"Seçkidə əsas rəqabət Ərdoğanla İncə arasında baş tutacaq" - Aktual şərh






"Türkiyə tarixində ilk dəfə prezident və parlament seçkiləri eyni gündə keçiriləcək. Və ilk dəfə bu seçkilərdən sonra Cumhurbaşqanının səlahiyyətləri artırılacaq”.

Bunu "Sherg.az”a "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib. 

O diqqətə çatdırıb ki, bu il keçiriləcək prezident seçkiləri əvvəlki marafondan gərgin olacaq:

"Seçkilərdə favorit namizəd yenə də hazırkı prezident Rəcəb Tayyib Ərdoğandır. Amma 2-3 ay əvvəl Ərdoğanın ilk turdan qalib gəlib, prezident seçiləcəyini demək olardısa, indi bunu söyləmək çətindir. Çünki Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Muharrem İncə çox uğurlu seçki kompaniyası keçirir. O getdikcə tərəfdar sayını artırır. Düşünürəm ki, seçki əsas rəqabət bu iki namizəd arasında baş tutacaq.

İYİ Partiyanın namizədi olan Meral Akşenerə əvvəl böyük ümidlər bəslənildi. Amma sonradan o, M.İncədən geri qaldı. Buna baxmayaraq, nəticələrin neçə olacağını proqnozlaşdırmaq çətindir. İstənilən halda, ilk turda olmasa belə, ikinci turda R.T.Ərdoğan üçün çox ağır olacaq. Çünki digər namizədlər öz səslərini Muharrem İncəyə yönəltməyə çalışacaqlar. Nəticədə onun şansı artacaq”.

E. Şahinoğlu əlavə edib ki, seçkidə M.İncə qalib olsa da, olmasa da onun güclü siyasətçi olduğu qənaətinə gəlib:

"Hazırkı seçki kampaniyası M.İncənin necə güclü siyasətçi, yaxşı natiq olduğunu büruzə verdi. O gələcəkdə prezident seçilməsə belə, ana müxalifət – CHP-nin liderliyinə əsas namizəd olacaq”.

Qeyd edək ki, bu günlərdə Türkiyədə növbədənkənar prezident seçkiləri üçün təbliğat-təşviqat kampaniyaları sürətlə davam edir. Prezidentliyə əsas 3 namizədin - Rəcəb Tayyib Ərdoğan, Muharrem İncə və Meral Akşenerin seçiləcəyi güman edilir.
Aysel Aslan