“Seçkilər Avropa standartlarına uyğun təşkil olunub”

“Azərbaycan kimi ölkəni təcrid etmək, ATƏT-in müşahidəçi göndərməməsi mənfi haldır”
"Bizim burada iştirakımız Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə etirazdır"



İtaliya parlamentinin seçkiləri müşahidə missiyası Azərbaycanda keçirilən parlament seçkilərinin yekunlarına dair dünən mətbuat konfransı keçirib. Senatın üzvü, İtaliya parlamentinin seçkiləri müşahidə missiyasının rəhbəri Sergio Divina bildirib ki, seçkilər nizamlı şəkildə, yüksək səviyyədə təşkil olunmuşdu. Onun sözlərinə görə, müşahidə zamanı qanunların pozulması hallarına rast gəlməyiblər:

"Seçkilər Avropa standartlarına uyğun təşkil olunub. İndiyədək ATƏT və Avropa Şurası çərçivəsində bir çox ölkədə seçkiləri müşahidə etmişik. Əminliklə deyə bilərəm ki, müstəqilliyini yeni əldə etmiş Azərbaycanda keçirilən demokratik seçkilər kimi başqa yerdə seçki keçirilməsini müşahidə etməmişəm”.

Azərbaycanın seçki modeli dünyaya nümunədir

S.Divina qeyd edib ki, Azərbaycan haqda həqiqətə uyğun olmayan fikirlər səsləndirilir: "Düşünürəm ki, Azərbaycan kimi ölkəni təcrid etmək, ATƏT-in müşahidəçi göndərməməsi mənfi haldır. Mövcud beynəlxalq böhran vəziyyətində Azərbaycana böyük ehtiyacımız var. Həm dini, həm mədəni fundamentalizm bəzi problemlər yaradır. Azərbaycan modeli Avropa və beynəlxalq ictimaiyyətə nümunə olmalıdır. Bizim burada iştirakımız Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə etirazdır”.

Dünyanın Azərbaycana ehtiyacı var

Missiyanın digər üzvü Fiorella Provera isə özünü Azərbaycanın dostu hesab etdiyini bildirib: "Azərbaycan dünyada bir neçə dini birləşdirən modeldir. Müsəlman, xristian və yəhudilərin bir arada yaşadığını görürük. Azərbaycan demokratiya yolunda öz xəttini seçib. Dünyanın Azərbaycana ehtiyacı var. Azərbaycan geostrateji cəhətdən mühüm ölkədir, eyni zamanda enerji resurslarına malikdir. Beynəlxalq ictimaiyyət isə əsasən, Dağlıq Qarabağ problemi ilə bağlı narahatlıq keçirməlidir”.

Seçkilər beynəlxalq normalara uyğun keçirilib

İsrail parlamentinin nümayəndə heyəti Azərbaycanda keçirilən parlament seçkilərinin yekunlarına dair mətbuat konfransı keçirib. Bu ölkə parlamentinin deputatı, sabiq xarici işlər naziri, nümayəndə heyətinin başçısı Aviqdor Liberman deyib ki, seçkilər açıq və şəffaf, beynəlxalq standartlara uyğun keçirilib: "İsrail parlamenti Azərbaycandakı seçkiləri 4 müşahidəçi ilə izləyib. Hesab edirəm ki, Azərbaycan dünyada mövcud olan ən yüksək standartlara uyğun seçki keçirib. Müşahidə etdiyimiz seçki məntəqələrində həm də yüksək seçki mədəniyyətinin şahidi olduq. Bu baxımdan mən Azərbaycan xalqını təbrik edirəm”.

Beynəlxalq təşkilatlar ikili standartlardan çıxış edir

Hazırda Azərbaycan-İsrail münasibətlərinin inkişaf etdiyini söyləyən A.Liberman vurğulayıb ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı seçkilərə nümayəndə heyəti göndərməkdən imtina etməsi ikili standartlardan irəli gəlir: "Beynəlxalq təşkilatlar təkcə Azərbaycana qarşı yox, digər dövlətlərə də münasibətdə ikili standartlardan çıxış edirlər”.

Qanun pozuntusu müşahidə edilməyib

"Azərbaycanda mindən çox məntəqəyə baş çəkdik. Seçicilərin və təşkilatçıların savadlılığını gördük. Bu, MDB məkanında ən yaxşılardandır”. Bu sözləri MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev keçirdiyi mətbuat konfransında deyib. O, hər hansı ciddi qanun pozuntusu müşahidə etmədiklərini vurğulayıb: "Yalnız kiçik pozuntular var idi. Məsələn, ilkin qeydiyyata düşmədən bülleten almaq cəhdləri olurdu. Lakin məntəqə rəsmiləri bu kimi halların qarşısını dərhal alırdı. Seçkilər açıq və şəffaf keçirilib. Bunun səbəblərindən biri hələ indiyə kimi bu qədər çox müşahidəçinin olmamasıdır. Veb-kameraların sayında artım olub. Qərb ölkələrində seçki prosesinin canlı izlənməsi yoxdur. Belə dəqiq təşkilatçılıq insanların azad iradəsini ifadə etməsinə imkan verib.

