"Sanksiyalar Azərbaycan əleyhinə qəbul edilən qərarları daha rahatlıqla qəbul etmək, başqalarını belə ittihamlarla qorxudaraq, Azərbaycanı dəstəkləməkdən çəkindirmək mahiyyəti daşıyır"
"Avropa Şurasının sanksiyaları birbaşa qurumun simasını göstərən nəticədir”.
Bunu "Sherg.az”a Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov daxil olmaqla bir sıra deputatlara qarşı sanksiya tətbiq etməsinə münasibət bildirərkən millət vəkili Fazil Mustafa deyib.
O bildirib ki, bu sanksiyalar birbaşa Səməd Seyidovun şəxsi ilə bağlı deyil:
"Çünki deputata qarşı bu cür ittihamlarla hansısa fakt irəli sürülməsi mümkün deyil. O Avropada ifadə verib və ona qarşı ortaya heç bir fakt qoya bilmirlər. Sadəcə, gümanlara görə, iddialar irəli sürülüb, sanksiya səsləndirilib.
Hədəf olaraq, S.Seyidovun seçilməsində məqsəd Azərbaycan nümayəndə heyətinin zəiflədilməsidir. Bu qondarma ittihamdır və birbaşa Azərbaycan dövlətinin mövqeyinin zəiflədilməsinə xidmət edən addımdır. Həmçinin sanksiya tətbiq edilməsinin arxasında ölkəmizə qarşı olan qüvvələrin həmrəyliyi dayanır. Sanksiyaların tətbiq edilməsində konkret səbəb korrupsiya faktı idisə, sanksiya Ermənistanın keçmiş baş naziri Serj Sarksiyana tətbiq edilməli idi. Halbuki o, qəhrəman kimi qarşılandı. Sonunda isə cinayətkarlardan biri kimi Ermənistanda hakimiyyətdən qovuldu”.
F.Mustafanın fikrincə, sanksiyalar gələcəkdə Azərbaycan əleyhinə qəbul edilən qərarları daha rahatlıqla qəbul etmək, başqalarını belə ittihamlarla qorxudaraq, Azərbaycanı dəstəkləməkdən çəkindirmək mahiyyəti daşıyır:
"Sanksiyaların nəticələrini görəcəyik. Yaxın gələcəkdə Azərbaycan əleyhinə bir neçə qərarın qəbul olunması nəzərdə tutulur. Ermənistanı daha üstün mövqeyə çıxarmaq üçün bu metodlardan istifadə edəcəklər.
Ümumilikdə isə sanksiyalar Avropa Şurası üçün utancverici addımdır. Bu qərarın hər hansı şəkildə təsiredici qüvvəsi ola bilməz. Səməd Seyidov Avropa auditoriyasında kifayət qədər təcrübəli, hazırlıqlı şəxslərdən biridir. Onun Avropa Şurasında Azərbaycanı təmsil etməməsi ölkəmiz üçün ciddi itkidir. İstənilən halda, Azərbaycan nümayəndə heyəti mübarizəni davam etdirməlidir. Avropa Şurasında bu tendensiyanın ifşa olunması üçün təşkilatda mövqeyimizi gücləndirməliyik”.
Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin tərkibinin dəyişməsi barədə iddialara gəlincə, deputat bu barədə məlumatının olmadığını diqqətə çatdırıb:
"Bu Milli Məclisin rəhbərliyi səviyyəsində müzakirə olunur. Hansı formada qərara alınsa, nümayəndə heyəti o formada fəaliyyətini davam etdirəcək. Vaxtaşırı rotasiya qaydasında dəyişikliklər olunur. Yenidən nümayəndə heyətinin tərkibi dəyişdirilə bilər. Amma bu hansı formada ediləcək, bilgim yoxdur”.
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi korrupsiyada adı hallanan AŞPA üzvlərinə qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar Pedro Arqamunta 10 il, digər üzvlər Sezar Florin Preda, Səməd Seyidov və Cordi Xuclaya qarşı 2 il ərzində qüvvədə qalacaq.
Azərbaycan Milli Məclisinin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ona qarşı qurum tərəfindən tətbiq olunan sanksiya ilə bağlı mətbuat konfransı keçirib. Deputat bildirib ki, AŞPA-da sanksiyaya məruz qalan şəxslər Ermənistanın işğalına münasibətdə Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyən deputatlardır.
Aysel Aslan