Seçkinin mediada işıqlandırılması...

AŞ, MSK və Mətbuat Şurası Bakıda seminar keçirdi



Dünən Bakıda Avropa Şurası, Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurası tərəfindən "Azərbaycanda İfadə Azadlığı və Media Azadlığı” layihəsi çərçivəsində "Seçkinin mediada işıqlandırılması” mövzusunda birgə seminar keçirilib. Seminar kütləvi informasiya vasitələri (KİV) nümayəndələri üçün nəzərdə tutulub.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, demokratik beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsi Konstitusiyada təsdiq olunmuş normadır. Onun sözlərinə görə, indiyədək keçirilmiş 15-ə yaxın seçkidə çox böyük təcrübə qazanılıb: "Azərbaycanda azad seçkilərin keçirilməsi üçün bütün şərait yaradılıb. Ölkəmizdə siyasi partiyaların, siyasi partiya bloklarının və ayrı-ayrı namizədlərin sərbəst şəkildə seçkilərdə iştirakı artıq mövcud təcrübədə oturuşmuş bir normaya çevrilib”.

PA rəsmisi deyib ki, Azərbaycanda 1998-ci ildə senzura aradan qaldırılandan sonra medianın inkişafı ilə bağlı çox mühüm dövr başlayıb: "Azərbaycan mediası bu gün istər kəmiyyət, istərsə də keyfiyyət baxımından region ölkələrini qabaqlayır. Bircə onu demək kifayətdir ki, "online” medianı götürsək, bu gün Azərbaycanda müxtəlif siyasi, iqtisadi, sosial, mədəni sahələri işıqlandıran 300-dən artıq fəal media mövcuddur. Azərbaycanda sosial şəbəkələrdən çox geniş istifadə olunur. Artıq sosial şəbəkə istifadəçilərinin sayı 2 milyonu ötüb. Təbii ki, belə bir mühitdə Azərbaycanda aktiv seçkilərin keçirilməsi, cəmiyyətin bütün üzvlərinin bu prosesdə iştirakının təmin olunması üçün xüsusi səy göstərmək, xüsusi tədbirlər keçirməyə ehtiyac qalmır. Çünki dediyim kimi, artıq Azərbaycanda çox aktiv bir cəmiyyət formalaşıb”. V.Əliyev vurğulayıb ki, artıq seçicilər namizədlərin biri-birləri haqqında dedikləri kompromatlarına deyil, onların platformalarına daha çox diqqət yetirirlər. Bu da bütövlükdə onu təsdiq edir ki, Azərbaycanda artıq insanları hansısa neqativ emosiyalar, sivil cəmiyyətə xas olmayan xüsusiyyətlər yox, məhz demokratik cəmiyyətlərdə mövcud olan ab-hava daha çox maraqlandırır: "Əlbəttə ki, bu ab-havanın dəyişdirilməsini istəyən müəyyən insanlar da, qüvvələr də var. Əminliklə deyə bilərəm ki, Azərbaycan cəmiyyətində onların səsi eşidilmir. Bütün bu məsələlərdə, seçki prosesi barədə, hətta cəmiyyətdə baş verən proseslər barədə həm seçicilərə, həm namizədlərə, həm seçki prosesində iştirak edən insanlara həqiqətlərin çatdırılması sahəsində medianın rolu əvəzsizdir. Əsas şərt ondan ibarətdir ki, ilk olaraq media seçki prosesini tam bitərəf işıqlandırsın, məlumatlandırma funksiyasını qərəzsiz həyata keçirsin. Geniş maarifləndirmə funksiyasına malik medianın seçki qanunvericiliyinin, seçki ilə bağlı məsələlərin təbliği sahəsində çox ciddi rol oynaya bilər. Hesab edirəm ki, qarşıdan gələn seçkilərdə də medianın əsas vəzifəsi bütün prosesləri obyektiv şəkildə işıqlandırmaqdan ibarət olmalıdır”. PA rəsmisinin sözlərinə görə, MSK-da qeydiyyat proseduru keçirilib və 40-dan artıq media orqanı təşviqat prosesində iştirak etmək hüququ qazanıb: "Namizədlər tərəfindən internet media, sosial şəbəkələrdə çox geniş və aktiv şəkildə müzakirələr təşkil edilir, müxtəlif təbliğat üsullarından istifadə olunur”.

Avropa Şurasının Bakı ofisinin rəhbər müavini Teymur Məlik-Aslanov seminara qatıldıqları üçün hər kəsə minnətdarlığını çatdırıb. O deyib ki, ötən ay Avropa Şurası və Avropa İttifaqı "Şərq tərəfdaşlığı” proqramı əməkdaşlıq çərçivəsinin ifadə azadlığı və media azadlığı adlı yeni layihəsinin təqdimatı, eləcə də informasiya əldə etmək mövzusunda "dəyirmi masa” keçirilib: "Bu tədbirlərin əsas məqsədi ifadə və informasiya azadlığını təmin etmək üçün daxili qanunvericiliyi Avropa Şurası standartlarına uyğun olaraq daha da təkmilləşdirməkdir. Öz növbəsində jurnalistlərin ifadə azadlığı və media azadlığı sahəsində Avropa Şurası standartlarına dair məlumatlılığın artırılması da həmin məsələlər sırasındadır. Bu seminar həmin layihə çərçivəsində keçirilən ikinci tədbirdir. Seminarımız seçkinin mediada işıqlandırılması kimi aktual mövzuya həsr olunub. Qarşıdan gələn 1 noyabr parlament seçkiləri bu mövzunun əhəmiyyətini bir qədər də artırır. Çünki plüralizm demokratik seçki üçün böyük əhəmiyyətə malikdir”.

Seminarda Azərbaycan Mətbuat Şurasının (MŞ) sədr müavini Umud Mirzəyev də çıxış edərək təmsil etdiyi qurumun fəaliyyətindən, medianın seçkiyə münasibətindən danışıb.

Seminarın "Azərbaycan qanunvericiliyi və təcrübəsi üzrə təqdimatlar” bölümündə MSK üzvü Qabil Orucovun "Seçkinin mediada işıqlandırılması: Azərbaycan qanunvericiliyi”, MŞ İdarə Heyətinin üzvü Yadigar Məmmədlinin "KİV-in seçkiqabağı kampaniyada rolu” mövzusunda məruzələri dinlənilib. Seminarın "Seçkinin mediada işıqlandırılmasına dair Avropa standartları” bölümündə isə Avropa Şurasının eksperti Leyla Turcilo "Seçkinin mediada işıqlandırılmasına dair Avropa Şurası standartları və ən yaxşı Avropa təcrübələri” mövzusunda çıxış edib. Çıxışlardan sonra seminar müzakirələr və sual-cavab sessiyası ilə davam etdirilib.

İsmayıl