Seçkilər demokratik keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) nümayəndələri Azərbaycanda parlament seçkilərinin nəticələri ilə bağlı mətbuat konfransı keçiriblər. Təşkilatın baş katibi Asəf Hacıyev bildirib ki, seçkilər demokratik keçirilib. O deyib ki, bu nəticələr təkcə hakim Yeni Azərbaycan Partiyasının deyil, bütün siyasi təşkilatların uğurudur.

Səsvermədə heç bir pozuntu olmadı

Yunanıstan parlamentinin üzvü Symeon Kedikoglou isə seçkilər ərəfəsində siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirdiklərini söyləyib: "Apardığımız müşahidələr onu göstərir ki, seçki hər hansı pozuntu olmadan keçirilib. Bütün hallarda seçkilərin maraqlı keçdiyini və seçici fəallığını müşahidə etdik. Hesab edirik ki, seçkilərdə hər hansı ekstremal şərait yaranmayıb”.

Azərbaycan bütün sahələrdə inkişaf yolunu tutub

Bolqarıstan parlamentinin üzvü Peter Kanev seçkilərin yüksək səviyyədə keçirildiyini vurğulayıb. O, Azərbaycanın sabit və inkişaf edən ölkə olduğunu deyib: "Azərbaycana 10 ildir ki, gəlirəm və bu ölkədə baş verən dəyişikliklərin şahidi oluram. Düşünürəm ki, seçkilər Avropa standartlarına uyğun keçirilib”.

Seçkidə təşkilatçılıq yüksək səviyyədə idi

Serbiya parlamentinin vitse-spikeri İqor Becic isə çoxlu sayda seçki məntəqəsində olduğunu və hər hansı seçki pozuntusu ilə qarşılaşmadığını qeyd edib: "Bu baxımdan deyə bilərəm ki, təşkilatçılıq çox yaxşı idi. Azərbaycanda demokratik proseslər baş verir. Mən demokratik seçkilərlə əlaqədar Azərbaycan xalqını təbrik edirəm”.

Azərbaycan xalqı sülh və sakitlik istəyir

"Avstraliya seçkilərin təşkilində Azərbaycanın təcrübəsindən istifadə edə bilər”. Bunu Avstraliya parlamentinin seçkiləri müşahidə üzrə nümayəndə heyətinin rəhbəri Lük Simpkins deyib. Onun sözlərinə görə, Azərbaycana üç həmkarı ilə birgə gəlib və onlar da seçkini müşahidə edib. Nümayəndə heyəti 20 seçki məntəqəsinə baş çəkib.

Seçki komissiyalarının üzvlərinin peşəkarlığı yüksək idi

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) seçkilərin nəticələrini müsbət qiymətləndirir: seçki prosesi dinc və sakit ab-havada keçirilib. Bunu İƏT-in müşahidə missiyasının rəhbəri Həbib Kaabaçi keçirdiyi brifinqdə deyib. Missiya rəhbərinin qənaətincə, seçkilər uğurla keçirilib: "Seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsinin yüksək olduğunu deyən H.Kaabaçi bunları əlavə edib: "Biz eyni zamanda seçici siyahılarını yoxladıq, namizədlərin nümayəndələrinin iştirakını qeydə aldıq, seçki qutularının möhürlənməsini müşahidə etdik. Hesab edirik ki, Azərbaycanda seçkilər sülh şəraitində, şəffaf və ədalətli keçirilib”.

H.Kaabaçi bildirib ki, yaxşı təşkil olunmuş seçkilər beynəlxalq standartlara uyğun keçirilib: "Seçkinin nəticələrinin demokratiya və dövlətin güclənməsi istiqamətində növbəti addım olduğunu hesab edirik”.

Heç bir ciddi pozuntu qeydə alınmadı

"Milli Məclisə seçkilər tam sakit şəraitdə keçirilib”. Bunu Bakıda keçirdiyi mətbuat konfransında GUAM-ın Baş katibi Valeri Çeçelaşvili deyib. Onun fikrincə, seçkilər beynəlxalq standartlara uyğun keçirilib: "Məndən başqa, Ukrayna Parlamentinin üzvü İvan Krulko və Gürcüstan parlamentinin üzvü Zurab Abaşidze də seçki dairələrində nümayəndə kimi iştirak edib. Bakıda 20, Sumqayıtda isə 7 məntəqədə seçkiləri izləmişik. Məntəqələrdə səsvermə zamanı seçkilərin təşkil olunmasında heç bir ciddi pozuntu qeydə alınmadı. Seçkilər tam sakit şəraitdə keçirilib və seçkilər baş tutub”.

