Səmimi olmaq lazımdır, cənablar!

Dini mahiyyətli sözləri maşının arxasına yazmaqla özlərini göstərirlər
"Əgər sən onu maşın şüşəsinə yazıb, sükan arxasında sürət həddini aşırsansa, Allah sənə necə kömək etsin?"


Avtomobillərin arxa şüşələrində, görünən hissələrində "Allah Məhəmməd, ya Əli, "Ya Əli, ya Zəhra”, "Ya Mehdi”, "Ya Hüseyn” kimi sözlər yazılmasına görə sürücülərin cərimlənməsi məsələsi gündəmə gəlib. "Dini etiqad azadlığı haqqında” qanunda avtomobillərin üzərində dini mahiyyətli yazı və çağırışlar olan sürücülərin cəzalandırılması öz əksini tapıb. Bundan əlavə də, dini yazıların avtomobillərdə qadağan edilməsi məsələsi ilə bağlı onların cərimələnməsi barədə təkliflərin yaxın vaxtlarda qəbul olunacağı da gözləniləndir. Cəmiyyətdə formalaşan rəyə görə, bu addımı kimiləri Allaha, müqəddəslərə olan sevgisindən, hörmətindən dolayı edir, kimiləri bu yolla özünü mövcud təhlükədən sığortalamaq məqsədi güdür, digərləri də sadəcə göstəri xətrinə buna əl atır. Bəzi millət vəkilləri isə bu cür yazıları dini radikalizmin təbliği kimi qiymətləndirir.

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun sözlərinə görə, bu cür insanların çox vaxtı dinə münasibəti səmimi olmur. O, bu cür yazıların insanların şüuruna və psixologiyasına ciddi təsir göstərdiyini bildirib: "Başa düşürük ki, Allahını çox sevir, çox istəyir və bunu yazmaqla bildirir. Ancaq bu hal digər sükan arxasında əyləşən sürücülərin diqqətini yayındıra bilər. Və yaxud onların müəyyən psixoloji durumuna təsir göstərə bilər. Fikrimcə, bu cür şeylərin geniş formada dinlə heç bir anlamı, mənası yoxdur. Əgər sən onu maşın şüşəsinə yazıb, sükan arxasında sürət həddini aşırsansa, Allah sənə necə kömək etsin? Digər bir tərəfdən sürücü həmin yazını avtomobilin arxa şüşəsinə yazır. Əgər öndə, gözünün gördüyü yerdə yazsaydı, hardasa düşünmək olardı ki, sürücü bu yolla özünü çəkindirməyə çalışır. Amma arxa şüşədə yazılan yazını sürücü görmür, arxadakı avtomobillər görür. Demək ki, burda məqsəd yalnız sənin özünü kimlərəsə göstərməyindir. Yəni sən nəyi bildirirsən? Göstərmək istəyirsən ki, bu maşını sürən mömin bir adamdır? Onda bunu yazmağın bir anlamı qalmır. Tam açıq desəm, bu cür insanların dinə çox vaxtı münasibəti tam səmimi olmur. Çünki Allah sevgisi bəndə ilə Allah arasında olan bir bağdır. Nə ehtiyac var ki, bunu qeyri bir bəndə bilsin?”.

E.Rüstəmov hesab edir ki, bəzi dini radikallar bu cür yazılardan istifadə etməklə insanlar arasında iğtişaş da yaradırlar: "Ələlxüsus da, indiki situasiyada bundan radikallar digər insanlar arasında iğtişaş yaratmaq, onlara təsir etmək, günahkar sayılmağa təhrik etmək üçün istifadə edir. Biri bunu edir, digəri görüb fikirləşir ki, maşın kreditdədir, əgər o da bunu yazsa, kreditin pulunu verə biləcək. Və ya dini yazılar yazıb eyni zamanda da sürət həddini aşaraq düşünürlər ki, "Allah məni qoruyacaq”, bu təfəkkürlü insanlardan biz nə gözləyək? Bu cür yolla insanlar özləri özlərini aldadırlar. Aydın məsələdir ki, psixologiyası zəif insanlar belə yazılardan təsirə düşəcəklər. Təbiidir ki, bu özü bir təbliğat vasitəsidir. Belə təbliğat xarakterli hallar narahatedici şeydir və üzərində düşünülməli məsələlərdəndir. Ona qarşı ən azı ictimai qınaq olmalıdır”.

