Seçiciyə hörmətsizlik, rəqibin qarşısından qaçmaq...

Bəs, minlərlə insanların imzası harda qaldı?
Müsavat Partiyasının seçkilərdə iştirakdan imtina etməsi təşkilatda "üsyana" səbəb oldu


Təbliğat kampaniyasının sonuna yaxın Müsavat Partiyasının seçkilərdə iştirakdan imtina etməsi qurum namizədlərinin ciddi etirazına səbəb olub. Bu günə qədər təbliğat-təşviqat kampaniyası apararaq, insanlarla görüşüb proqramlarını açıqlayan namizədlərin əksəriyyəti Müsavatın gözlənilməz qərarından bərk hiddətləniblər. Ancaq "əgər belə bir niyyətiniz var idisə, niyə öncədən bizə demirdiz” sualı ilə partiya başqanı Arif Hacılıya suallar ünvanlayan namizədlər qaneedici cavablar ala bilməyiblər.

Namizədlər deyiblər ki, seçki kampaniyasına kifayət qədər vəsait, vaxt sərf edib, enerji xərcləyiblər və seçicilərə müxtəlif vədlər veriblər. Belə olan halda seçkiyə bir neçə gün qalmış prosesdən kənarlaşmaq, qanuna zidd olmaqla yanaşı, seçiciyə qarşı hörmətsizlik və rəqibin qarşısından qaçmaq anlamına gəlir. Məlumat üçün deyək ki, Müsavatın namizədlərindən İkram İsrafil və İltizam Əkbər partiyanın qərarına tabe olmayaraq, seçkidə iştirak etmək niyyətindədirlər. Xatırladaq ki, Müsavat Partiyasının irəli sürdüyü 80-ə yaxın namizəddən 25 nəfərini seçki komissiyaları qeydə alıb. Amma Müsavat Divanı seçkidən imtina qərarı alarkən namizədliyini irəli sürənlərdən rəylərini öyrənməyib. Məsələ ilə bağlı fikrini bölüşən deputatlığa namizəd, Müsavatın üzvü Tural Abbaslı alınan qərarın səhv olduğunu düşünür. Onun sözlərinə görə, seçkiyə 3 gün qalmış belə bir addımın atılması Müsavat rəhbərliyinin uzaqgörən siyasət yürütmədiyinin göstəricisidir: "Əgər bir ay əvvəldən belə bir qərar olsaydı, başa düşülərdi. İndi nə dəyişib ki, Müsavat belə bir qərar verib. Bu qərar məntiqsizdir. Üstəlik, qərarın nə hüquqi, nə də siyasi əhəmiyyəti var. Onsuz da parlament seçkilərində yetərsay yoxdur, bu isə o deməkdir ki, Müsavatsız da seçkilər baş tutacaq. İkincisi, Müsavatın bu addımının seçkilərdən sonra legitimliyə hər hansı bir təsiri yoxdur. İndiyə qədər bəzi seçkilər də boykot edilib, lakin bunun heç bir mənası olmayıb. Üçüncüsü, Müsavat Partiyasından 25 namizəd olub. Bu şəxslərin hər biri 400 imza toplayaraq qeydə alınıb. İndilikdə isə Müsavatın rəhbərliyi 10 minə yaxın imza verən şəxsləri nəzərə almayıb, daha çox korporativ maraqlarını nəzərə alıb ki, bu da yolverilməzdir. Bundan başqa, 25 namizəd rayonlarda seçicilərlə görüşüb, onlara hansısa vədlər verib, rayonlar və kəndlərdə ağsaqqallarla görüşüblər. Müsavat rəhbərliyi isə bir qərarla bütün bunların üzərindən xətt çəkib”. Tural Abbaslı bəyan edib ki, onun özü şəxsən namizəddir və partiyanın bu qərarının onlara heç bir təsiri yoxdur: "Biz seçkilərdə iştirak edəcəyik, geri çəkilmək niyyətimiz yoxdur. Partiya qarşısında da hər hansı bir öhdəliyimiz yoxdur. Rəhbərliyin bu qərarı həm Müsavatda narazılıq yaradacaq, həm də mövcud olan narazılığı bir qədər də dərinləşdirəcək”.

Millət vəkili Aydın Mirzəzadə də bildirib ki, Müsavat Partiyasının seçkidən çəkilmə barədə qərarı bu partiyanın zəifliyinin, ümumilikdə siyasi həyatda rol oynamadığının göstəricisidir: "Siyasi partiyanın əsas işi hakimiyyət uğrunda fəaliyyətdə iştirak etməkdir. Onlar isə öz siyasi fəaliyyətlərini yalnız qəzetlərə müsahibə verməkdə, siyasi iş görünüşü yaratmaqda görürlər. Bu qərar Müsavatın partiya olaraq cəmiyyətdən silinməsinin göstəricisidir. Hazırda bütün cəmiyyət seçkiyə köklənib və bir neçə gündən sonra baş tutacaq seçkilər nəticəsində qanunverici orqan rəqabətli bir proses nəticəsində formalaşacaq və vətəndaşların maraqlarını təmsil edəcək”.

