yerində oturdan da var. Röyadan çox əvvəl ANS telekanalının idman icmalçısı Gündüz Abbaszadə də "Bəyaz şou”nun qonağı olmuşdu. Gündüzün "Fənərbaxça”-”Çelsi” oyununu şərh etməsi türkiyəlilərin diqqətini çəkmişdi və Bəyaz onu verilişinə dəvət etmişdi. Maraqlananlar "youtube”da tıklayıb baxa bilər. Proqrama gələn icmalçı Bəyaza Azərbaycan milli futbol komandasının yeni formasını və azarkeş şərfini hədiyyə edir. Azərbaycan bayrağının rəngləri əks olunmuş şərfi Bəyaz boynuna asır. Sonra Gündüzün şərh etdiyi "Fənərbaxça”-”Çelsi” oyunundan fraqmentlər təkrar göstərilir və Gündüz oyunu bir daha şərh edir. Və təbii ki, özünəməxsus şəkildə. Təmiz Azərbaycan dilində. Verilişin tamaşaçıları arasında, elə Bəyazın özü də bu şərhə gülür. Şərh bitdikdən sonra Gündüz "bizə də sizin danışığınız qəribə gəlir. Məsələn, deyirsiniz ki, "Hakanın kafası, Okanın ortasına...” Bu nə deməkdir? Hakanın kafasının Okanın ortasında nə işi var?” Həm də onu deyək ki, Gündüz Abbaszadə Bəyazın verilişində tam yarım saat qonaq olmuşdu. Röya isə cəmi 10 dəqiqə! Yəni, bizimkilərin ölkə xaricinə çıxdıqda kimliklərini unutmamaları lazımdır. Hardan gəldikləri, hansı ölkəni, hansı xalqı təmsil etdiklərini yaddan çıxarmasınlar. Qarşılarındakı əjdaha görüb, özlərini siçan bilməsinlər. Məşhurlaşmaq naminə, hərçənd illərdir bunun üçün çapalayanların səyləri hədər gedib, bihudə olub. Amma nə yazıq ki, yenə də ona-buna yarınmaqdan, yad səhnələrdə, yad efirlərdə 5-10 dəqiqəlik görünmək xətrinə şəxsiyyətlərinin alçaldılmasına razı olublar. Təkcə şəxsiyyətdən söhbət getsəydi nə vardı. Özləri bilər. Kimsə özünü ucuz tutursa, öz problemidir. Amma Azərbaycanın adı hallanan bir yerdə hər kəs yüksəkdə dayanmağı bacarmalıdır. Çünki Azərbaycan yüksəklərə layiqdir.
Məlahət Rzayeva