Seçkilərdə kifayət qədər yüksək seçici fəallığı olub

Azərbaycanda sərt hava şəraitinə baxmayaraq, seçkilərin yüksək səviyyədə təşkili, seçki prosesinin lazımi səviyyədə olması üçün xeyli səy göstərilib”. Bu barədə Rusiya Federasiyası MSK-nın sədri Vladimir Çurov keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, bütün seçki məntəqələri vaxtında açılıb və seçkilər kifayət qədər yüksək seçici fəallığı ilə keçib. Şəffaf qutular, xeyli müşahidəçi olub. Azərbaycanlı həmkarlarımız sərt hava şəraitinə baxmayaraq, seçkilərin yüksək səviyyədə təşkili, seçki prosesinin lazımi səviyyədə olması üçün çox səy göstərib. Seçici fəallığı Azərbaycan tərəfinin rəsmi məlumatı ilə üst-üstə düşür. Bu da ümumi səslərin sayılmasında dəqiqliyin və şəffaflığın olmasına dəlalət edir”. O bəyan edib ki, Rusiya MSK MDB missiyası kimi, seçici siyahısındakı yüksək dəqiqliyi xüsusi qeyd etməyi özünə borc bilir. V.Çurov onu da əlavə edib ki, müşahidəçilər seçkidə qayda pozuntusu qeydə almayıb: "Gizli səsvermə üçün kifayət qədər kabinələr var idi. Bülletenlərin sayı isə seçici siyahısında səs verənlərin sayına uyğun idi”.

Seçkilər yüksək səviyyədə təşkil edilib

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycandakı seçkilərə nümayəndə heyəti göndərməməsi qanunsuzdur. Onlara buna görə pul ayrılır”. Bu sözləri Rusiya Federasiyası MSK-nın sədri Vladimir Çurov deyib. Onun qənaətincə, ATƏT-in DTİHB ölkədən dəvət alıbsa, seçkiləri müşahidə etməyə borcludur.

Bundan başqa, MSK sədri seçkilərin yüksək səviyyədə təşkil edildiyini bildirib: "Seçkilərin təşkili və seçicilərin dəqiq siyahıyaalınması məni heyran etdi. İlk dəfə seçicilər üçün əlavə siyahının yaradılmamasını gördüm. Deməli, səs verənlərin hamısı özlərini seçki siyahısında tapa bilib. Bu, inanılmaz şeydir. Heç Rusiyada da belə halla rastlaşmamışdım”.
Çurov, həmçinin qeyd edib ki, müşahidə zamanı heç bir qayda pozuntusu qeydə alınmayıb.

Seçki azad, açıq, rəqabət mühitində aparılıb

"MDB müşahidə missiyası seçkiləri yaxşı təşkil olunmuş hesab edir”. Bunu jurnalistlərə açıqlamasında MDB müşahidə missiyasının rəhbəri, MDB-nin icraçı katibi Sergey Lebedev bildirib. O deyib ki, məntəqə seçki komissiyalarının üzvləri seçkilərdə çox yaxşı çıxış edib: "Azərbaycanda seçkilər konstitusiya və respublikanın beynəlxalq standartlara cavab verən seçki-hüquq normalarına uyğun olaraq keçirilib. Seçki azad, açıq, rəqabət mühitində keçirilib. Vətəndaşların iradəsini ifadə etmək hüququnun həyata keçirilməsi üçün hər cür şərait yaradılıb”.

S.Lebedev MDB-nin nümayəndə heyətinin Azərbaycanın bütün regionlarında 1007 məntəqəyə baş çəkdiyini və seçkilərlə bağlı nümayəndə heyətinin müsbət təəssüratının olduğunu bildirib: "Biz bu seçkiləri tam əsaslı şəkildə şəffaf hesab edirik. Həm də ona görə ki, indiyə qədər bu qədər çox müşahidəçi olmayıb. Orta hesabla hər məntəqədə 10 nəfər var idi”.

Müşahidə missiyasının rəhbəri əlavə edib ki, müşahidə zamanı nümayəndə heyəti, həmçinin səs verən vətəndaşlarla söhbətləşib. Onun sözlərinə görə, söhbət zamanı vətəndaşlar onlar üçün Azərbaycanda sülh və sabitliyin olmasını əsas saydıqlarını bildirib.

Müşahidəçilərin fəallığından danışan S.Lebedev belə deyib: "Seçici fəallığı da kifayət qədər yaxşı idi, insanlar səhər erkəndən səs verməyə gedirdi. Bunu bizə demokratiya öyrətməyə çalışan qərb ölkələri ilə müqayisə edin. Onlarda seçici fəallığı heç də bundan yüksək olmur”.

Seçki prosesində heç bir problemlə rastlaşmadıq

"Bakıdakı bir neçə seçki məntəqəsində müşahidələr apardıq. Hər hansı qanun pozuntusu ilə rastlaşmadıq. Normal və nizamlı seçki prosesi müşahidə olunurdu”. Bu barədə Slovakiya parlamentinin nümayəndələri Viliam Jasan və xanım Edita Pfundtner söyləyiblər. E.Pfundtner deyib: "Noyabrın 1-də mən altı seçki məntəqəsində seçki prosesinin gedişini izlədim. Yerli müşahidəçilər və seçki məntəqələrinin sədrləri ilə söhbət apardım. Hesab edirəm ki, Azərbaycandakı seçkilər bütün müvafiq standartlara uyğun, çox nizamlı və mütəşəkkil şəkildə keçdi. Seçki prosesində heç bir problemlə rastlaşmadıq”.

Ayyət Əhməd