
Şəbəkə var: Bölgələrdən Bakıya heyvan leşləri gətirilir
Ucuz satılan kolbasalar, məhz bu ətdən hazırlanır

Paytaxt küçələrində 2 manata kolbasa satılır. Mənşəyi məlum olmayan ət məmulatlarına dair məsələ yenidən gündəmə gətirilib. "Prima” adı ilə satışa çıxarılan bu məhsul Keşlədə adsız kolbasa sexində istehsal olunur. İddia olunur ki, sözügedən qəsəbədə leş heyvanlardan kolbasa hazırlayan sex var və uzun illərdir ki, fəaliyyətini davam etdirir. Digər rayonlardan Bakıya gətirilən leşlər məhz bu sexə verilir və orada kolbasa istehsalı üçün istifadə olunur.
600 qr çəkisi olan həmin məhsula daha çox bazarlarda və metro çıxışlarında rast gəlinir. Çünki harada və hansı şəraitdə və nədən hazırlanması məlum olmayan bu məhsulu heç bir böyük mağaza qəbul etmir. Qeyd edək ki, insan sağlamlığına ağır zərbə vuracaq bu cür qanunsuz əməllərlə bağlı mətbuat səhifələrində və efirlərdə kəskin tənqidlər səsləndirilsə də, buna məhəl qoyulmur. Əlbəttə, məsələyə nəzarət etməli olan müvafiq qurumlar mövcuddur. Lakin görünən odur ki, xəstəlik mənbəyi olan o kolbasaların istehsalına və satışına şərait yaradanlar var.
Məlum mövzu ətrafında dəfələrlə müzakirələrin açıldığını və ciddi iradların bildirildiyini deyən iqtisadçı-ekspert Natiq Cəfərli bunu həmin sahəyə nəzarətin yetərli olmaması ilə izah edib: "Çünki məntiq də deyir ki, kolbasa ətdən hazırlanırsa, ətin bir kiloqramından bir kiloqram kolbasa hazırlamaq olur. Necə olur ki, ətin kilosu 7-9, kolbasanın kilosu isə 2 manatdır? Bu necə olur? Üstəgəl, kolbasanın içərisinə digər ədviyyatlar da qatılır. Bu halın qarşısını almaq üçün cəza tədbirləri görülməlidir. Bu, insan sağlamlığına birbaşa təsir göstərən amildir. Hətta ölümlə də sonuclana bilər. Belə saxta, mənşəyi bilinməyən məhsul istehsalı ilə məşğul olan müəssisələrin bağlanmasına dair ciddi tədbirlər görülməlidir. Çünki Azərbaycanda kifayət qədər nəzarəetdici funksiyası olan orqanlar var. Görünür, onların fəaliyyəti qənaətbəxş deyil ki, belə hallar davamlı xarakter alır, problem köklü həllini tapmır. Kifayət qədər qurumlar mövcuddur ki, bu işə nəzarət etsin. İqtisadi İnkişaf Nazirliyindən tutmuş Sanitar Epidemioloji Stansiyaya kimi böyük qurumlar var. Onlar nəzarəti mütləq gücləndirməlidirlər. Amma yəqin, korrupsiya müqabilində ona göz yumulur ki, bu da insan sağlamlığına birbaşa zərbə vurur”.
Ekspertin fikrincə, problemin köklü həlli üçün vətəndaş nəzarəti də olmalıdır: "Vətəndaşlar da aktiv olmalıdırlar. Belə hallarla rastlaşdıqda müvafiq orqanlara məlumat verməlidirlər. Bu gün bir vətəndaşın ayıq-sayıq olması gələcəkdə digər vətəndaşın həyatına yarana biləcək təhlükənin qarşısını ala bilər. Bu baxımdan düşünürəm ki, televiziyalarda sosial reklamlar vasitəsilə insanlar bilgiləndirilməlidir”.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da paytaxtda leşlərdən kolbasa hazırlanan sexlərin olduğunu təsdiqləyib. Onun sözlərinə görə, Azərbaycanda leş alış-satışı ilə məşğul olan şəbəkələr rüşvət qarşılığında fəaliyyət göstərir: "Biz artıq 10 ilə yaxındır ki, murdar əti rayonlardan gətirib Bakıda müxtəlif sexlərə verən şəbəkəni ifşa etməyə çalışırıq. 3 il əvvəl də bu cür sexlərdən birinin yerini tapdıq. Lakin dövlət orqanlarının koordinasiyalı işini təşkil edə bilmədik. Bir dəfə gecə saatlarında maska taxıb həmin əraziyə getdim. 3-cü mikrorayon ərazisində yerləşən həmin sexdə gecə saat 2-dən 5-dək işləyirlər. Polisdən bizə bildirdilər ki, onlar yalnız bizim təhlükəsizliyimizi təmin edə bilərlər. Dedilər ki, bizim həmin sexi açmağa, axtarmağa ixtiyarımız yoxdur. O zaman İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə digər orqanların birgə fəaliyyətini təmin edə bilmədik. Lakin KİV-lər bu məsələdə bizə dəstək olurlar”.
Heyvan leşlərinin Bakıya gətirildiyini deyən E.Hüseynov daha çox hansı bölgələrdən Bakıya leş gətirildiyini də açıqlayıb: "Bərdə, Masallı, Lənkəran və bir çox rayonlardan Bakıya leş gətirilir. 2 il öncə Saatlıdan bir fermer mənə yazılı şəkildə müraciət edərək bildirmişdi ki, fermasında ölən inəyi qamışlığa atıb. Leş yığanlar həmin inəyi götürüb Bakıya aparıblar”.
Bakıda bəzi restoranlar və şadlıq evlərinin leşlərdən hazırlanan məhsullar aldığını iddia edən müsahibimiz bu şəxsləri ifşa etməkdə çətinlik çəkdiklərini söyləyib: "Təəssüflər olsun ki, biz bunları ifşa edə bilmirik. Çünki dövlət orqanları bizə dəstək vermir. Prezident də bildirir ki, rüşvət varsa, qanunsuzluqlar olacaq. Bu işlərin hamısı rüşvətlə həyata keçirilir. Belə olan halda yalnız tövsiyə edə bilirik ki, üzərində istehsal tarixi, tərkibi, ünvanı yazılmayan kolbasalar almayın”.
Ayyət Əhməd