Mehriban Zeynalova təklif edir ki, iş yerlərində sorğular keçirilsin
İş yerində seksual istismara görə cəzalar sərtləşdirilir və cərimələrin məbləği də artırılır. İnzibati Xətalar Məcəlləsinin 205-ci maddəsinə edilən dəyişikliyə əsasən işəgötürülən işəgötürəndən və ya hər hansı rəhbər işçi tərəfindən seksual istismar, yaxud da təqib və təzyiqlərə məruz qalacağı təqdirdə qarşı tərəf 1500 manatdan 2500 manatadək cərimə olunacaq.
Hazırda isə bu cərimələrin məbləği 70 manatdan 90 manatadəkdir. Bəs cəzaların sərtləşməsi və cərimələrin də artırılması qadınların iş yerində istismarı hallarının qarşısını alacaqmı?
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, Azərbaycanda qadınların iş yerlərində cinsi istismara təhrik edilməsi problem adlandırılacaq səviyyədə deyil:
- Deyə bilmərik ki, bu hal bizdə geniş xarakterlidir. Bəli, bəzi neqativ hallar baş verə bilir, bəzən bizə iş yerlərində cinsi istismar və ya cinsi əlaqəyə təhriklə bağlı müraciət edənlər də olur. Lakin deyə bilmərik ki, belə hallar çoxluq təşkil edir və ya kütləvi xarakterlidir.
Ayrı-ayrı halların baş verməsi zamanı təhrikçinin cəzadan kənar qalmasının əsas səbəbi isə zərərçəkənin hüquq-mühafizə orqanlarına müraciət etməməsi, baş vermiş hadisəni gizlətməsidir.
Hər hansı hüquq pozuntusu, o cümlədən cinsi istismara təhrik zamanı da hər bir insan, həmçinin qadınlar da hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Bununla bağlı qanunlarda heç bir boşluq yoxdur. Şəxs polisə, prokurorluğa müraciət edir, ekspertiza aparılır, qarşı tərəf də yoxlanır və fakt təsdiqlənirsə, təhrikçi şəxs cinayət məsuliyyətinə cəlb edilir. Bu məsələdə çətinlik ondadır ki, mütləq sübut təqdim olunmalı və şahid olmalıdır. Amma istismara məruz qalmış qadın belə müraciət etməyə maraq göstərmir. Yaxud polisə gec müraciət edir. O zaman müraciət edir ki, artıq sübutlar itib. Tutalım, bu, mobil telefona göndərilmiş mesajdır, telefon zəngləridir və sair. Bunun üstündən xeyli vaxt ötüb və sübutları təqdim etmək artıq mümkün deyil. Şahid məsələsində də çətinlik yaranır. İnsanlar şəxsi maraqlarını güdərək, deyək ki, müəssisə rəhbərinə qarşı şahidlik etmək istəmirlər. İş yerini itirmək təhlükəsi var və s. Ona görə də qarşı tərəfi məsuliyyətə cəlb etmək çətinləşir. Ola bilsin ki, cinsi istismara təhrik edilmiş qadın bunu bildiyindən müraciət etməyə həvəsli olmur. Problem burasındadır ki, qadın işini itirməmək üçün əvvəlcə susur, qınaq obyektinə çevriləcəyindən ehtiyat edir. İşdən çıxarılandan sonra, ya da təhriklər intensivləşdikdən sonra müraciət edir. Əslində isə qadın bu proses başlayan andan hüquqlarının müdafiəsinə qalxmalıdır. Belə hallar üçün polis, həmkarlar ittifaqları var. Kollektivdə birlik olmalıdır. Hamı birləşib bu faktı ifşa etməlidir və həmin təhrikçi şəxs də ictimai qınaq obyektinə çevrilməlidir, onun məsuliyyətə cəlb edilməsinə nail olunmalıdır. İstənilən halda müraciətin predmeti olmalıdır. Çünki sui-istifadə hallarının olması da mümkündür”.
Mehriban Zeynalova təklif edir ki, əgər iş yerlərində cinsi istismara təhrik hallarının artdığı hesab edilirsə, yaxşı olar ki, iş yerlərində sorğular keçirilsin: "Qadın susursa, onun problemini həll etmək mümkün deyil”.
M.Zeynalova qeyd etdi ki, qanunvericilik mükəmməl ola bilər. Cəzaların sərtləşməsi, cərimələrin məbləğinin artırılması da müsbətdir. Kimisə belə əməllərindən çəkindirə bilər. Amma əsas məsuliyyət yenə də qadınların üzərinə düşür. Məhz qadın özü hüquqlarının qorunmasına və günahkarın cəzalandırılmasına meyilli olmalıdır:
- Qadın öz şəxsiyyətini - mənliyini üstün tutmalıdır. "Niyə mənə kimsə, lap olsun, direktorum və ya rəhbərlikdəki kimsə, belə bir alçaq təklif etməlidir?” Qadın buna görə həmin adamın cəza almasını tələb etməli və bütün sübutları da təqdim etməlidir. Utanmaq, nədənsə çəkinmək lazım deyil. Qoy, qadına əxlaqsız təklif edən utansın. Amma təəssüf ki, bizim əksər qadınlar hələ də çəkingən davranır, ictimai qınaqdan qorxur, elə bilirlər, bu haqda danışsalar, onlara əxlaqsız qadın kimi baxacaqlar. Əksinə, qadın özündə güc tapıb, rəhbər işçini ifşa etməli və dəlilləri, faktları ortaya qoymaqla hüquqlarının qorunmasına nail olmalıdır. Belədə o qadına əksinə, hamı hörmət edəcək.
Məlahət Rzayeva