"Müsavat partiyasının Milli Məclisə seçkilərdən imtina etmək və üzvlərinin öz namizədliklərini geri götürmələri barədə qərarı, həmçinin hazırkı seçkiləri təxirə salaraq onun 4 aydan sonra keçirilməsi barədə təklifi Azərbaycan Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə tamamilə ziddir.” Bu sözləri Seçki-2015.az saytını açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

O deyib ki, Seçki Məcəlləsinin 73-1-ci maddəsinin (Namizədin namizədlik statusundan imtina etməsi) 73-1.2 bəndinə əsasən, qeydə alınmış namizəd səsvermə gününə azı 10 gün qalmış müvafiq seçki komissiyasına yazılı ərizə verərək namizədliyini geri götürə bilər. Daxil olmuş ərizə əsasında müvafiq seçki komissiyası ərizə vermiş namizədin qeydiyyatının ləğvi barədə 1 gün müddətində qərar qəbul edir. Qeydə alınmış namizəd öz namizədliyini bu Məcəllənin 73.3-cü maddəsində göstərilən məcburedici əsas olmadan geri götürürsə, müvafiq seçki komissiyası büdcədən ona verilmiş vəsaiti geri almalıdır. Həmçinin Məcəllənin 73-1.3. bəndinə görə, qeydə alınmış namizədin öz namizədliyini geri götürməsinə, habelə siyasi partiyanın, siyasi partiyalar blokunun qeydə alınmış namizədini geri çağırmasına məcburedici əsas dedikdə, qeydə alınmış namizədin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilərək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan müvafiq tibbi ekspertiza orqanı tərəfindən təsdiqlənmiş ağır xəstəliyi və ya iştirakını mümkünsüz edən səbəblər nəticəsində namizədin seçki kampaniyası dövründə sağlamlığının pozulması başa düşülür.

Politoloq bildirib: "Məcəllənin 154-cü maddəsinin (Siyasi partiyanın, siyasi partiyalar blokunun Milli Məclisə seçkilərdə iştirakdan imtina etməsi) 154.1 bəndində qeyd edilir ki, siyasi partiya öz nizamnaməsinə uyğun olaraq, siyasi partiyaların bloku isə ona daxil olan siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qərarı ilə səsvermə gününə ən geci 10 gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək, birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş namizədi, qeydə alınmış namizədi geri çağırmaq hüququna malikdir. 154.2-ci maddədə qeyd edilir ki, siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiya səsvermə gününə azı 10 gün qalmış istənilən vaxt Mərkəzi Seçki Komissiyasına ərizə verməklə müvafiq siyasi partiyanın səlahiyyətli orqanının qərarı ilə bu siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edə bilər.

Müsavat partiyası yalnız oktyabrın 28-də, yəni seçki gününə cəmi 4 gün qalmış seçki prosesində iştirakını dayandırmaq və namizədlərini geri çağırmaq barədə qərarlar qəbul edib. Üstəlik, namizədin geri çağırmasına dair qanunda nəzərdə tutulan heç bir məcburedici əsas olmayıb”.

Qeyd edilib ki, bundan başqa, Seçki Məcəlləsinin 145-ci maddəsinə (Milli Məclisə seçkilərin təyin edilməsi) əsasən, Azərbaycan Respublikası Konstitusiyanın 84-cü maddəsinin II hissəsinə və 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq yeni çağırışın deputat seçkiləri gününü Azərbaycan Respublikasının Prezidenti təyin edir. Konstitusiyanın 84-cü maddəsinin 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Həmin maddənin 1-ci bəndində bildirilir ki, müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.

Fikrət Sadıqov deyib: "Göründüyü kimi, Milli Məclisə seçkilərin vaxtı yalnız müharibə şəraitində hərbi əməliyyatlar aparıldığı təqdirdə dəyişdirilə bilər. Beləliklə, Müsavat partiyasının addımları və təklifləri Azərbaycan Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə tamamilə ziddir”.

Politoloq bildirib ki, Müsavat parlament seçkilərində iştirakdan imtina etməklə sadəcə özünün ciddi iflasdan sığortalamağa çalışdı. Birincisi, seçkiyə 4 gün qalmış seçkilərdən imtina qanuna ziddir. İkincisi, Azərbaycanda guya seçki mühitinin demokratik standartlara uyğun gəlmədiyi barədə irəli sürülən iddiaları da ciddi qəbul etmək olmaz. Çünki bu günə kimi seçki prosesində hər hansı qanun pozuntusu müşahidə olunmayıb. Seçki prosesini müşahidə edən beynəlxalq müşahidəçilərin rəyləri, ayrı-ayrı qurumların aralıq hesabatları da şəffaf seçki mühitinin mövcud olduğunu təsdiq edir. Mənim fikrimcə, Müsavatın məlum qərarını şərtləndirən başlıca səbəb oktyabrın 25-də keçirilmiş seçkiqabağı təşviqat mitinqinin tam iflasa uğraması oldu. Bildiyiniz kimi, "ana müxalifət” statusuna iddialı olan bu partiya mitinqə cəmi 500-ə yaxın adam çıxara bildi və bununla da özünü çox gülünc vəziyyətə saldı. Onu da qeyd edim ki, aksiyaya insanların cəlb edilməsi prosesinə hakimiyyət tərəfindən heç bir maneçilik törədilmədi. Bu hal Müsavatın cəmiyyətdə heç bir nüfuzunun, elektoratının olmadığını göstərdi. Mövcud vəziyyətdə Müsavatı təmsil edən namizədlərin səsvermədə hər hansı uğur qazanması nonsens olardı. Düşünürəm ki, Müsavat heç bir real əsası olmayan bəhanələrlə daha böyük biabırçılıqdan sığortalanmaq üçün məlum addım atmağa məcbur oldu”

İsmayıl