Azərbaycanın milli maraqlarına uyğun olan qərarların hər kəs tərəfindən dəstəklənməsinin zəruri olduğunu vurğulayan ilahiyyatçı-alim Seyid Camal Əzimbəyli bununla belə həmin qərarların qəbulu zamanı cəmiyyətdə din adamlarına qarşı basqı görüntüsü yaradılmasının əleyhinə olduğunu deyib: "Azərbaycanda tolerantlıq, milli-mənəvi, dini dəyərlərə dövlət dəstəyi yüksək səviyyədədir. Amma bəzən bizlər maarifləndirmə işləri görmək, din-dövlət münasibətlərinə dəstək olmaq istəyəndə bilmədən də olsa, bu münasibətlərin daha da zədələnməsinə doğru addım atırıq. Sözün açığı, öz avtomobilinin üzərinə "Allah Məhəmməd, ya Əli”, "Ya Hüseyn” yazan sürücülərin cərimələnməsini doğru addım kimi qəbul edə bilmərəm. Əgər bu yazılar hər hansı bir problem yaratmırsa, insan həyatını təhlükə altında qoymursa, normal qarşılanmalıdır. Din-dövlət münasibətlərində hər zaman dövlətin yanında olan, Azərbaycan dövlətçiliyi uğurunda qanı, canı ilə mücadilə verən biri kimi bu addımın reallaşacağı təqdirdə cərimələnən şəxslərin heysiyyətinə toxunacağını zənn edirəm. Maşın hər bir vətəndaşın şəxsi mülkü olduğu üçün onun üzərinə dini yazılar yazması da onun şəxsi işidir. Bunu dövlətə və dövlətçiliyə qarşı çıxmaq, hansısa çağırışlar etmək kimi dəyərləndirmək doğru olmazdı. Hesab edirəm ki, bu cür qərarların qəbulu zamanı ekspertlərlə məsləhətləşsələr, daha yaxşı olar. Təbii ki, Azərbaycanın milli təhlükəsizliyinə qarşı olan qüvvələrin tamamilə zərərsizləşdirilməsi istiqamətində atılan bütün addımların tərəfdarıyam. Ancaq avtomobilinə dini yazılar yazan insanları cərimələməklə din-dövlət münasibətlərinin möhkəmlənəcəyini zənn edənlər yanılırlar”.

Hər hansı bir dövlətin dini liderinin, dini ədəbiyyatların Azərbaycanda təbliğ edilməsinin yolverilməz olduğunu vurğulayan ilahiyyətçinin sözlərinə görə, "qurunun oduna yaş da yanır” prinsipi ilə hərəkət etmək olmaz: "Dini yazılar və ya şüarlar olan avtomobillərin cərimələnməsi məsələsi hələ heç öz təsdiqini tapmayıb. Ancaq bəzi yerlərdə bunun icrasına başlayıblar. Bu isə vətəndaşlar arasında çox ciddi narazılıqlara səbəb olub. Biz dünən Sumqayıtda olarkən din adamlarından biri dedi ki, övladı maşının şüşəsindəki "Allah Məhəmməd, ya Əli” şüarına görə polis bölməsinə aparılıb və ona həmin şüarları sökmədiyi təqdirdə cərimələnəcəyi barədə xəbərdarlıq edilib. Bu mühiti bilən bir araşdırmaçı kimi deyirəm, aidiyyəti qurumlar cəmiyyəti narazı salacaq qərarların qəbulundan kənar gəzməlidir. Bəzən kiçik bir qığılcım böyük bir alova səbəb ola bilər. Bu cür qıcıqlandırıcı təkliflərə ehtiyac görmürəm. Azərbaycanın mənafeyinə zidd, yad düşüncələri ölkəmizə aşılayan qüvvələrin mərkəzləri bəllidir. Xalqın milli mənafeyini düşünən insanların dini ehtiyaclarına toxunmadan ekstremist qüvvələri yerindəcə zərərsizləşdirib, təhlükəni aradan qaldırmaq lazımdır. Mənim evimdə atamın adını Seyid Bəhrəm Ağa yazmağım o deyil ki, hamını atama tabe olmağa çağırıram. O cümlədən də avtomobilə "Allah, Məhəmməd, ya Əli” kimi yazıların məqsədinin çağırış olmadığına əminəm”.

Şəymən